25 Dekabr 2024, Çərşənbə

Türkiyə Cümhuriyyəti 93 il bundan əvvəl – 1923-cü ildə yaranmışdır.

XX əsrin əvvəllərində Osmanlı imperiyası süqut ərəfəsində idi. Belə bir dövrdə imperiyanın Birinci Dünya müharibəsinə qoşulması onun Antanta dövlətləri tərəfindən məğlubiyyətə uğradılması ilə nəticələndi. Bu məğlubiyyətin nəticəsi olaraq 1918-ci ildə qalib dövlətlərlə Türkiyə arasında Mudros müqaviləsi bağlandı. Bu müqavilə Türkiyəni parçalamaq və onun tarix səhnəsindəki roluna son qoymaq məqsədi daşıyırdı.
Müqavilənin imzalandığı dövrdə Türkiyənin nəzarətindəki ərazilərin bir qismi Antanta tərəfindən tutulmuşdu. İngilis orduları Mosul vilayətini, Antepi, Maraşı, Urfanı, Əskişəhəri işğal etmişdilər. Onlar Anadolu-Bağdad dəmir yoluna, Qara dəniz və Aralıq dənizi limanlarına da nəzarət edirdilər. Fransızlar isə Adana vilayətini ələ keçirmişdilər. İtalyanlar Antalya və Quşadasına daxil olmuş, Konyanı, İspartanı, Bodrumu və Anadolunun digər cənub-qərb rayonlarını işğal etmişdilər. Artıq 1919-cu ilin əvvəllərində Türkiyədə Antanta dövlətlərinə məxsus əsgərlərin sayı 100 min nəfərdən çox idi.
Türkiyəni parçalamaq siyasətinin kökündə dayanan amillərdən biri də burada erməni dövləti yaratmaq idi. Fəallığı artan ermənilər təxribatçı fəaliyyət göstərir, Türkiyənin məhvinə çalışırdılar. Həm daxildəki düşmənlərin ölkəni parçalamaq cəhdləri, həm də 1920-ci ilin avqustunda imzalanmış ədalətsiz Sevr sazişi Türkiyənin dövlətçiliyini və gələcəyini təhlükə altında qoymuşdu. Türk xalqı ədalətsizliklə barışmayaraq 1919-cu ildə ölkədə milli azadlıq mübarizəsinə başladı. Mübarizəyə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlarda uğur qazanmış general Mustafa Kamal rəhbərlik edirdi. Onun rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Qələbənin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermiş, türk xalqına qardaşlıq köməyini əsirgəməmişdir.
1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi. Atatürkün qurduğu Türkiyə Respublikası onun yolu ilə gedərək bu gün bölgədə və dünyada inkişaf etmiş dövlətə çevrilib. Güclü iqtisadiyyatı, qüdrətli ordusu ilə Türkiyə Respublikası hazırda beynəlxalq aləmdə öz mövqeyi olan ölkələrdən biridir.
Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucusunun – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığı hər iki xalqın eyni kökə mənsub olmasından qaynaqlanır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanla Türkiyə arasında əlaqələrə daim üstünlük vermiş, bu əlaqələri “bir millətin iki dövləti” səviyyəsinə qaldırmışdır.
Əsası ulu öndərimiz tərəfindən qoyulan Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. İki qardaş ölkə arasındakı münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir. Həmin səfərlər zamanı yüzlərlə dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır ki, bu da bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi üçün hüquqi baza rolunu oynayır.
Qarşılıqlı səfərlər ölkələrimiz arasında strateji dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu inkişafı, əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Son dövrlər ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması və birgə hərbi təlimlərin keçirilməsi, eləcə də Türkiyənin “G 20”-nin zirvə toplantısına Azərbaycanı dəvət etməsi hər iki ölkənin tarixi əlaqələrinin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Qardaş Türkiyə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da, öz növbəsində, Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”.
Azərbaycan-Türkiyə əlaqələrinin dinamikası Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında tarixən yaranmış münasibətlərdə də öz əksini tapır. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq beynəlxalq Qars müqaviləsinə əsasən Türkiyə Respublikasının Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat vermişdir. Bundan başqa, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, 92 kilometrlik İqdır-Naxçıvan yüksək gərginlikli elektrik xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri zamanı Türkiyə Respublikasının Prezidenti, Baş naziri, xarici işlər naziri və Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirmişdir. Bu görüşlərin nəticəsi olaraq 2010-cu il iyulun 17-də Naxçıvan şəhərində Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz kəmərinin tikintisi barədə niyyət protokolu imzalanmışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında nəqliyyat sahəsindəki əlaqələr də inkişaf etdirilir, İstanbul-­Naxçıvan-İstanbul təyyarə reysi fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanla Türkiyənin əlaqələrinin sarsılmaz olduğunu bildirərək demişdir: “Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız tarixin ən çətin məqamlarında bir-birinə dəstək olmuş, soykök, milli və ortaq dəyərlər qardaş ölkələr arasındakı əlaqələrin əsasını təşkil etmişdir. Milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən “bir millətin iki dövləti” səviyyəsinə yüksəldilən əlaqələrimiz bu gün ölkələrimizin strateji tərəfdaşlığı şəraitində davam etdirilir”.
2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak üçün Naxçıvana gəlməsi, 2012-ci ildə Türkiyə Respublikası xarici işlər nazirinin Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir.
Azərbaycanla Türkiyə arasındakı münasibətlər öz kökünü xalqlarımızın qədim tarixindən götürür. Bu prinsipə əsaslanan ikitərəfli əlaqələrimiz ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf etdiriləcək, strateji tərəfdaşlığımız möhkəmlənəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR