Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. 410 gəncin izlədiyi film böyük maraq doğurub.
Qeyd edək ki, Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdu. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə getmiş, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşmuş, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak etmiş, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətlər göstərmişdir. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olan Yusif Mirzəyev Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli Fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ceyhun Məmmədov