25 Dekabr 2024, Çərşənbə

Şərur rayonu

Dünən muxtar respublikamızın bütün rayonlarında müstəqilliyimizin 25 ili böyük coşqu ilə qeyd olunub. İctimaiyyət nümayəndələri ulu ­öndərimiz Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Çünki müstəqilliyimizin qazanılmasına görə ümummilli liderimiz Heydər Əliyevə və bu müstəqillik uğrunda canından keçən şəhidlərimizə borcluyuq.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da müstəqilliyimizin 25 ili qeyd edilib. Şərur şəhərindəki Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın hər yerində aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri şəhər və kəndlərimizin görkəmini əsaslı şəkildə dəyişib, yüzlərlə istehsal və emal müəssisələri işə salınıb, sözün həqiqi mənasında, yeni Naxçıvan qurulub.
Bu inkişafdan Şərur rayonuna da xeyli pay düşüb. Ötən müddət ərzində rayon mərkəzi və 45-ə qədər kənd yeni görkəm alıb, yaşayış məntəqələrində məktəblər, səhiyyə və mədəniyyət müəssisələri tikilib, onların maddi-texniki bazaları gücləndirilib. Yol, rabitə, elektrik və qaz infrastrukturları yenilənib, suvarma qurğuları istismara verilib.
Görülən və həyata keçirilməsi davam etdirilən belə tədbirlər hesabına Şərur bu gün müasir Azərbaycan rayonunun canlı nümunəsinə çevrilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin əbədiliyini təmin etdiyi müstəqilliyimizin bəhrələridir. Ona görə də şərurlular onlara müstəqil dövlətdə yaşamaq kimi böyük bir sərvət bəxş etmiş ulu öndərə daim minnətdardırlar.

 Babək rayonu

Dünən Babək rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsindəki Şəhidlər memorial kompleksinin qarşısına gül dəstələri qoyaraq Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək müstəqil Azərbaycanın banisinin əziz xatirəsini böyük məhəbbətlə anıblar.
Babək rayonunun yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rayon ötən 25 il ərzində böyük bir inkişaf yolu keçib. Kənd təsərrüfatında uğurlar qazanılmasında mühüm əhəmiyyət kəsb edən meliorasiya və irriqasiya sahəsində kompleks tədbirlər həyata keçirilib.
Babək hazırda muxtar respublikada bir sənaye rayonu kimi də tanınır. Burada 40 adda sənaye məhsulu istehsal olunur. Bu gün rayon mərkəzi, kənd yaşayış məntəqələri tikinti-quruculuq tədbirlərinin gur şöləsinə bürünüb.
Babək rayonunda inşa olunan 87 meqavat gücə malik Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərindəki 4,5 meqavat gücündə elektrik stansiyası, həmçinin ötən il istifadəyə verilən Naxçıvan Günəş Elektrik Stansiyası muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Muxtar respublikada Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi rayon əhalisinin gündə­lik yaşayış səviyyəsində, onların maddi rifah halının yaxşılaşmasında, qəsəbə və kəndlərimizin mənzərəsinin dəyişilməsində öz əksini tapır. Bütün bunlar müstəqilliyimizin bəhrələridir.

Ordubad rayonu

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda xalqımızın böyük oğlunun yadigarlarını, müstəqilliyimizin bəhrələrini saymaqla qurtaran deyil. Rayon iqtisadiyyatının inkişaf etdirilməsi, bölgədə yeni iş yerlərinin yaradılması, insan amilinə xidmət edən digər məqsədyönlü tədbirlərin həyata keçirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb. Mənsub olduğu xalqı ürəkdən sevən, onun layiq olduğu səviyyədə yaşamasını təmin edən, insanların problemlərinə həssaslıqla yanaşan dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin qazanılması və möhkəmləndirilməsi naminə atdığı qətiyyətli addımlar ordubadlılar tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanır.
Ordubadlılar dərindən dərk edirlər ki, rayonun inkişafı müstəqilliyimizin qazanılmasından ötən 25 il ərzində görülən genişmiqyaslı işlərin, muxtar respublikada Heydər Əliyev ideyalarının reallaşdırılması nəticəsində mümkün olub.
Dünən rayon ictimaiyyətinin nümayəndələri Ordubad şəhərinin Heydər Əliyev prospektindəki Şəhidlər xiyabanına gələrək şəhid məzarları üzərinə tər qərənfillər düzüblər.
Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki büstü tədbir iştirakçıları tərəfindən ziyarət edilib.

Culfa rayonu

Oktyabrın 17-də Culfa rayon ictimaiyyətinin nümayəndələri Culfa şəhərindəki Şəhidlər abidə kompleksinin və müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Müstəqilliyimizin bəhrələri Culfa rayonunda da görünməkdədir. Ötən dövrdə rayonun yaşayış məntəqələri hədsiz dərəcədə dəyişib, gözəlləşib. 1 şəhər və 22 kənd yaşayış məntəqəsini özündə birləşdirən Culfa rayonunda həyata keçirilən tikinti-quruculuq tədbirləri nəticəsində 19 kənddə kompleks quruculuq işləri görülüb, müasir tələblərə cavab verən 1 rayon Mərkəzi Xəstəxanası, 22 məktəb, 11 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bundan əlavə, rayon mərkəzini kənd yaşayış məntəqələri ilə birləşdirən yollar yenidən qurulub, onlarla hektar sahədə meyvə bağları salınıb, yerli xammala əsaslanan istehsal müəssisələri fəaliyyətə başlayıb. Bu gün muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Həyata keçirilən tədbirlər müstəqilliyimizin qorunub saxlanılmasında əvəzedilməz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsində mümkün olub.

Kəngərli rayonu

Tarixi ədalətin qələbə çaldığı – müstəqilliyimizin bərpa edildiyi gün ərəfəsində Kəngərli rayonunun sakinləri də ulu öndər Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyublar, şəhidlər abidəsini ziyarət ediblər.
2004-cü ildə yaradılan Kəngərli rayonunda görkəmi ilə gözoxşayan 21 inzibati bina çox qısa zamanda tikilib istifadəyə verilib. Rayonun Qıvraq qəsəbəsində, Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala, Yurdçu, Qabıllı, Böyükdüz, Xıncab, Təzəkənd və Yeni Kərki yaşayış məntəqələrində nümunəvi kənd mərkəzləri yaradılıb, yeni inzibati binalar tikilib istifadəyə verilib. Bu binalarda fəaliyyət göstərən bütün təşkilatlar üçün nümunəvi iş şəraiti yaradılıb.
Rayonun yol infra­strukturunda mühüm işlər görülüb, 39,2 kilometrlik Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bütün yaşayış məntəqələrində kənddaxili yollar yenidən qurularaq asfalt örtük salınıb.
Bütün bunlar müstəqilliyin bəhrələri, ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqətin təntənəsidir.

Şahbuz rayonu

Müstəqillik günü Şahbuz rayonunda da qeyd olunub.
Dünən bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri Şahbuz şəhərindəki Şəhidlər abidə kompleksini ziyarət edərək şəhidlərə dərin ehtiramlarını bildirib, abidə önünə tər qərənfillər düzüblər. Sonra müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin Şahbuz şəhərinin mərkəzindəki büstünü ziyarət edən tədbir iştirakçıları xalqımızın bugünkü xoşbəxt həyata qovuşması, ölkəmizin dünya arenasında söz sahibi olmasındakı xidmətlərinə görə dahi rəhbərə öz ehtiramlarını ifadə ediblər.
Müstəqillik illərində Şahbuz qəsəbəsinin böyüyərək şəhər statusu alması, rayonun ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsi, bütün kəndlərə gedən avtomobil yollarının ən yüksək səviyyədə yenidən qurulması, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş kənd və xidmət mərkəzlərinin yaradılması, modern məktəblərin, səhiyyə və mədəniyyət obyektlərinin istifadəyə verilməsi ilə keçilmiş böyük inkişaf yolu dövlət müstəqilliyimizin təkcə bir rayonun sosial-iqtisadi həyatını necə dəyişdirdiyinin qısa xülasəsidir. Ötən illərdə qazandığımız uğurlar məhz ulu öndər Heydər Əliyevin tarixi nailiyyətimiz olan müstəqilliyimizin qorunub saxlanılmasındakı misilsiz xidmətləri sayəsində mümkün olub.

Sədərək rayonu

Müstəqillik qazandığımız ötən 25 il ərzində Sədərək rayonu da böyük bir inkişaf yolu keçib. Bu rayonun yaradılması, rayon ərazisində bir çox yaşayış massivlərinin salınması, inkişafı və tərəqqisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün rayon mərkəzi olan Heydər­abad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulub. Sədərəklilər bu gün ulu öndərimizin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Dünən müstəqilliyimizin qorunub saxlanılması üçün canlarından keçən şəhidlərimiz xatırlanıb, rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Sədərəklilər müstəqilliyimizin əldə olunması və möhkəmləndirilməsində misil­siz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyevin Heydər­abad qəsəbəsindəki büstü önünə gül-çiçək dəstələri qoyublar, ulu öndəri­mizin əziz xatirəsini yad ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR