25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə” mövzusunda elmi seminar keçirilib.

Naxçıvan Muxtar Respublikasının nazirlik, komitə və digər dövlət təşkilatlarında çalışan dövlət qulluqçuları üçün təşkil edilmiş seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında uzun illərdir, sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi əlavə təhsil və müxtəlif mövzularda keçirilən kurslarda muxtar respublikanın da dövlət qulluqçuları iştirak edirlər. Bu günədək muxtar respublika üzrə dövlət qulluqçularından 88-i Dövlət İdarəçilik Akademiyasına əlavə təhsilə göndərilib, 201-i isə “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti”, “Dövlətin sosial siyasəti”, “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti”, “Azərbaycan Respublikasının gənclər siyasəti”, “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” kimi 19 müxtəlif mövzulu kursda iştirak edib. Nəticədə, dövlət qulluqçuları bilik və bacarıqlarını artırıb, Azərbaycanın müasir inkişaf konsepsiyası haqqında geniş məlumata malik olub və səmərəli idarəetmə metodlarına yiyələniblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri “Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə” mövzusunda elmi seminarın da dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rolu olacağına əminliyini bildirib, seminara öz işində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycanın innovativ davamlı inkişaf modeli: uğurlar beynəlxalq təşkilatların sənədlərində (2015-2016)” mövzusunda məruzə edib. Akademik Urxan Ələkbərovun ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların 2016-cı il üçün qiymətləndirmələrinə əsaslanan çıxışı zamanı Azərbaycanın davamlı inkişafını əks etdirən nailiyyətlər, müxtəlif sahələr üzrə göstəricilər monitorda nümayiş olunub.
Akademik ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, ümummilli liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışaraq deyib ki, ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır. Bu strategiyanın reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilməlidir.
Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan Urxan Ələkbərov qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük pri­oriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr edilib. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul edib.
Respublikamızın “Böyük yeddilik” (G7) ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda əldə edilib. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.
Seminarda “Azərbaycan Respublikası inkişafın yeni mərhələsində: beynəlxalq aspektlər” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov vurğulayıb ki, ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkə­miz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlayıb. Bu dövrdə, ilk növbədə, bərpa olunmuş dövlət müstəqilliyimizin əbədiliyi təmin edilib, ölkə daxilində siyasi sabitliyə nail olunub, Azərbaycan fəlakətdən xilas edilib. Ulu öndərin formalaşdırdığı siyasət bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli “Azərbaycan Respublikasının innovativ inkişafında kadr potensialının təkmilləşdirilməsi” mövzusundakı məruzəsində qeyd edib ki, ölkədə kadr potensialı idarəetmə sisteminin ən vacib tərkib hissələrindəndir. Dövlət aparatının təkcə indiki zamanda stabil fəaliyyəti deyil, həmçinin böyük sürətlə dəyişən mühitdə inkişaf imkanlarının təmin olunması da məhz düzgün formalaşdırılmış kadr potensialı ilə bağlıdır.
Rəcəb Rəhimli çıxışında dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, müasir çağırışlara cavab verən kreativ kadr potensialının formalaşdırılması və idarə edilməsi məsələlərinə diqqət çəkib. O, dövlət qulluğu üçün kadr potensialı ilə işin yeni vasitələrindən – qiymətləndirmə, mütəxəssis modelinin formalaşdırılması, tədris pro­qramlarının reallaşdırılması zamanı səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununa üstünlük verilməsi ilə bağlı fikirlərini bildirib.
Məruzələrdən sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov yekun vurub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşları “Naxçıvan” Universiteti ilə tanış olublar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR