25 Dekabr 2024, Çərşənbə

Muxtar respublikamızın artıq həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri Naxçıvanı müasirliyə qovuşdurub. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan Naxçıvan bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib. Elə ona görədir ki, buraya yolu düşənlər şahidi olduqları dəyişikliklərdən təəccüblərini gizlədə bilmirlər. Naxçıvan şəhərini hər kəs üçün cəlbedici edən amillərdən biri də şəhərin abadlığı və təmizliyidir. 

Son illərdə dinindən, dilindən, cəmiyyətdə tutduğu mövqedən və fəaliyyətindən asılı olmayaraq Naxçıvana gələn insanların birmənalı olaraq işlətdiyi ifadələrdən biri də budur: “Naxçıvan çox təmiz şəhərdir”. Bu fikirləri peşə fəaliyyətindən dolayı həm yerli, həm də xarici qonaqların dilindən çox eşitmişik. Bu hal o zaman baş verir ki, gələn qonağın şəhərimizi digər yerlərlə müqayisə etmək imkanı olur və nəticədə, Naxçıvan digərlərindən əsaslı şəkildə fərqlənir.

Mövzuya bir az dərindən yanaşsaq görərik ki, təmizlik məsələsi heç də sıradan bir məsələ deyil. Əgər görülən işlərin hər birinin sonunda insan amili dayanırsa, demək ki, abad və təmiz mühitdə yaşamaq da insanların haqqıdır. Yetər ki, bu haqqı tanıyan və tanıdan bir regionda yaşayasan. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Naxçıvanda abadlıq və təmizliyin ən yüksək səviyyədə qorunmasına heç də asanlıqla nail olunmayıb. Bunun üçün hədəflər və bu hədəflərə doğru ümumxalq yanaşması ortaya qoyulub. Ən əsası isə təmizliyin təmin olunması Naxçıvanda hərtərəfli fəaliyyətin mühüm tərkib hissəsi sayılıb. Harada bir quruculuq tədbiri aparılıbsa, ətrafında abadlıq işləri görülüb, ağaclar əkilib, yaşıllıqlar salınıb, aidiyyəti orqanlar tərəfindən həmin ərazinin təmizliyi diqqət mərkəzində saxlanılıb. Hətta qurucu­luq işlərinin aparılmadığı azsaylı ərazilərdə belə, ətraf mühitin təmizliyi qorunub, elliklə bu işə əmək sərf edilib. Elə bu genişmiqyaslı tədbirlərin nəticəsidir ki, indi muxtar respublikanın hər bir bölgəsində, ən ucqar dağ kəndlərində belə, məişət tullantıları qutularına rast gəlmək mümkündür. Qeyd edək ki, məişət tullantılarının toplanması, çeşidlənməsi və məhv edilməsi heç də həlli asan məsələ deyil. Hətta inkişaf etmiş ölkələrdə də tullantılarla bağlı ortaya çıxan problemlər artıq qlobal xarakter daşımağa başlayıb. Çünki söhbət ətraf mühitin, ekologiyanın mühafizəsindən gedir. Uzağa getməyək, təkcə 2015-ci ildə Naxçıvan şəhərindən daşınan məişət tullantıları həcminin çəkisi 4674,7 ton təşkil edib. Bu da aylıq 390 ton, gündəlik isə 13 tona yaxın məişət tullantısı deməkdir. Nəzərə alaq ki, söhbət yalnız məişət tullantılarından gedir. Dünyada günlük 15-20 ton məişət tullantılarını o qədər də hiss etdirmədən “udan” şəhərlər var.
Onu da vurğulamaq lazımdır ki, Naxçıvanın təmiz şəhər kimi gələcəkdə də qorunması hazırda həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsini təşkil edir. Belə ki, muxtar respublikada məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə tullantı poliqonlarının yaradılması hazır­da icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapıb. Bu sahədə icraçı orqan – Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə verilən məlumatda bildirilir: “Naxçıvan Muxtar Respublikasında məişət tullantılarının çeşidlənməsi, utilizasiya edilməsi üçün tullantı emalı zavodunun tikilməsi ilə əlaqədar ilkin layihələşdirilmə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərinin şimal-qərb istiqamətində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sol hissəsində bərk məişət tullantıları emalı zavodunun tikintisinin aparılması üçün yer seçilmiş, ərazi ekoloji ekspertizadan keçirilmiş və ərazinin ekoloji qiymətləndirilməsinə dair rəy verilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında bərk məişət tullantılarının formalaşması üçün məntəqələrin tikilməsi məqsədilə yerlər seçilmiş və həmin ərazilər aidiyyəti orqanlar tərəfindən xəritələşdirilmişdir. Cari ildə bu istiqamətdə mərhələli olaraq işlər davam etdirilir”.
Yəqin ki, böyük İslam Peyğəmbərinin (s.ə.s.) hədislərində “Təmizlik imandandır” deyimini indiyədək eşitməyən olmayıb. Rəvayətə görə, imanın praktik göstəricilərindən biri məhz insanın özü, geyimi, evi və yaşadığı mühitin təmizliyidir. İslam dinində insanın fərdi, ictimai təmizlik və gigiyenasına aid çoxlu sayda qaydalar mövcuddur. Müsəlman təmiz, pak olmalıdır. “Qurani-Kərim”də buyurulur: “Allah... təmiz, pak olanları sevər!” (“Bəqərə” surəsi, 222) Peyğəmbərimizin hədislərində təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. Təmizlik insanın təbiətlə ortaq xüsusiyyətlərindən biridir. Yaradılışdan təbiət də, insan da pak və təmiz yaradılıb. Əgər yaşadığın mühitdə təmizliyi qorusan, təbiət də bunun əvəzini sənə sağlamlıq bəxş etməklə, gümrah olmaqla ödəyəcək. Məgər yeri süpürən küləkdən, tozu yatıran yağışdan təmizlik dərsi almaq çoxmu çətindir? Sevindirici haldır ki, bu gün Naxçıvan öz təmizliyi və abadlığı ilə çox şəhərlərə nümunədir. “Təmizlik imandandır!” ifadəsi bu gün Naxçıvanın real həyatında öz əksini tapıb. Bu mənada, təmizlik həm də Naxçıvanın iman yoludur.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR