Keyfiyyətli və fasiləsiz içməli su təminatına nail olunub
Ötən bazar ertəsi nahar fasiləsinə az qalmış mobil telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Cavab verdiyimdə bir xanım Bakıdan, Blue Filters şirkətinin fərdi istifadə üçün təklif etdiyi sutəmizləyici qurğuların tanıtımı ilə əlaqədar zəng etdiyini bildirdi.
Zəng vuran xanıma, – mən sizə Naxçıvandan cavab verirəm, bizdə içməli su problemi…
Sözümü bitirmədən o sanki nə deyəcəyimi bilirmiş kimi məni qabaqladı:
– Naxçıvanda artıq bütün əhali üçün təmizlənmiş su verildiyini bilirik. Bağışlayın, vaxtınızı aldım, – deyib nəzakətlə sağollaşdı.
Və bir dəqiqəlik telefon danışığından sonra yaddaşımda iyirmi il əvvəlin Naxçıvanı yenidən canlandı.
O zaman Naxçıvan şəhər Babək məhəlləsindəki beşmərtəbəli binadakı mənzilimizə təzə köçmüşdük. Bina həmin dövrə görə nisbətən təzə olsa da, ümumən, şəhərimizin hər yerində rast gəlinən və çoxlarının indi də yaxşı xatırladığı bir çox problemlər burda da var idi. Blokadanın yaratdığı çətinliklərlə üz-üzə qaldığımız həmin vaxtlarda tamamən kəsilmiş təbii qaz və adi məişət cihazlarına belə, gücü çatmayan elektrik problemindən əlavə, bir də içməli su qıtlığı vardı. Bilmirəm, həmin vaxtlar su xətlərindən ara-sıra gələn su nə dərəcədə içməyə yararlı idi, amma yaxşı yadımdadır ki, biz sakinlər həmin suyu əldə etmək üçün bir çox vasitəyə əl atırdıq.
O zamanlar gündə bir-iki saat verilən suyu toplayıb saxlamaq üçün zirzəmilərə iri çənlər yerləşdirmək, bu çənlərdə toplanmış suyu yuxarı mərtəbələrə qaldırmaq üçün harda gəldi nasoslar quraşdırmaq adi hala çevrilmiş, iki gündən bir yanıb sıradan çıxan bu nasosların təmirçisini tapmaq müşkülə dönmüşdü. Xülasə, yaşayış binalarının damlarındakı iri su çənlərini və bəzi unutqan sakinlərin şəbəkədə qoşulu saxladığı nasosların doldurub daşdırdığı bu çənlərdən axan suyun aşağı mərtəbədəki evlərə vurduğu zərərləri yada salanda bu gün evimizdə hazır nemət kimi istifadə etdiyimiz sudan ötrü həmin dövrlərdə nə qədər əziyyətlər çəkdiyimizi bir daha xatırlayıram. Bəli, bu, həmin dövr idi ki, işdən evə gələn müəllim, həkim, mühəndis, bir sözlə, hamı Naxçıvanın sərt şaxtasında donmuş su borularının donunu açmaq üçün qolları çırmayıb ailəlikcə səfərbər olur, uşaqdan böyüyə hər kəs belə işlərdə sanki ustalaşırdı. Su çatmayanda qonşudan bir günlüyə alınan 20 litr suyun ən qiymətli pay olduğu həmin dövrdə insanların əsəblərini korlayan belə işlərə görə sərf olunan asudə vaxtı, yaranan mübahisələri və nəhayət, təmiz olmayan suya görə itirilən sağlamlığı indi düşünmək belə, çətindir.
İyirmi il əvvəlki Naxçıvanda su təsərrüfatında mövcud olmuş vəziyyətin təsvirini “Şərq qapısı” qəzetinin 20 yanvar 1994-cü il tarixli nömrəsindəki bir yazıda da görürük. “Buzlaşan küçə” başlığı altında çap olunmuş replikanı oxuyanda Naxçıvan şəhərinin Xan dikindəki çeşmənin suyundan istifadə etmək üçün növbəyə duran sakinlərin yay-qış demədən çəkdiyi əzab-əziyyətlər göz önündə yenidən canlanır. Yazının müəllifi yay aylarında da qızıldan qiymətli hala gələn, qonşular arasında mübahisə və dava-dalaş predmetinə çevrilən çeşmə suyunun qışda hara gəldi axıb gedərək yolları bərbad hala salmasını, küçələrdə donub buzlaşaraq insanlar üçün əlavə problemlər yaratmasını ürəkağrısı ilə qələmə alıb. Ahıl və ortayaşlı naxçıvanlılar indi bu mənzərələri gənclərimizə danışsalar, onlar çətin ki, inanarlar. Amma bu gün ev və həyətlərdə 24 saat axan göz yaşı kimi təmiz suya həsrət qaldığımız belə vaxtlar olub.
Düşünürəm ki, rahat əldə edilən və keyfiyyətli su təminatının həyatımıza və məişətimizə hansı keyfiyyət dəyişiklikləri gətirdiyini görmək üçün keçmişə etdiyimiz ekskurs kifayətdir. İyirmi il əvvəlki belə qayğılı, söz-söhbətli günlər artıq keçmişdə qalıb. Bu gün isə yaxşı olar ki, Naxçıvanda hər bir evə, hər bir fərdi mənzilə verilən yüksəkkeyfiyyətli sudan, onun yaratdığı rifahdan danışaq. Şübhəsiz, muxtar respublikamızda həyata keçirilən belə sosial layihələr ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi və insanların sağlamlığının qorunması istiqamətində reallaşdırılan işlərin mühüm bir hissəsi kimi dövlətimizin həyata keçirdiyi sosial siyasətdə əsas yerlərdən birini tutur. Ölkəmizin gücü, iqtisadi imkanları artdıqca insanların həyat səviyyəsini sürətlə dəyişdirən belə kollektiv rifahların yaradılmasına çəkilən xərclər də artır. Naxçıvanda da əhalinin fasiləsiz, keyfiyyətli içməli su təchizatının yaxşılaşdırılmasına yönəlmiş bu işlər uzun illər davam etmiş su problemini birdəfəlik həll edərək insanların həyat şəraitini xeyli yüksəldib, su əldə olunması üçün vaxt və vəsait itkisinin qarşısını alıb. Halbuki belə itkilər yaxın keçmişdə kifayət qədər olub. Mövzu üzrə apardığımız kiçik araşdırmadan məlum oldu ki, hazırda Naxçıvan şəhərinin gündəlik içməli su tələbatı 15-25 min kubmetr arasındadır. Naxçıvan Şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata əsasən, hazırda şəhərimizdə bir mərtəbədən 15 mərtəbəyədək 229 çoxmənzilli bina və 8600-ə yaxın mənzil vardır. Əgər Naxçıvan şəhəri ətrafındakı minlərlə fərdi evi də buraya əlavə etsək, şəhərimizə verilən təzyiqli suyun hesabına orta hesabla 10 mindən artıq su nasosuna olan tələbatın aradan qalxdığını görərik. Hər birinin sərf etdiyi gücün, təqribən, 500 vatt olduğu belə elektrik cihazlarının alınmasına, onların təmirinə və işlətdiyi enerjinin dəyərinə baxdıqda isə ortaya qənaət və səmərə baxımından çox diqqətçəkici nəticələr çıxır. Deməli, indi, sadəcə, bir neçə səhifədə haqqında danışılan müasirləşmiş su təminatı, əslində, insanların gündəlik həyatını, məişət qayğılarını, sağlamlıq təminatını kökündən dəyişdirən, ailə büdcəsinə qənaət etdirən nəhəng bir layihədir.
2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi məhz belə uğurlu işlərdəndir. Layihə çərçivəsində hər birinin tutumu 10000 kubmetr olan iki ədəd və tutumu 5000 kubmetr olan bir ədəd su anbarı tikilib. Bu mühüm hidroobyekt artıq 100 minə yaxın sakinin yaşadığı Naxçıvan şəhərini fasiləsiz olaraq təmiz su ilə təmin edir. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. 2473 kvadratmetr sahəyə malik sutəmizləyici qurğuda üçqat təmizləmə aparılır, Hollandiya istehsalı olan nanofiltrasiya sistemli membranlar vasitəsilə suyun tərkibində olan hissəciklər 0,001 mikrona qədər təmizlənir. Beləliklə, əldə olunmuş keyfiyyətli içməli su müasir tələbatı ödəməklə yanaşı, elektrik enerjisinə qənaət olunmasına imkan verir. Belə tədbirlər muxtar respublikamızın rayon mərkəzlərində və iri kənd yaşayış məntəqələrində də həyata keçirilir.
Təmiz su ən vacib tələbatlardan biridir. Bir anlığa evdə işığın, istiliyin, təbii qazın və suyun eyni anda kəsildiyini təsəvvür etsək, yaranan ilk zəruri tələbatın məhz su olduğunun sübuta ehtiyacı yoxdur. Bu gün Naxçıvan Muxtar Respublikasının heç bir yerində belə bir vəziyyət yoxdur. Amma yaxın keçmişlə bu günü ayıran qısa zamanda yaranan dəyişikliklərə baxanda indi qapımızın ağzına qədər çəkilib gətirilmiş bu əvəzsiz nemətə verdiyimiz dəyər qədər bu işləri həyata keçirənlərə də minnətdarlığımızı gəlin unutmayaq.
Əli Cabbarov
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür