25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının XII konfransı olub.
Konfransda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, 1993-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyevin iştirakı ilə təsis edilən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı son illər həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilib. Hazır­da təşkilat 87 ərazi ilk təşkilatında 10 min 320 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 2 min 975 nəfəri, yaxud 29 faizi qadınlar, 3 min 355 nəfəri, yəni 32,5 faizi gənclərdir. Qurum ötən konfransdan keçən müddət ərzində təşkilati cəhətdən daha da möhkəmlənib. Bu dövrdə partiya sıralarına 380 nəfər yeni üzv qəbul edilib. Onlardan 306 nəfəri gənclər, 148 nəfəri qadınlardır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında hesabat dövründə idarə heyətinin 41, şuranın 14 yığıncağı keçirilib. Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Gənclər Birliyi rayon Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələri ilə birgə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr təşkil edib. Qadınlar Şurasının xətti ilə də bir sıra tədbirlər keçirilib, əlamətdar və tarixi günlər, milli bayramlar qeyd edilib.

Respublikanın ictimai-siyasi və mədəni həyatında xüsusi yeri və rolu olan Yeni Azərbaycan Partiyasının üzvləri hesabat dövründə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində və builki referendumda fəallıqları ilə seçiliblər.
Məruzə ətrafında çıxışlar olub.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, bu gün keçirilən XII konfrans Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümünun qeyd edildiyi günlərə təsadüf edir.
Müstəqil Azərbaycanın 25 illik tarixinin 24 ilə yaxını Yeni Azərbaycan Partiyasının iqtidarı dövrünə təsadüf edir. Ona görə də mübaliğəsiz deyə bilərik ki, bu müstəqillik, onun dayanıqlı olması həm də Yeni Azərbaycan Partiyasının ən mühüm nailiyyətlərindəndir.
Yeni Azərbaycan Partiyasının Naxçıvanda təşəkkül tapması, partiyanın təşkilatlanmasının da məhz buradan başlaması Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatını əhatə edən rayon (şəhər) təşkilatlarının şanlı tarixinin yazılması ilə yaddaqalan olub. 1993-cü ilin 23 yanvar tarixində Şərur rayonunda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, bu tədbirdə ümummilli liderin şəxsən iştirakı ilə ilk addımlarını atan Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı bu gün öz ətrafında 10 320 partiya üzvünü birləşdirir ki, bu da, bütövlükdə, muxtar respublikadakı partiya üzvlərinin beşdə birini təşkil edir. Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı rayonun ictimai-siyasi həyatında çox yaxından iştirak edir. Bu mənada, son 5 ildə, 2011-2016-cı illərdə ölkəmizdə və muxtar respublikada keçirilmiş bütün seçkilərdə Yeni Azərbaycan Partiyası Şərur rayonunda çox yüksək dəstək alıb.
Anar İbrahimov bildirib ki, “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən ölkə Prezidenti və bu siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirən Ali Məclisin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada görülən işlərdə Yeni Azərbaycan Partiyasının üzvləri fəallıq göstərirlər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin tapşırığı ilə və mövcud qanunvericiliyin tələblərinə əsasən, partiyanın ərazi prinsipinə uyğun təşkilatlandırılması üçün bir sıra işlər görülür. Ərazi ilk təşkilatlarının birləşdirilərək azaldılması məhz bu məqsədə xidmət edir. Yeni yaranan, birləşən ərazı ilk partiya təşkilatlarının yerlərdə, xüsusilə də kənd yaşayış məntəqələrində bundan sonrakı səmərəli fəaliyyəti asanlaşacaq, məsuliyyət isə artacaq. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin əsas tapşırıqlarından biri kimi yerlərdə partiyanın fəal insanların təşəbbüs qurumlarına çevrilməsi işi davam etdirilməli, gənclərin, perspektivli insanların fəallığı təmin edilməlidir.
Anar İbrahimov Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının yeni seçiləcək heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Əmir Babayev yenidən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, 29 nəfərdən ibarət şura seçilib.
Şuranın ilk iclasında 15 nəfərdən ibarət idarə heyəti, 3 nəfərlik nəzarət-təftiş qrupu, 18 nəfərlik Qadınlar Şurası və 11 nəfərdən ibarət Gənclər Birliyi seçilib.

Elman MƏMMƏDOV

*   *  *

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının XII konfransında hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmməd­ov bildirib ki, partiyanın təşkilatlanma mərhələsinin ilkin döv­ründə – 30 yanvar 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis konfransı keçirilib. Ümummilli liderin bu konfransda iştirakı və proqram xarakterli çıxışı konfransın iştirakçısı olmuş partiya üzvlərinin yaddaşında indi də yaşamaqdadır.
Diqqətə çatdırılıb ki, Babək rayonunda da tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri sürətlə davam etdirilir, iqtisadiyyatın inkişafına ciddi önəm verilir. Belə tədbirlərdə təşkilatın qeydiyyatında duran partiya fəalları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Qeyd olunub ki, hesabat dövründə partiyanın rayon təşkilatı yuxarı partiya orqanlarının qərar və göstərişlərinin yerinə yetirilməsinə ciddi səy göstərib, bütün imkanlarından istifadə edərək ilk partiya təşkilatları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinə çalışıb. Bu müddət ərzində təşkilatın idarə heyətinin 40, şuranın 16 yığıncağı keçirilib, bu yığıncaqlarda rayon həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Hesabat dövründə 298 nəfər partiya sıralarına qəbul edilib ki, onların 262 nəfəri qadınlar, 216 nəfəri gənclər olub.
Sonra nəzarət-təftiş qrupunun hesabatı və məruzə ətrafında çıxışlar olub.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, konfrans ölkəmiz üçün əlamətdar olan bir dövrdə – müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz vaxtda keçirilir. 24 ildir ki, təsis olunmuş Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişaf edib qüdrətlənməsində mühüm rol oynayıb. Bu təşkilat Yeni Azərbaycan Partiyasının yerlərdə yaradılan ilk təşkilatlarından biridir və onun təsis yığıncağında ulu öndərimiz Heydər Əliyev iştirak edib. Bu gün uğurlu fəaliyyət göstərən rayon təşkilatı öz işində keyfiyyət istiqamətini əsas götürüb.
Çıxışlardan sonra təşkilatın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Konfransın qətnaməsi oxunaraq qəbul olunub.
Sonra 23 nəfərdən ibarət şura seçilib, şura üzvləri sırasından İsa Məmmədov yenidən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri seçilib.
Konfransda təşkilatın 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu, Gənclər Birliyi, Qadınlar Şurası da seçilib.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR