Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arxeoloji abidələrlə zəngindir. Ərazidə olan son arxeoloji kəşflər dünya üçün əhəmiyyətlidir, ərazinin qədim mədəniyyəti isə Avrasiyanın qədim tarixi üçün unikal əhəmiyyət kəsb edir. Dəyərli arxeoloji abidələrdən biri Duzdağ mədənidir. (Türk dilində: duz dağı mənasını ifadə edir).
Duzdağ şaxtası Naxçıvan şəhərinin qərb hissəsindən 10 kilometr məsafədə qədim İpək Yolu üzərində olan dağlıq ərazidə yerləşir. Hazırda həmin yol Naxçıvan şəhəri ilə Türkiyə sərhədini birləşdirir. Duzdağ mədəni bu gün də fəaliyyət göstərir. Ağciyər xəstəliyi olan insanlar bu mədəndə spleoterapiya yolu ilə müalicə olunur. Azərbaycanlı mühəndislərin hesablamalarına görə, Duz dağında 150 metr qalınlığında duz qatı var və bu duz qatları bir neçə kilometr ərazini əhatə edir.
Bu gün yük vaqonları Duzdağın dərin mədənlərindən duz qayalarını şaxtanın ətraf ərazisində quraşdırılmış müasir zavoda daşıyır və həmin zavodda toz halına çevirərək yerli və beynəlxalq bazarlara ixrac edir. 1970-ci ildə müasir mədənçilər qazıntı işləri apararkən təsadüfən qədim tunelin divar qalıqlarını görmüş və dağıntı altında qalmış dörd mədənçinin daş alətləri ilə birlikdə dəfn olunduğunu aşkarlamışlar. Alətlərin tədqiqi zamanı məlum olmuşdur ki, uçmuş qədim tunel çox qədim dövrə aiddir. I Kültəpə abidəsinə istinadən demək olar ki, Duzdağ şaxtasından aşkar olunmuş alətlər Orta Tunc dövrünə aiddir.
Professor V.Baxşəliyev apardığı arxeoloji araşdırmalara əsaslanaraq sübut edir ki, bu şaxtalardan duz çıxarılması daha erkən dövrə – Son Eneolit dövrünə təsadüf edir. 2007-ci ildə Fransa-Azərbaycan ekspedisiyası Duzdağda sistemli geoarxeoloji araşdırmalar aparmışdır. Araşdırmalar əsasında digər qırmızı rəngli yataqlar və çöküntülərin əksinə olaraq Duzdağ yamaclarında ağ rəngli gil qatlar və çöküntülər üzərində səpələnmiş yüzlərlə daş alətlər və saxsı qab parçaları tapılmışdır. Orada dağılmış və yaxud uçmuş onlarla dar mədən dəhlizi də aşkar edilmişdir. Aşkar olunmuş bütün mədən dəhlizləri yamacın ağ qatlarına doğru üfüqi xətt üzrə qazılmışdır. Mədən və oradan aşkar olunmuş çoxlu sayda keramika nümunələrinin tarixini müəyyənləşdirmək xüsusi tədqiqat tələb edir. Bu qədim nümunələrin ilkin təhlili göstərir ki, Duzdağda duz çıxarılması, əsasən, Erkən Tunc dövründə xüsusilə fəal olmuşdur. 2006-2007-ci illərdə aparılmış arxeoloji araşdırmalar nəticəsində toplanmış (300 ədəd) qırıq qab parçaları təsdiq edir ki, gil qab nümunələri Kür-Araz mədəniyyəti dövrünə aiddir. Aşkar edilmiş bütün dulusçuluq nümunələri, onlar arasında olan qazan qalıqları torpaq üzərində olduğu üçün və yaxşı qorunmadığından bu qabların Kür-Araz mədəniyyətinin erkən, yaxud son mərhələsinə aid olduğunu müəyyən etmək asan olmamışdır. Boz-qara və qırmızı rəngli müxtəlif növ tipik Naxçıvan qulpları təsdiq edir ki, Duzdağda istehsal Erkən Tunc dövründən başlamışdır.
Bu ərazidə Son Eneolit dövrünə aid qab nümunələri çox azdır (bu dövrə aid yalnız iki ədəd keramika aşkar olunub), lakin saman qarışıq həmin nümunələr təsdiq edir ki, Naxçıvanın bu hissəsi Son Eneolit dövründə çox mühüm əhəmiyyətə malik olmuşdur. Oradan həmçinin Orta Tunc dövrünə aid bir neçə qab nümunələri (üzəri qırmızı gil qatı ilə cilalanmış qara monoxrom boyalı qablar), Son Tunc dövrünə aid çölmək parçaları və az sayda Son Dəmir dövrünə aid saxsı qab nümunələri aşkar olunmuşdur. Araşdırmalar təsdiq edir ki, V minillikdən başlayaraq bu günə qədər Naxçıvan ərazisində olan Duzdağ dağından duz çıxarılır. Duzdağın cənub-qərb yamaclarından aşkar olunmuş bardaq tipli keramika nümunələri Erkən Dəmir dövrünə aiddir. Əlbəttə ki, aşkar olunmuş bu nümunə 2008-ci ilin maraqlı tapıntısıdır və dünyadakı arxeoloji əhəmiyyətinə görə Azərbaycanın bu regionunu son dərəcədə mühüm əraziyə çevirmişdir.
Peter Tase
10.10.2016
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti