Naxçıvan Tibb Kollecində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda olub.
Məşğələni giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirib. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən qurtarıb. Ulu öndər ölkədə hökm sürən xaos və anarxiyanı, cəmiyyətdəki iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb, müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf dövrünə qədəm qoyub.
Vurğulanıb ki, müstəqillik illərində bütün sahələrdə olduğu kimi, səhiyyədə aparılan islahatlar da öz bəhrələrini verib, ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahədə böyük nailiyyətlər əldə edilib. Bütün bu uğurlar dahi rəhbərin ideyalarının bəhrələridir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, azadlıq, müstəqillik xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da mürəkkəb və çətin məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolunun danılmaz olduğunu söyləyən Emin Şıxəliyev qeyd edib ki, bəşəriyyətin yetirdiyi ulu öndər Heydər Əliyev kimi nadir dühalar özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Görkəmli dövlət xadiminin çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən dəyərli nümunələrdəndir.
Sonra kollecin tələbələri ümummilli liderimizin həyatı və müstəqil Azərbaycan uğrunda yorulmaz fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Xəbərlər şöbəsi