25 Dekabr 2024, Çərşənbə

Müstəqil bir dövlətə sahib olmaq, öz müqəddəratını və taleyini müstəqil şəkildə təyin etmək bir xalqın əldə edə biləcəyi ən böyük nailiyyətdir. Bir millətin qazana biləcəyi digər nailiyyətlər yalnız müstəqil dövlətə sahib olduqda mümkündür. Təsadüfi deyildir ki, dünyada 5000-ə yaxın xalq mövcud olduğu halda cəmi 200 dövlət var. Çünki Azərbaycan xalqı tarixboyu özünün dövlətçilik ənənələrinə malik olmuş, işğalçılara və imperializmə qarşı mübarizə aparmış və təkcə XX əsrdə iki dəfə öz müstəqilliyini əldə edə bilmişdir.

XX əsrin əvvəllərində elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamında bu barədə deyilir: “Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür”.

XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etmişdir. Bu müstəqillik XX əsrin 80-90-cı illərində dünyada baş verən ictimai-siyasi proseslərin və Azərbaycan xalqının müstəqillik uğrunda əzmkar mübarizəsinin nəticəsi olmuşdur. Məlumdur ki, XX əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ-də siyasi, ictimai, iqtisadi böhran dövrü başlamış, nəticədə isə ittifaq respublikalarında milli azadlıq hərəkatlarının güclənməsinə şərait yaranmışdır. Azərbaycanın müstəqilliyə hazır­lanması isə daha əvvəl, əsrin 70-80-ci illərindən – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən başlamışdır. O zaman ulu öndər böyük uzaqgörənliklə hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərin həyata keçirilməsinə nail olmuş, beləliklə də Azərbaycanın gələcək müstəqilliyi üçün təməlləri hazırlamışdır. Hələ Sovet dövlətinin kifayət qədər güclü olduğu və milli düşüncəli insanlara qarşı barışmaz mövqe nümayiş etdirdiyi bir dövrdə dahi öndərin neçə-neçə Azərbaycan ziyalılarını qoruduğu, onları sovet zindanlarında çürüməkdən xilas etdiyi hamımıza yaxşı məlum olan həqiqətdir. Ümummilli lider Heydər Əliyev təzyiqlərə məruz qalan belə insanları müxtəlif vasitələrlə qorumaqla, yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına nail olmaqla gələcək müstəqil Azərbaycan üçün kadr potensialını hazırlamışdır.

Dövlət müstəqilliyinin təməlləri Naxçıvanda qoyulmuşdur


Hələ 1990-cı ilin iyul ayı idi. Müstəqilliyin elan edilməsinə 1 ildən də artıq müddət qalırdı və hələ o zaman da çoxları SSRİ-nin süquta uğrayacağına, ittifaqın dağılacağına inanmırdı. Ulu öndərin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası dövrünə düşmüşdü. Naxçıvan əsl xilaskarın kim olacağını artıq çoxdan görürdü. Məhz bunun nəticəsi idi ki, keçiriləcək seçkilərdə insanların təkidli tələbləri ilə görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyi irəli sürülmüşdür. 1990-cı il sentyabr ayının 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri keçirilmişdir. Seçkilərin birinci turunda ulu öndərimiz 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçilmişdir. Bu seçim Azərbaycanın gələcək taleyini dəyişəcək bir seçim idi. O zamana qədər, əsasən, ürəklərdə, düşüncələrdə və şüarlarda səslənən müstəqillik amalları tarixi və hüquqi sənədlər üzərinə köçürülmüş oldu. Bu cəhətdən təkcə 1990-cı il noyabr ayının 17-21 tarixlərində keçirilən Naxçıvan Ali Sovetinin sessiyasındakı tarixi qərarları xatırlatmaq kifayətdir: “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” .
Adını çəkdiyimiz birinci qərarla Naxçıvan “sovet” və “sosialist” sözlərindən imtina etmişdir. Bu, nə demək idi? Bu, o demək idi ki, Naxçıvan Azərbaycan üçün və ümumilikdə, ittifaq tərkibindəki digər respublikalar üçün bir presedent yaradırdı. Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Ali Məclis adlandırılmışdır. Sonradan bu addım, ümumilikdə, Azərbaycan səviyyəsində parlamentarizm üçün bir presedentə çevrilmiş və Azərbaycanın Ali Soveti Milli Məclis adlandırılmışdır.
“Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” adlanan ikinci qərar isə XX əsrin əvvəllərində yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ilə XX əsrin sonunda müstəqilliyini əldə edəcək Azərbaycan Respublikasının tarixi varisliyini müəyyən etmişdir. Bundan sonra yeni qəbul olunmuş Dövlət Bayrağı zala gətirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.
1991-ci ilin 14 yanvarında isə Naxçıvan Ali Məclisindəki tarixi çıxışı ilə ulu öndər Naxçıvanın əsarətin bərpası üçün hazırlanmış yeni ittifaq müqaviləsindən imtina etdiyini bəyan etmişdir. Bu müqavilənin təkcə Naxçıvan üçün deyil, ümumilikdə, Azərbaycan üçün nə qədər böyük bir cinayət olduğunu açıq şəkildə bildirmişdir: “Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında cinayət etmək deməkdir. Son üç ildə başımıza gələnlər tam açıq şəkildə göstərdi ki, bizim bu ittifaqdan nicatımız yoxdur”.
Ulu öndər bu çağırışı təkcə Naxçıvan miqyasında deyil, ümumilikdə, ölkə miqyasında da etmişdir. Azərbaycan Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında xalqımızın böyük oğlu Heydər Əliyev ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxmışdır.
1991-ci il sentyabr ayının 3-də ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Naxçıvanın müstəqil Azərbaycan Respublikasının elan edilməsinə gedən yolda daha inamla, daha qətiyyətlə addımlamasına səbəb olmuşdur.
Nəhayətində baş verən proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ali Soveti 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Lakin müstəqilliyin əldə edilməsi ilə iş bitmirdi. İndi qarşıda yeni dövrün tələblərinə uyğun olaraq dövlət idarəçilik sistemini qurmaq, iqtisadi və sosial islahatları həyata keçirmək, Ermənistanın Azərbaycana qarşı yönəlmiş hərbi təcavüzünün qarşısını almaq lazım idi. İnsanları azadlıq uğrunda meydanlara çıxaran çağırışlar mərhələsi bitmişdi. İndi sözdən real əməli fəaliyyətə keçmək lazım idi. Lakin təəssüf ki, nə keçmiş ittifaqdanqalma nomenklatura, nə də yeni qüvvələr bu idarəçiliyi qurmaq, yeni dövrün tələblərinə uyğun iqtisadi, sosial siyasət yürütmək, yaxın və uzaq xariclə münasibətləri qaydasına salmaqla beynəlxalq dəstək əldə etmək, ağır müharibənin şərtlərini Azərbaycanın xeyrinə dəyişmək iqtidarında deyildilər. Və indi təəssüflə xatırlamalı oluruq ki, Azərbaycan üçün qazanılmış müstəqillikdən sonrakı “itirilmiş illər” mərhələsi başlamışdı.


İqtisadi cəhətdən müstəqil olmayan heç bir ölkə siyasi cəhətdən tam müstəqil ola bilməz


Müstəqilliyin siyasi təməlləri olduğu kimi, iqtisadi təməlləri də atılmalıdır. Başqa sözlə desək, iqtisadi müstəqilliyə sahib olmadan siyasi müstəqilliyini elan etmiş heç bir ölkəni gerçək müstəqil ölkə kimi xarakterizə etmək olmaz. Bu səbəbdən də ümummilli lider Naxçıvanda Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən qərarların qəbul edilməsinə nail olmaqla yanaşı, həm də iqtisadi islahatların həyata keçirilməsi üçün məqsədyönlü addımlar atmışdır. İqtisadi islahatlara da Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda başlanılmışdır. 1992-ci il aprel ayının 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmişdir. Bundan əlavə, muxtar respublikada o dövr üçün çox uğurlu hesab edilə biləcək torpaq islahatları aparılmışdır.
Ordun varsa, yurdun var
Ulu Dədə Qorquddan yadigar qalan bir söz var. Deyir ki, torpağı əkməsən qorumağa, qorumasan əkməyə dəyməz. Reallaşdırılan iqtisadi islahatlarla bu torpaq onu əkəcək olan vətəndaşa verilmişdi. Lakin qorunmayan torpağı əkməyə dəyməzdi. Söhbət erməni işğalından və havadarlarının dəstəyi ilə erməni təcavüzündən gedirdi. Qarabağdakı şəhər və rayonlarımızın bir-bir işğal edildiyi zamanda bu acımasız müharibədən Naxçıvan da öz nəsibini alırdı. Ermənilər Naxçıvanın müxtəlif kəndlərinə də hücumlar etməyə çalışır və ən əsası muxtar respublikanı blokada vəziyyətində saxlamaqla mənfur niyyətlərinə nail olmağa cəhd edirdilər. Hələ ki, milli ordunun olmaması, dağılmış imperiyanın işğalçı qoşun hissələrinin Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda varlığını qoruyub saxlaması müstəqilliyimizi sual altında saxlayırdı. Belə bir şəraitdə, 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, oktyabrın 26-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında Naxçıvan Muxtar Respublikası ərazisindəki qoşun hissələrinin statusu haqqında qərar qəbul edilmişdir. 1991-1992-ci illər ərzində aparılmış danışıqlar və nümayiş etdirilmiş möhkəm siyasi iradənin nəticəsi olaraq 1992-ci il avqustun 18-də Rusiya ordusunun hərbi hissələri Naxçıvan Muxtar Respublikasını tərk etmişdir. 1992-ci ilin avqust-sentyabr aylarında isə 41-ci Sərhəd Dəstəsi ləğv edilmiş, ilk milli sərhəd qoşunlarının yaradılmasına da Naxçıvandan başlanılmışdır. 

Müstəqilliyin ideoloji prinsiplərinin müəyyənləşməsi də Naxçıvanla bağlıdır


Ulu öndərin böyük uzaqgörənliyi sayəsində iqtisadi müstəqilliyin də təmin olunması üçün ilkin addımlar atılmışdı. Onun atdığı hər bir addım Azərbaycanımızın qorunmasına yönəlmişdi. Azərbaycanda isə real parçalanma təhlükəsi vardı. Ultra-millətçi və ultra-dinçi ideologiyaların ölkəyə ayaq açması, müstəqil dövlətimizin ideoloji yolunun dəqiq müəyyənləşməməsi bu parçalanmanı daha da sürətləndirirdi. Belə bir məqamda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradılmışdır. Beləliklə, yeni Azərbaycanın yeni ideoloji yolu kimi bu yurdu sevən hər bir insanı sıx birləşdirə biləcək böyük Azərbaycançılıq yolu müəyyənləşdirilmişdir. 

Ana Vətən çağırır...


Burulğanda istiqamətini müəyyənləşdirə bilməyən Azərbaycan adlı gəminin ən sağlam yelkəni Naxçıvan idi. Və artıq batmaq taleyi ilə barışmış Azərbaycan adlı gəmidə olan bütün sərnişinlərin nəzərləri bura – Naxçıvana dikilmişdi. MÜSTƏQİLLİYİMİZİN BÖYÜK MEMARI Heydər Əliyevi Azərbay­can xalqı çağırırdı. Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmaq üçün, Azərbaycanı qurtarmaq üçün 1993-cü ilin iyununda Bakıya qayıtmışdır. Ulu ­öndərin əsasını qoyduğu təməllər üzərində bu gün gerçək siyasi, iqtisadi və ideoloji müstəqilliyini əldə etmiş Azərbaycan və bu müstəqilliyin əldə olunmasındakı misilsiz xidmətlərinə görə qürur duya biləcək Naxçıvan var. Artıq 25 ildir ki, biz müstəqilik və Naxçıvan bu müstəqilliyin gerçək ruhunu daşıyır.
Təməl daşları qədim diyarımız Naxçıvanda qoyulan müstəqillik xalqımızı firavanlığa qovuşdurmuş, Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Müstəqilliyin bəhrələrini ölkəmizin hər yerində görməkdəyik. Ötən 25 il ərzində muxtar respublikada həyatın bütün sahələrində görülən işlərə qısaca nəzər salmaq kifayətdir. Tarix üçün çox da böyük müddət olmayan bu qısa zaman kəsiyində Naxçıvan yenidən qurulmuşdur. Bu dəyişikliyi, bu yeniliyi muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri ilə yanaşı, bütün rayon mərkəzlərində, ucqar dağ və sərhəd yaşayış məntəqələrində görmək olar. Statistik rəqəmlərə baxsaq, görərik ki, bu dövrdə Naxçıvanda 442 sənaye müəssisəsi fəaliyyətə başlamış, üç min altı yüz kilometrdən çox avtomobil yolu, 163 körpü tikilmişdir. Elm və təhsil müəssisələri üçün 300-dən artıq yeni binalar inşa olunmuşdur. 443 mədəniyyət, 160 səhiyyə ocağı öz fəaliyyətini müasir arxitektura üslublu binalarda davam etdirir. Bir rayon yaradılmış, 4 qəsəbə, 133 kənd mərkəzi istifadəyə verilmişdir. 4000-dək istehsal, xidmət və digər infrastruktur sahələri yaradılmışdır. Bütün bunlar isə müstəqilliyin bəhrələridir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli Sərəncamında deyildiyi kimi: “Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR