25 Dekabr 2024, Çərşənbə

Avqust ayının 25-də Rusiyanın Sankt-Peterburq şəhərində “Metro” qəzeti hamını heyrətə gətirəcək bir xəbər yaydı: 1947-ci ildə, o vaxtlar Leninqrad adlanan şəhərdə, Moskva prospektində görkəmli rus yazıçısı və filosofu Nikolay Çernışevskiyə heykəl qoyulub. Lakin o vaxtdan indiyədək heykəl, bir dəfə də olsun, təmir edilməyib. Bu ilin avqust ayında heykəl təmir olunmaq üçün götürüləndə inşaatçılar qəbirüstü sinə daşlarına rast gəlirlər. Bunlar hamısı heykəlin ətrafına düzülübmüş. İnşaatçılar əlüstü şəhər Heykəltəraşlıq Muzeyinə xəbər verirlər, çünki heykəlin təmirə aparılmasını bu muzey sifariş etmişdi. Sinə daşları köhnə idi. Ancaq muzey işçiləri bir mərmər sinədaşının üzərində Naxçıvanski familiyasını və ölüm tarixini – 1912-ci ili oxuya biliblər. Onlar ehtimal ediblər ki, bu sinədaşı məşhur general Hüseyn xan Naxçıvanskinin oğlu Nikolayın məzarı üstünə qoyulubmuş.

Həmin muzeyin direktor müavini Nadejda Yefremovanın məlumatından aydın oldu ki, tapılan sinə daşlarını Heykəltəraşlıq Muzeyinə aparacaqlar. Onların yerinə isə oxşar qranitdən hazırlanan sinə daşları qoyulacaq. Daha sonra o deyirdi: “Biz 1913-cü ildə biblioqraf Vladimir Skitov tərəfindən nəşr edilmiş “Peterburq nekropollarını (sərdabələrini)” diqqətlə öyrənsək də ətraflı məlumat əldə edə bilmədik. Biz bunu öyrənməyə çalışacağıq, çox zəhmətli işdir”.

Muzeyin əməkdaşlarının sözlərinə görə, Peterburqda sinə daşlarından istifadə olunmasına tez-tez rast gəlinmir. Heykəltəraşlıq Muzeyinin direktor müavini jurnalistlərə bildirib ki, biz bu tapıntılara çox həssaslıqla yanaşacağıq. Heykəli isə sentyabrın ortalarında öz yerinə qaytaracağıq. Həmin günlərdə Azərbaycanın da internet saytları bu xəbəri paylaşdılar. Hamını bu məsələ çox maraqlandırırdı. Aşkardır ki, hansısa dağıdılmış qəbiristanlıqdan Hüseyn xanın oğlunun qəbirdaşı buraya gətirilib.
Biz oxucuların marağını nəzərə alaraq Nikolay xanın həyatı haqqında məlumat vermək istədik.
Rusiya Dövlət Tarix Arxivində saray qvardiyasının süvari polkunun korneti Xan Nikolay Naxçıvanskinin xidmət siyahısı saxlanılır. Həmin arxiv sənədlərindən məlum olur ki, Xan Nikolay (sənədlərdə belə yazılıb – müəllif) 6 avqust 1891-ci ildə Sankt-Peterburqda məşhur sərkərdə Hüseyn xan Naxçıvanski – Kəngərlinin ailəsində doğulub. Əvvəllər yazdığımız kimi, Hüseyn xan ömrünün sonuna kimi dinini dəyişməyib, müsəlman olaraq qalıb, sənədlərdə də var. O, 1889-cu ildə şair-tərcüməçi və naşir N.B.Herbelin (1827-1883) qızı Sofya Nikolayevna Herbel (Sankt-Peterburq, 1864 – Beyrut, 1941) ilə ailə qurub. Onların bu nikahdan iki oğulları və bir qızları olub. Həmin illərin dini qanunlarına görə, uşaqlar atanın dinində yazıla bilməzdi. Bu səbəbdən onlar sənədlərdə analarının dinlərində yazılıb. Məsləhət görüblər ki, Hüseyn xan dinini dəyişsin. Amma o, bundan qəti imtina edib. Hətta bəzi sənədlərdə Herbelin lüteran olduğu haqda da məlumatlar var. Buna görə də bu yazının müəllifi 2004-cü ildə həmyerlimiz, fəxrimiz, məşhur sərkərdə Hüseyn xan Naxçıvanskinin məzarını hətta lüteran qəbiristanlığında da axtarıb. Qeyd edim ki, mən 10 gün müddətində Sankt-Peterburqun qəbiristanlıqlarını bələdçi ilə axtarmışam. O vaxt mənə dedilər ki, köhnə lüteran qəbiristanlığı dağıdılıb. Görünür, həyatdan çox cavan getmiş Xan Nikolay o qəbiristanlıqda dəfn edilibmiş. Son sözü axtarışlar deyəcək.
Xan Nikolay çar sarayına məxsus paj korpusunda oxuyub. 29 avqust 1904-cü ildə çar sarayının paj korpusuna seçilib. Təlimata əsasən, 9 sentyabr 1904-cü ildə paj korpusuna qəbul edilib.
1 sentyabr 1909-cu ildə paj korpusunun xüsusi kiçik sinfinə dəyişdirilib. 1 sentyabr 1910-cu ildə isə böyük xüsusi sinfə dəyişdirilən Nikolay xan 31 oktyabr 1910-cu ildə artıq kamer-pay idi. Nikolay xan paj korpusunu birinci dərəcə ilə bitirib və 6 avqust 1911-ci ildən saray qvardiyasının kiçik zabiti-korneti kimi hərbi xidmətə başlayıb. Bir vaxtlar atasının da xidmət etdiyi 3-cü eskadronda xidmət edib. Ona təyin edilən maaş və əlavə artım da (il üçün) göstərilib: 720 rubl və əlavə 180 rubl.
Qeyd edək ki, o, korpusda təhsil alarkən həmyaşıdlarından sağlam qaməti və dərin zəkası ilə fərqlənib. Yazılan xatirələrdən məlum olur ki, cıdır meydançalarında əsl süvari kimi at sürürmüş. Onu ötə biləcək və döyüşəcək tay-tuşları oxuduğu qrupda yox imiş.
Hətta kornet kimi fəaliyyətə başlayanda attestasiya sənədində yazılıb: “Zəkalıdır. Fiziki cəhətdən əladır. Xidmətdə yaxşıdır. Əxlaqına söz ola bilməz. Gəlinən nəticə budur ki, ondan əla zabit olacaq”.
Amma, təəssüflər olsun ki, gənc hərbçi faciəli və sirli, müəmmalı şəkildə 2 fevral 1912-ci ildə Sankt-Peterburqda dünyasını dəyişib. Həmin il mart ayının 11-də onun adını hərbçilərin siyahısından siliblər.
Hüseyn xan bir ata kimi böyük oğlunun faciəli ölümünə dərindən kədərlənib. O, bir vaxtlar qardaşları Rəhim xana və Cəfərqulu xana məsləhət görmüşdü ki, çardan icazə alacaq, onlar Araz çayından Qaraçuğun və Böyükdüzün çöllərinə su çəkdirsinlər. Hətta vəsaitin xeyli hissəsinin özünün ödəməsini də yazır­dı... Qardaşlarının da bu işə qoşulmalarını istəyirdi.
Amma çox sevdiyi oğlunun ölümündən sonra ruhdan düşən Hüseyn xan bu müqəddəs arzusunun dalınca gedə bilmir. Elə bu arada onu Riqaya hərbi xidmətə dəyişirlər. Onun özü istəyirdi ki, bir müddət kədər dolu mühitindən uzaqda olsun. Amma dostu knyaz V.N.Orlova 17 aprel 1912-ci ildə yazdığı məktubdan görünür ki, göndərildiyi iş ürəyincə deyilmiş. Hüseyn xan yazır: “Əziz dost, görürsənmi, nə döyüş xidmətləri, nə sülh zamanının xidmətləri, nə də Georgi Xaçı (Rusiyanın ən yüksək hərbi ordeni – müəllif) adamı intriqalardan uzaqlaşdırmır. Taleyin zərbələri bir-birinin ardınca məni izləyir...”
Xan Nikolay Naxçıvanski cəmi 21 il yaşasa da, atası məşhur süvari general Hüseyn xana layiqli oğul olub. Atası onu Naxçıvana da gətirmişdi ki, qoy ulu əcdadlarının yurdunu görsün, unutmasın buralı olduğunu. Xan Nikolayın qəflətən ölümünün səbəbi çar rəsmiləri tərəfindən çox gizlin saxlanılıb. Çünki saray qvardiyasının qanunu belə idi.
Xan Nikolay Naxçıvan Kəngərlilərinə məxsus döyüş qabiliyyəti və bacarığı ilə Rusiya hərb tarixində iz qoymuşdur.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR