Konfransın katibliyi seçildikdən sonra gündəlikdə duran məsələlər elan olunub.
Hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirib ki, təşkilatın X konfransından ötən müddət ərzində rayon partiya təşkilatının sıraları nəzərəçarpacaq dərəcədə genişlənib. X konfransdan keçən müddət ərzində təşkilatın idarə heyətinin 42 iclası keçirilib, bu iclaslarda 84-dən çox məsələ müzakirə edilib. X konfransdan ötən dövrdə Yeni Azərbaycan Partiyası sıralarına 637 nəfər üzv qəbul olunub. Bu gün Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının üzvlərindən 1611 nəfərini gənclər, 2752 nəfərini isə qadınlar təşkil edir.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının qeydiyyatında duran partiya üzvləri ulu öndər Heydər Əliyevin uzun illər üçün müəyyənləşdirilmiş quruculuq siyasətinin bu bölgədə uğurla həyata keçirilməsində fəallıq göstərirlər. Ümummilli liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu bu siyasət hesabına gündən-günə çiçəklənir. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində hər il quruculuq işləri görülür. Təhsil, səhiyyə, mədəniyyət, rabitə müəssisələri, müxtəlif dövlət qurumları üçün yeni binalar inşa olunur, müasir standartlara cavab verən yollar salınır, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır, emal və istehsal müəssisələri, yeni iş yerləri yaradılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Bu proseslərdə partiya fəalları öndə gedirlər.
Qürbət Rzayev deyib ki, bundan sonra da Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı muxtar respublikamızın və eləcə də Ordubad rayonunun daha da çiçəklənməsi yolunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində var qüvvəsini əsirgəməyəcəkdir.
Məruzə ətrafında çıxışlar olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası təsis olunduqdan sonra Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları partiyanın cəmiyyətdəki mövqeyini daha da artırıb, onun ümumxalq partiyası olduğunu təsdiqləyib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının xalqın ən inamlı partiyası olmasını şərtləndirən digər vacib amil partiya sıralarına Azərbaycanın intellektual gənclərinin axınıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının da fəaliyyəti təqdirolunasıdır. Konfranslararası dövrdə rayon təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun müəyyən etdiyi konkret tapşırıqlar əsasında qurmağa çalışıb. Təşkilatın bundan sonra da əsas hədəfi onun cəmiyyətdəki nüfuzunun qorunması, gələcək dövr üçün üzvlərin qəbulu zamanı tələbkarlığın davam etdirilməsi, ən layiqli və ən əsası Ali Məclis Sədrinin qeyd etdiyi kimi perspektivli insanların, xüsusən də gənclərin irəli çəkilməsi olmalıdır. Ərazi prinsipinə görə yenidən təşkilatlandırılan ilk partiya təşkilatları isə yerlərdə onlara yaradılan şəraitdən maksimum istifadə edərək daha aktiv şəkildə partiya siyasətinin həyata keçirilməsinin təbliğatçısı və təşəbbüskarına çevriləcəklər.
Sonda icra katibi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra konfransın qətnaməsi oxunaraq qəbul edilib.
Konfransda təşkilati məsələyə baxılıb. 19 nəfərdən ibarət şura, Qürbət Rzayev Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, 3 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 9 nəfərdən ibarət Gənclər Birliyi, 9 nəfərdən ibarət Qadınlar Şurası seçilib.
Xəbərlər şöbəsi