25 Dekabr 2024, Çərşənbə

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və akademiyanın bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və həmin il mayın 10-da fəaliyyətə başlayıb. Ulu öndərin sağlığında yaradılan muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar toplanılıb. Hər il minlərlə tamaşaçı muzeyi ziyarət edir.
Sonra qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və bölmənin tərkibində fəaliyyət göstərən, nadir bitkilərin və ağacların qorunduğu “Nəbatat bağı” ilə tanış olublar.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublikanın ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Buna görə də ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Kompleks çoxsaylı turistləri özünə cəlb etməklə yanaşı, həm də son dövrlərdə mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Günün sonuna doğru qonaqlar yerli məhsulların nümayiş etdirildiyi Naxçıvan Biznes Mərkəzində olublar. Məlumat verilib ki, mərkəzdə kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər bir çox çeşiddə yerli məhsullar sərgilənir. Mərkəz eyni zamanda yerli sahibkarların fəaliyyətinin stimullaşdırılmasında, onlara müxtəlif metodik köməkliklərin göstərilməsində əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun və akademiyanın əməkdaşlarının Naxçıvan Muxtar Respublikasına səfəri bu gün də davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR