Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş konfrans AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə keçirilib.
Elmi-praktik konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, bu il oktyabr ayının 11-də ölkə başçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 13 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq keçirilən konfrans müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının inkişaf yolunu tarixi faktlar və rəqəmlərin dili ilə ifadə etmək məqsədi daşıyır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı fakt və rəqəmlərdə” mövzusunda məruzə edən Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov müstəqillik illərində muxtar respublikamızın keçdiyi sosial-iqtisadi inkişaf yolundan danışıb.
Qeyd olunub ki, müstəqilliyin verdiyi imkanlar hesabına iqtisadiyyat şaxələndirilib, səmərəli məşğulluq təmin edilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin maddi rifah halı yaxşılaşdırılıb. Ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi müstəqilliyimizin ilk illərinə nisbətən 56 dəfə artaraq 2015-ci ildə 2 milyard 467 milyon manatı ötüb. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi isə 42 dəfə artaraq 5581 manat olub. Bu dövrdə sənaye istehsalının həcmi 100 dəfə, əsas kapitala yönəldilən investisiyalar 312 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 10 dəfə, nəqliyyat sektorunda yük daşınması 25 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 112 dəfə, pərakəndə əmtəə dövriyyəsi 35 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 51 dəfə, ixracın həcmi 214 dəfə, əhalinin gəlirləri 57 dəfə, hər bir nəfərə düşən gəlirlər 43 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 25 dəfə artıb.
Bildirilib ki, aparılmış məqsədyönlü tədbirlər nəticəsində, ümumilikdə, ötən dövr ərzində 386 sənaye müəssisəsi fəaliyyətə başlayıb. Əgər müstəqilliyimizin ilk illərində fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 56 olmuşdusa, hazırda bu göstərici 8 dəfə artaraq 442-yə çatıb.
Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlərdən də danışan komitə sədri ötən dövr ərzində muxtar respublikada 4 qəsəbə, 133 kənd mərkəzinin istifadəyə verildiyini deyib, turizm sektorunun inkişafı istiqamətində reallaşdırılan işlərdən, məşğulluğun təmin olunması məsələlərindən geniş bəhs edib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (1991-2016-cı illər)” mövzusundakı məruzəsində qeyd edib ki, Azərbaycanda təhsil sisteminin milli ənənələr, milli-mənəvi və bəşəri dəyərlər zəminində dinamik və məqsədyönlü inkişafı məhz dövlət müstəqilliyinin bərpasından sonra mümkün olub. Müstəqillik illərində Naxçıvanda təhsil müəssisələri üçün yeni binalar tikilərək, mövcud binalar yenidən qurularaq istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Muxtar respublikada yeni məktəblərin tikilməsi, onların texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları və pulsuz dərsliklərlə təmin edilməsi sahəsində ardıcıl iş aparılıb. Ümumiyyətlə, 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada 71946 şagird yerlik 183 ümumtəhsil məktəbi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 26 uşaq musiqi və 3 orta ixtisas təhsili müəssisəsi tikilib və ya yenidən qurulub.
Təhsildəki keyfiyyət dəyişiklikləri ali məktəblərə qəbulda yüksək bal toplayan abituriyentlərin sayında da özünü göstərir. Əgər 1996-cı ildə 500-700 arası bal toplayan abituriyentlərin sayı 5 nəfər olmuşdusa, 2016-cı ildə onların sayı 338 olub.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin məruzəsi isə Naxçıvan Muxtar Respublikasında elmin inkişafı mövzusuna həsr edilib. “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı fakt və rəqəmlərdə” adlı məruzədə qeyd edilib ki, XX əsrin 90-cı illərinin ortalarında ölkə iqtisadiyyatında baş verən müsbət irəliləyişlər elm sahəsində də mühüm dəyişikliklərə səbəb olub. Azərbaycan elminə həmişə hamilik etmiş ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıdandan sonra elmə dövlət qayğısı artıb. Bu illər ərzində Naxçıvan Muxtar Respublikasında elm sahəsinə yüksək dövlət qayğısı göstərilib, onlarla beynəlxalq simpozium və konfranslar keçirilib, AMEA Naxçıvan Bölməsi yaradılıb, elmi kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb.
Qeyd edilib ki, 1995-2015-ci illərdə muxtar respublikada tədqiqatçıların 208 monoqrafiyası, 750-yə yaxın kitabı, 320-dən çox dərslik, dərs və tədris vəsaiti, 18342 məqalə və tezisi nəşr olunub.
Ali Məclis Sədrinin bilavasitə dəstəyi, qayğısı və himayəsi ilə Naxçıvan Muxtar Respublikasının tarixinin, abidələrinin, folklorunun, ədəbi-mədəni mühitinin, biomüxtəlifliyinin, təbii sərvətlərinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılıb, bir sıra ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar çap edilib. Naxçıvanlı tədqiqatçıların yaxından iştirakı ilə 2002-ci ildə “Naxçıvan Ensiklopediyası” nəşr olunub. Bir neçə ildən sonra AMEA Naxçıvan Bölməsi həmin ensiklopediyaya xeyli əlavələr etməklə yenidən işləyib və iki cilddə işıq üzü görüb. “Naxçıvan Abidələri Ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan: tarixi və abidələri” (Azərbaycan və ingilis dillərində), “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (üç cilddə), “Naxçıvan teatrının salnaməsi” (1883-2008-ci illər), Naxçıvan Muxtar Respublikası flora və faunasının “Qırmızı kitab”ları (I və II cildlər), “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: mövcud vəziyyəti və perspektivləri”, “Naxçıvan dialektləri”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan tarixi” (üç cilddə) və başqa nəşrlər elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
İsmayıl Hacıyev deyib ki, elm sahəsindəki bu inkişaf bundan sonra da dövlətimizin yüksək diqqəti və qayğısı ilə davam edəcəkdir. Bunun üçün isə hər bir elm adamı öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir.
Elmi-praktik konfransın sonunda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi