Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının XI konfransı keçirilib.
Konfransın sədr və katibi seçildikdən, gündəliyi təsdiq edildikdən sonra hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının 21 ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib, həmin təşkilatlarda qeydiyyatda duran 1470 partiya üzvündən 80 nəfər konfransa nümayəndə seçilib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı 1992-ci ildə yaradılıb. Ötən dövr ərzində təşkilat partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutaraq muxtar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edib.
Vurğulanıb ki, hesabat dövründə təşkilat partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasını, xüsusilə gənclərin və qadınların partiya sıralarına qəbul edilməsini diqqət mərkəzində saxlayıb. Bu dövrdə partiya sıralarına 142 nəfər üzv qəbul edilib ki, onların 108 nəfəri gənclər, 30 nəfəri isə qadınlar olub.
Arif Qasımov bildirib ki, bundan sonra da Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı öz işində partiyanın Proqram və Nizamnaməsini, ölkə başçısının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstəriş və tapşırıqlarını əldə rəhbər tutacaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səyini əsirgəməyəcək.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Sədərək kənd ərazi ilk partiya təşkilatının sədr müavini Gülnarə Hüseynova, həmin təşkilatın sədri Ceyhun Əlizadə, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin üzvü Polad Rzazadə, təşkilatın Qadınlar Şurasının sədri Vüsalə Əliyeva, İdarə Heyətinin üzvü, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvü Məmməd Babayev bildirib ki, muxtar respublikamız Heydər Əliyev yolu ilə inamla irəliləyir, inkişafın yeni zirvələrinə doğru uğurla addımlayır. Muxtar respublikanın bugünkü inkişaf və tərəqqisindən Sədərək rayonuna da böyük pay düşüb. Son illər bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib, burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara müasir iş şəraiti yaradılıb, yeni inzibati binalar tikilərək istifadəyə verilib. Bütün bunlar sakinlərin sərhəd bölgəsində qurub-yaratmaq əzmini xeyli yüksəldib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı fəaliyyətə başladığı gündən ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanır, təşkilatın qeydiyyatında duran hər bir partiya üzvü rayonda aparılan quruculuq işlərində yaxından iştirak edir.
İlk partiya təşkilatlarının qeydiyyatında duran Yeni Azərbaycan Partiyasının üzvləri burada həyata keçirilən tədbirlərdə fəallıq göstərir, sədərəklilərin ideya-siyasi cəhətdən maarifləndirilməsi üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Partiya sıralarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır, gənclərin və qadınların partiyada təmsilçiliyinə ciddi önəm verilir. Bu gün Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının qeydiyyatında 1452 nəfər partiya üzvü var ki, onların da 267 nəfəri qadınlar, 380 nəfəri isə gənclərdir. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü partiya məsuliyyətini dərindən başa düşür, onun Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə ciddi əməl edir.
Məmməd Babayev Yeni Azərbaycan Partiyasının hər bir üzvünə ölkəmizin inkişafı naminə həyata keçirdiyi tədbirlərdə, gördüyü işlərdə müvəffəqiyyətlər arzulayıb.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının konfranslararası fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra nəzarət-təftiş komissiyasının hesabatı, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının XI konfransının qərar layihəsi təsdiq edilib.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının 23 nəfərdən ibarət şurası seçilib.
Konfransda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı sədrinin seçilməsi məsələsinə baxılıb. Arif Qasımov yenidən təşkilatın sədri seçilib.
Xəbərlər şöbəsi