Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində diplomat rəsmi görüşlər keçirib, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, Naxçıvanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıb.
Səfərin birinci günü qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Diplomat daha sonra Naxçıvan Dövlət Universiteti ilə tanış olub, tələbələr qarşısında Böyük Britaniya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.
Muxtar respublikanın səfalı təbiət guşələrindən olan Batabat yaylağı ilə tanışlıqdan sonra səfir Duzdağ Fizioterapiya Mərkəzində olub.
Səfərin ikinci günündə isə xanım Kerol Meri Krofts “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Hər iki kompleks haqqında məlumatlar alan qonaq daha sonra Naxçıvan Biznes Mərkəzində olub. Məlumat verilib ki, burada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur.
Oktyabrın 21-də Naxçıvandan xoş təəssüratlarla ayrılan xanım Kerol Meri Krofts “Şərq qapısı” qəzetinə müsahibə verib.
Əvvəlcə səfərinin məqsədi barədə danışan səfir deyib:
– Mənim səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə tanışlıq, eyni zamanda Böyük Britaniya ilə muxtar respublika arasında əməkdaşlıq imkanlarını öyrənmək idi. Mən Naxçıvan Dövlət Universitetində oldum, orada ingilis dilinə böyük maraq göstərildiyinə şahidlik etdim. Kollektivlə görüş zamanı müəllim və tələbələr təklif etdilər ki, Britaniya universitetləri ilə ingilis dilində onlayn kursların və ya fənlərin tədrisində birgə əməkdaşlıq edək. Mən eyni zamanda universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ingilis dilində təhsil alan tələbələrin qarşısında çıxış etdim və tələbələrin suallarına cavab verdim.
Naxçıvanla əməkdaşlıq imkanlarının çox geniş olduğunu deyən səfir bildirib ki, biz Naxçıvan şəhərindəki Biznes Mərkəzində nümayiş etdirilən yerli məhsullarla tanış olduq. Gördük ki, burada inşaat materiallarından tutmuş ərzaq, geyim, mebel məhsullarınadək xeyli adda istehsal nümunələri var, eyni zamanda yerli xalça məmulatlarına baxdıq. Bu sahələr üzrə əməkdaşlıq etmək imkanlarını araşdırmaq olar. Bundan əlavə, qeyd etdiyim kimi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları genişdir. Naxçıvana səfərimiz zamanı rəsmilərlə də görüşlərimiz oldu və bildirmək istəyirəm ki, bir-birimizdən öyrənəcəyimiz çox sahələr var.
“Qərb ölkələrində yaşayanlar üçün Şərqdə maraqlı nüanslar tapmaq elə də çətin deyil. Naxçıvanda olduğunuz müddətdə daha çox nə xoşunuza gəldi?” – sualımızı xanım Kerol Meri Krofts belə cavablandırıb:
– Ən çox yaddaqalan buradakı insanların gülərüzlüyü və bizə xoş münasibəti oldu. Naxçıvanda yetişdirilən və istehsal edilən qida məhsulları çox keyfiyyətlidir. Mənə məlumat verdilər, eyni zamanda özüm də şahidi oldum ki, burada istənilən məhsul – limondan duza qədər hər biri təbiiliyi və keyfiyyəti ilə seçilir. Bundan əlavə, biz Duzdağ Fizioterapiya Mərkəzində olduq, mənə çox heyrətamiz təsir bağışladı. Düşünürəm ki, bu mərkəz həmişə mənim üçün xüsusi yaddaqalan olacaq.
Səbuhi Həsənov