1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə milli müstəqilliyimiz uzun illərdən sonra yenidən bərpa olundu. Müstəqilliyimiz təhlükə altında olduğu zaman isə ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gələrək Azərbaycanı bəlalardan qurtardı, müstəqilliyimizi əbədi və dönməz etdi.
Bu fikirləri oktyabrın 13-də AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi dönməz və əbədidir” adlı elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.
Akademik bildirib ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olan bir ölkədir. Bu dövlətçilik ənənələrinin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb, lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub.
Azərbaycanın 1993-cü ildə siyasi çəkişmələrə, vətəndaş qarşıdurmasına səhnə olduğunu vurğulayan İsmayıl Hacıyev deyib ki, həmin dövrdə ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik, anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Ölkə tədricən parçalanmaq həddinə çatmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi.
Qeyd olunub ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan 1990-cı illərin əvvəllərində milli müstəqillik hərəkatının beşiyi olub. Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ümummilli liderin siyasi dəst-xəttini rəhbər tutaraq sürətlə inkişaf etməkdədir.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Müstəqilliyə aparan yol”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Dövlət müstəqilliyinin əldə olunması tarixi nailiyyətdir”, şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev və dövlət müstəqilliyinin möhkəmləndirilməsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzularında çıxışlar ediblər.
Çıxışlarda qeyd edilib ki, dahi şəxsiyyət hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman böyük siyasi uzaqgörənliklə gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi baza hazırlayırdı. Azərbaycanın bugünkü inkişaf yolu Onun müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı güclənib, inkişaf edib. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Son 20 ildə iqtisadiyyatın dinamik inkişafını şərtləndirən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, muxtar respublikamızda abadlıq-quruculuq işləri geniş vüsət alıb, Naxçıvan çiçəklənən, dinamik inkişaf edən bir diyara çevrilib.
Konfransa yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, ötən illər ərzində müstəqilliyimiz daha da möhkəmləndirilib, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində məqsədyönlü işlər görülüb. Həyata keçirilən uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz, o cümlədən muxtar respublikamız böyük nailiyyətlərə imza atıb. Bütün bunlar müstəqilliyin və uğurla davam etdirilən alternativsiz siyasi xəttin bəhrələridir. Xalq bu siyasəti yekdilliklə dəstəkləyir. Sentyabrın 26-da ümumxalq səsverməsində (referendumda) seçicilərin böyük əksəriyyətinin Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləməsi də bunun bariz nümunəsidir.
Rauf Əliyev