25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan” Universitetində Heydər Əliyev lektoriyasının 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Azərbaycanın müstəqil dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.
Sonra AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.

Görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulub, Azərbaycanda milli-ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib. Dövlət qurucu­luğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Məşğələyə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vurub.

*   *  *

Naxçıvan Müəllimlər İnstitutunda da Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda çıxış edərək bildirib ki, tale Azərbaycana ötən əsrdə iki dəfə müstəqilliyini əldə etməyə imkan versə də, ikinci dəfə bu müstəqilliyin qorunub saxlanılması xalqımızın ümummilli lideri Heydər Əliyevin dərin zəkası, uzaqgörənliyi və xalqımız qarşısında əvəzolunmaz xidmətləri nəticəsində mümkün olub. Qeyd olunub ki, ölkəmizin müstəqilliyinin əsasları dahi şəxsiyyətin uzaqgörənliyi sayəsində hələ ötən əsrin yetmişinci illərində qoyulub. Məhz həmin dövrdən başlayaraq elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə edilib, Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit olunub, milli kadrların hazırlanması üçün mühüm addımlar atılıb.
Bildirilib ki, ötən əsrin sonlarında ulu öndərin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışı bu qədim türk yurdunda müstəqillik ideyalarının inkişaf etdirilməsində mühüm rol oynayıb. Həmin dövrdə Naxçıvanda qəbul edilən tarixi qərarlar müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Vurğulanıb ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alınıb, torpaqlarımızın işğalına son qoyulub. Dahi lider 1994-cü ildə atəşkəsə nail olaraq ölkəmizin inkişafı üçün şərait yaradıb, xalqın gözlədiyi qurtuluş missiyasını reallaşdırıb. Ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycana müstəqilliyi qorumağın nümunəsini, siyasi-iqtisadi sabitlik, hüquqi dövlət quruculuğu, vətəndaş qüruru gətirib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması gənc Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiya etməsində, onun tranzit potensialının artmasında mühüm addım olub. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin edib. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması isə ölkəmizin siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulmasında, hüquqi islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayıb.
Məruzəçi bildirib ki, ötən dövrdə Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ölkəmizin, eləcə də muxtar respublikamızın hərtərəfli inkişafına səbəb olub. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində Naxçıvanın siması xeyli dəyişib, yerli xammala əsaslanan istehsal müəssisələrinin sayı artıb, nəticədə, muxtar respublikanın ixrac potensialı ildən-ilə daha da genişlənir. Bütün bu uğurlar isə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uğurla reallaşdırılan iqtisadi konsepsiyanın təntənəsi, müstəqilliyimizin bəhrələridir.
Tədbirə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli yekun vurub.

*  *  *

Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.

Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.
Məşğələni giriş sözü ilə açan məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov tədbir iştirakçılarını müstəqilliyimizin 25 illiyi münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Vurğulanıb ki, ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, elm və təhsildə böyük uğurlara nail olunub. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.
Məşğələdə Naxçıvan Dövlət Universitetinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edilib ki, 1991-ci il ok­tyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi barədə qəbul edilmiş Konstitusiya Aktı xalqımızın siyasi həyatında tarixi hadisə oldu. Bu sənədlə Azərbaycan 1918-ci ilin 28 mayında istiqlaliyyət qazanmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi və suveren dövlət kimi beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu dünyaya bəyan etdi.
Vurğulanıb ki, müstəqilliyin əldə edilməsi xalqımızın ən böyük sərvətidir və hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Lakin daxildəki çəkişmələr, ermənilərin 1988-ci ildən başladıqları və doxsanıncı illərin əvvəllərindən daha da genişləndirilən işğalçılıq siyasəti dövlətimizin varlığını və suverenliyini sual altına qoydu. Məhz bu zaman xalqımız qarşılaşdığı fəlakətlərdən xilas, nicat yolunu ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə siyasi sabitlik yarandı, bütün sahələr üzrə qurucu­luq işlərinə başlandı. Ulu öndər ölkəni parçalanmaq təhlükəsindən qurtardı, dövlət müstəqilliyimizin əbədi və dönməz olmasını təmin etdi.
Bu illərdə əldə olunan uğurlu nəticələrə nəzər salarkən görürük ki, xalqımız 1993-cü ildə düzgün seçim edib, – deyən Elçin Zamanov məşğələ iştirakçılarının diqqətinə çatdırıb ki, ötən dövrdə müstəqilliyimizin möhkəmlənməsi, xalqın rifah halının yaxşılaşması, ölkənin sosial-iqtisadi inkişafı üçün nə mümkündürsə edilmişdir və edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf sürətinə görə artıq neçə illərdir ki, dünyada yüksək yerlərdə qərar tutur. Qazanılan bu uğurların təməlində ulu öndər Heydər Əliyevin uzun müddətə hesablanmış siyasi-iqtisadi inkişaf proqramı, bu siyasətin ölkə başçısı tərəfindən ardıcıllıqla və yaradıcılıqla davam etdirilməsi dayanır. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan siyasi, sosial-iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanıb. Fəxrlə demək olar ki, artıq Azərbaycan dünya birliyində həm siyasi nüfuzuna, həm iqtisadi gücünə, həm də hərbi potensialına görə öncül yerlərdə dayanır.
Elçin Zamanov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın inkişaf mərhələləri, aparılan məqsədyönlü islahatlar və qazanılan nailiyyətlər barədə də danışıb. Bildirib ki, 20 il bundan əvvəl Naxçıvanda dinamik inkişaf dövrü başlanıb. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin edib. İqtisadiyyatın dinamik inkişafını şərtləndirən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Muxtar respublikamızın hər bir bölgəsini əhatə edən inkişaf bütün sahələrdə özünü göstərir. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində regionda mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər tikilir, yeni istehsal və emal müəssisələri işə salınır, aqrar sahədə uğurlu nəticələrə nail olunur. Bu gün qürur duyuruq ki, ulu öndərin siyasəti sayəsində müstəqilliyi artıq sarsılmaz, dönməz və əbədi olmuş Azərbaycan Respublikasında yaşayır və qurub-yaradırıq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR