25 Dekabr 2024, Çərşənbə

  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və akademiyanın bir qrup əməkdaşı Naxçıvana səfər edib. Səfər çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə” mövzusunda seminar keçirilib.

Seminardan sonra akademik Urxan Ələkbərovla həmsöhbət olub, təəssüratlarını öyrəndik. Müsahibimiz bildirdi ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə böyük inkişafın təmin olunması, ilk növbədə, muxtar respublikada dövlət idarəçiliyi sahəsində atılan ardıcıl və qətiyyətli addımların, idarəetmənin düzgün təşkil edilməsinin nəticəsidir. Düzgün idarəetmədə başlıca amil olan varisliyin qorunması burada hər bir sahədə özünü büruzə verir. Muxtar respublikaya hər gəlişinizdə böyük dəyişik­liklərin, yeniliklərin şahidi oluruq. Naxçıvan şəhəri ilbəil deyil, günbəgün gözəlləşir, abadlaşır.

Akademik dedi ki, Naxçıvanda bütün sahələrdə innovasiyaların tətbiqi yüksək səviyyədədir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən bütün layihələr yaxşı nəticə verəcəkdir. Sözsüz ki, innovasiyaların ortaya çıxarılması və inkişafı işə təşəbbüskar yanaşan gənclərin, həmçinin ixtisaslı kadrların olmasından asılıdır. Naxçıvana budəfəki gəlişimiz zamanı da şahidi olduq ki, bütün sahələrdə yüksək intellektə malik gənc kadrlara geniş imkanlar yaradılır, yaradıcı təşəbbüslər dəstəklənir. Məncə, qazanılan uğurların səbəblərindən biri də budur. Burada orta məktəb təhsilindən universitetlərə qədərki prosesdə işə təşəbbüskar, innovativ yanaşma təmin edilib.
“Təhsilin səmərəli nəticələrinin əldə olunması bu sahəyə təşəbbüskar yanaşma ilə mümkün olub. Təşəbbüskar tələbə və müəllimlərə sahib olan, ən müasir texnologiyalarla təchiz edilən muxtar respublikanın ali məktəbləri çox səmərəli iş ortaya qoyaraq, yaxşı nəticələr əldə edirlər”, – deyən akademik Urxan Ələkbərov bildirdi ki, bu gün muxtar respublika qarşıda duran strateji vəzifənin öhdəsindən layiqincə gəlib, qədim diyarda sosial-iqtisadi həyat daha da modernləşdirilib və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılıb, davamlı iqtisadi inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi yüksəldilib. Təbii ki, Naxçıvanda bütün sahələrdə müşahidə olunan müasirləşmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların muxtar respublikanın sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. İnnovativ tərəqqinin əsas və həlledici amillərindən biri də insan potensialıdır. Bu gün qədim diyarda dövlət idarəçiliyi sahəsində gənclərin önəmli yerə sahib olması bir daha sübut edir ki, onların potensialından geniş istifadə olunur, gənclər üçün bütün imkanlar yaradılır. Burada hər bir dövlət qulluqçusunun məhsuldar fəaliyyəti üçün də hər cür şərait mövcuddur, bütün dövlət qurumları müasir metodlar və innovasiyalardan maksimum istifadə prinsipi əsasında işləyir. Naxçıvan haqda təəssüratlarımı bircə cümlə ilə ifadə etməli olsaydım, deyərdim ki, Naxçıvan bu sahədə də regionun lideridir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR