25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 13 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”na əsasən­ Heydər Əliyev lektoriyalarının “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələləri keçirilir.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən məşğələni giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən mühüm xidmətlərindən biri dövlət müstəqilliyinin əsaslarının işlənib hazır­lanması, onun yenidən bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi olub. Ötən 25 il ərzində dövlət qurucu­luğu prosesində ən ümdə amal, arzu və niyyətlər gerçəkləşdirilib. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz, siyasi sistemimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, müdafiə qüdrətimiz artıb, mədəniyyətimiz zənginləşib, milli-mənəvi dəyərlərimiz qorunub. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə edib. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütövlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması üçün son dərəcə ağır və çətin dönəmlərdə həyata keçirilən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirib.
Müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışılarkən qeyd olunub ki, bu inkişaf, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.
“Heydər Əliyev ideyaları və müstəqil düşüncəli gənc nəsil” mövzusunda məruzə ilə çıxış edən komitənin Daxili təhlükəsizlik şöbəsinin inspektoru, gömrük xidməti leytenantı Tural Həsənli qeyd edib ki, şəxsiyyəti və fəaliyyəti dövlətimizin atributu, simvolu səviyyəsinə qalxmış ümummilli lider Heydər Əliyevin irsi – vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərlər bütün vətəndaşlarımız üçün həyat məktəbidir. Müstəqil Azərbaycanda müstəqil düşüncəli gənc nəsil də bu gün ümummilli liderin ideyaları ilə böyüyüb inkişaf edir.
Tədbirə komitə sədri Asəf Məmmədov yekun vurub.
Sonda tədbir iştirakçıları “Dahi şəxsiyyət” adlı filmə baxıblar.

* * *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində də Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov açaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş dahi şəxsiyyət ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.
“Naxçıvan” Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusun­­da çıxış edərək bildirib ki, ulu öndərimizin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda milli-ideoloji birliyin təməli qoyulub, müstəqilliyimiz möhkəmləndirilərək əbədi və dönməz xarakter alıb.
Vurğulanıb ki, milli dövlət və ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması, iqtisadiyyatın inkişaf etdirilməsi və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Tədbirə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov yekun vurub.

*  *  *

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda 208-ci məşğələsi keçirilib.
Məşğələdə giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən, bu yolda ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərdən, milli müstəqilliyimizin bugünkü nailiyyətlərindən danışıb. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycan Respublikası ümummilli liderin ideyaları işığında inkişaf etmiş dövlətlər sırasında inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamının əhəmiyyətindən danışan rektor kollektivi bu əlamətdar bayram münasibətilə təbrik edib.
Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev mövzu ilə bağlı geniş məruzə edərək hər bir dövlətin siyasi təzyiqlərdən, iqtisadi asılılıqdan xilas olaraq azad, müstəqil fəaliyyət göstərməsinin zəruriliyindən danışıb, 1918-ci ildə Azərbaycanda yaradılan Şərqin ilk demokratik respublikasının fəaliyyətindən bəhs edib. Bildirilib ki, XX əsrin sonlarında geniş vüsət almış milli azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi kimi tarixi qələbə ilə nəticələndi. Lakin xarici düşmənlərin təsiri ilə ölkədə yaranmış siyasi çəkişmələr, vətəndaş qarşıdurması milli müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı. Məhz belə bir dövrdə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğuna yönəlmiş uzaqgörən siyasəti ilə ölkəmizi bu bəladan xilas etdi, müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxardı. Bununla da, O, Azərbaycanın dövlət müstəqilliyinin banisi və qarantı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdıran dahi şəxsiyyət kimi tarixə düşdü. Bu gün müstəqil Azərbaycan ümummilli liderin ideyalarını rəhbər tutmaqla, qətiyyətli daxili və xarici siyasət yürütməklə möhtəşəm nailiyyətlər qazanmaqdadır. Bunu uzun illər blokadada yaşamasına baxmayaraq, misli­görünməmiş inkişafa nail olan Naxçıvan Muxtar Respublikasının timsalında da aydın görmək olar.
Tədbirdə Azərbaycanın müstəqillik tarixindən bəhs edən slaydlar nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR