25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının materik Azərbaycanla əlaqəsi, əsasən, hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. Stabil olaraq gün ərzində 4 təyyarə reysi həyata keçirilir, xüsusi təqvimlərdə sərnişin sıxlığı yarananda reyslərin sayı 6-ya çatdırılır. Avtobus marşrutlarının sayı da çox deyil: gün ərzində 3-4 reys. İran ərazisindən gerçəkləşdirilən quru nəqliyyatı vaxt itkisi yaratdığından, əhali hava nəqliyyatını üstün tutur və beləliklə, təbii sıxlıq yaranır.
Amma Ermənistanın Naxçıvan ətrafında qurduğu blokadanın yaratdığı problem təkcə 450 min nəfərlik əhalinin Bakı ilə intensiv əlaqəsinin təşkil edilməsiylə bitmir. Həllini gözləyən problemlərdən biri də yük daşımalarının asanlaşdırılmasıdır. Naxçıvanda istehsal olunan məhsulların ixrac məqsədilə daşınması, yaxud əksinə, idxal edilən yüklərin daşınmasını intensivləşdirmək üçün yeni vasitələr axtarılır. Ehtimal olunur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra vəziyyət xeyli dəyişəcək.

Amma muxtar respublika əhalisi bu plan üzərində fokuslaşıb gözləmir. İqtisadiyyatın inkişafı üçün orijinal metod seçilib, blokada şəraitinə uyğunlaşdırılmış inkişaf planı hazır­lanıb. Sakinlər deyirlər ki, Naxçıvanın blokadası, deyildiyi kimi, 1990-cı illərdən, Ermənistan-Azərbaycan müharibəsinin intensivləşməsindən sonra yaranmayıb. Blokada şəraiti qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsindən, nəticədə, Naxçıvan Muxtar Respublikası ilə materik Azərbaycan arasında 45 km enində zolaq yaradılmasından sonra formalaşıb. Beləliklə, 96 ildir ki, davam edən blokada şəraiti həm yerli əhalini, həm də hökuməti bu şəraitə uyğun fəaliyyət göstərməyə vadar edib.
Ciddi çətinliklərə rəğmən sosial-iqtisadi inkişaf proqramları təxirə salınmayıb. Yerli sənaye, kənd təsərrüfatı inkişaf etdirilib. İstehsal daha çox yerli xammal üzərində cəmləşdirilib. Xüsusi yanaşma nəticəsində bu gün muxtar respublikada 360 növdə məhsul istehsal edilməsinə nail olunub. İstehsal edilən məhsullar da, ilk növbədə, yerli əhalinin tələbatının ödənilməsinə yönəldilir. Amma bununla yanaşı, ixrac edilmək üçün nəzərdə tutulan həm təbii məhsullar, həm də istehsal prosesindən keçən mallar var. İqtisadi inkişafın artım tempini təkcə bir faktla göstərmək olar ki, muxtar respublika büdcəsinin icrası üçün ayrılmış dotasiyanın həcmini ilbəil azaltmaq mümkün olub. Ötən illərlə müqayisədə dotasiyaların məbləği, təqribən, 1,5 dəfəyə qədər azalaraq 2016-cı il üçün 282 milyon 350 min manat olub. Diqqət büdcənin daxili mənbələr hesabına tamamlanmasına yönəlib. İstehsal müəssisələri artdıqca, iş yerlərinin də sayı çoxalıb. Təkcə 2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada 1811 yeni iş yeri yaradılıb. Sakinlər deyirlər ki, indi iş axtarmaq, dolanışıq qurmaq üçün artıq Türkiyə və İrana üz tutmağa gərək qalmayıb.
Muxtar respublikanı vəziyyətdən çıxarmaq üçün hazırlanmış proqramlardan biri də turizmin inkişaf etdirilməsidir. Bakıdan gəlmiş KİV nümayəndələri üçün 14-15 oktyabrda təşkil edilən tanışlıq turu nəticəsində şahid olduq ki, muxtar respublika ərazisindəki bütün tarixi-mədəni abidələr yüksək səviyyədə bərpa edilib, turistlərin rahat gəlişi və yerləşdirilməsi üçün bütün tədbirlər alınıb. Əlincə qalası, Əshabi-Kəhf, Möminə xatın türbəsi kimi abidələrin tarixiliyi qorunmaq şərtilə bərpası və abadlaşdırılması tamamlanıb. Statistikaya görə, bu abidələrin ziyarəti üçün təkcə bu ilin 6 ayı ərzində (ilin ilk yarısında) muxtar respublikaya 187 min nəfərdən çox turist gəlib.
Duzdağ Fizioterapiya Mərkəzinin yenidən qurulması xaricdən müalicə məqsədilə gələnlərin də çoxalmasını stimullaşdırıb. Məlumat üçün bildirək ki, tənəffüs yollarının təbii yolla müalicəsini həyata keçirən Duzdağ Fizioterapiya Mərkəzi bənzər fəaliyyətlə məşğul olan dünyanın məşhur 3 müəssisəsindən biridir.
Diqqətçəkən məqamlardan biri də muxtar respublikanın bütün kənd və qəsəbələrində təhsil müəssisələrinin yenidən, modern standartlarla qurulması prosesinin tamamlanmasıdır. Səfər etdiyimiz 16 kəndin hər birində bunun əyani şahidi olduq. Yol infrastrukturunun qurulması da, demək olar ki, tamamlanıb. Məktəb, uşaq bağçaları, poliklinikalar, inzibati binaların təmiri, bərpası və ya yenidən qurulması yol tikintisi ilə paralel aparılıb və proses tamamlanıb. İndi muxtar respublikanın bütün kənd və qəsəbələrinə rahat, yüksək standartlı yollarla getmək mümkündür. Yaşıllaşdırma işlərinə də ciddi önəm verilib. Statistika üçün bildirək ki, 5,5 min kvadratkilometrlik muxtar respublika ərazisinin 90-cı illərdə yalnız 0,6 faizi yaşıllıqla örtülü olubsa, hazırda bu göstərici 12 faizə çatdırılıb. Yaşıllaşdırma işlərinə əlahiddə vəsait cəlb edilmir, bu iş artıq ənənəyə çevrilən iməciliklər vasitəsilə gerçəkləşdirilir. İməciliklər təkcə yaşıllıqların artırılması üçün təşkil edilmir. Ödənişsiz, el gücünə gerçəkləşdirilməsi mümkün olan bütün işlərə könüllü dəstək verilir. Əslində, Naxçıvan üçün xarakterik olaraq göstərilməsi vacib olan məqamlardan biri də məhz budur: vəhdətin təşkil edilməsi. 96 illik blokadanın stimullaşdırdığı proseslərdən biri də xalq-hakimiyyət vəhdətinin möhkəmlənməsidir. Qayda pozan, naxələflik edənləri təkcə qanunlar deyil, həm də ictimai qınaq cəzalandırır.

Müşfiq Ələsgərli
milli.az internet portalı
17 oktyabr 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR