25 Dekabr 2024, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 ok­tyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə bayramı günü kimi qeyd olunur.
Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində bu münasibətlə keçirilən tədbiri agentliyin baş direktoru Yasin Səfərov açaraq ölkəmizdə elektro­energetikanın inkişafından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirib. Muxtar respublikada da bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən danışan Yasin Səfərov bildirib ki, illər öncə fasilələrlə elektrik enerjisi ilə təmin olunan Naxçıvan Muxtar Respublikası bu gün həm də enerji ixrac edən bir məmləkətdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 61,1 faizini təşkil edir.
Vurğulanıb ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də muxtar respublikada iqtisadiyyatın davamlı inkişafına stimul olub. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Regionda mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi və 3,5 meqavat olan Qazançı Su Elektrik stansiyalarının tikintilərinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.

Qeyd olunub ki, muxtar respublikanın energetikləri elektrik enerjisindən səmərəli istifadə olunması, enerji itkisinin minimum səviyyədə saxlanılması və sərfiyyata uyğun enerji dəyərinin ödənişinin təmin olunması üçün səylə çalışırlar. Bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulur, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilir. Hazırda Naxçıvan şəhərində smartkarttipli sayğacların quraşdırılması davam etdirilir.
Agentliyin baş direktoru peşə bayramı münasibətilə energetikləri təbrik edib, gələcək işlərində onlara uğurlar arzulayıb.
Veteran energetiklər adından Nəriman Paşayev həmkarlarını təbrik edib.
Sonra Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları belə yüksək mükafat üçün minnətdarlıqlarını bildiriblər.
Sonda agentlik tərəfindən səmərəli fəaliyyətinə görə bir qrup energetikə pul mükafatları və fəxri fərmanlar, veteranlara hədiyyələr təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR