Müstəqillik qazandığımız ötən 25 il ərzində ölkəmiz siyasi-iqtisadi və sosial baxımdan böyük bir inkişaf yolu keçmişdir. Görkəmli siyasətçilər Azərbaycanın 2003-cü ildən sonrakı dövrünü tərəqqi və nailiyyətlər dövrü kimi qiymətləndirirlər. Çünki Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu illərdə respublikamız möhtəşəm uğurlara imza atmışdır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin quruculuq yolunu zənginləşdirərək davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırmışdır.
Cənab İlham Əliyev 13 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də seçicilərin böyük səs çoxluğu ilə dövlət başçısı seçildikdən sonra verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir. 1993-cü ilin oktyabrında ulu öndərin Prezident seçilməsi 30 ildən artıq xalqına xidmət edən dahi şəxsiyyətin Azərbaycanı düşdüyü ağır bəlalardan çıxarmaq və onun inkişaf yolunu müəyyənləşdirmək iqtidarına malik yeganə lider olmasının, 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi isə onun dahi şəxsiyyətin layiqli davamçısı olması və prezidentlik dövrünə qədər qazandığı böyük xalq etimadının nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Cənab İlham Əliyevin keçdiyi həyat yolu, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun qələbəsini təmin etmişdir. Azərbaycan xalqı cənab İlham Əliyevin diplomatik məharətinə, onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlara yaxşı bələd idi. Məhz cənab İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi.
Cənab İlham Əliyev həm ARDNŞ-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə mükəmməl idarəçilik təcrübəsi qazanmışdı. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu. Beləliklə, öz diplomatik uğurları, xarizmatik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın liderinə çevrilmiş cənab İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsi şəksiz idi. Xalq bu gözləntini reallaşdırdı.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev qısa müddət ərzində ümumxalq etimadı qazanmışdır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Əhalinin sosial rifahı diqqət mərkəzində saxlanılmış, minimum əməkhaqqı və pensiyalar artırılmış, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır.
Görkəmli siyasət xadimlərinin ortaq fikri belədir ki, 2003-cü ildən iqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edilmişdir. Ölkədə sosial-iqtisadi inkişafın davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkədə əlverişli investisiya mühiti və yeni iş yerləri yaratmaq üçün digər sahələrlə yanaşı, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək, sahibkarlıq strukturlarının dövlət köməyi vasitəsilə daha da təkmilləşdirilməsi prioritet vəzifələrdən idi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasirtipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratmışdır.
Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərmişdir. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradılmışdır. Bu gün Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidentinin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-cü ildən bəri yaradılan çoxsaylı yeni iş yerləri işsizliyin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur.
Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu – Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il isə ölkəmiz 40-cı yerdə idi. Bu, böyük nailiyyətdir. Xüsusilə də dünyada böhran yaşanan bir dövrdə bu göstərici tarixi göstəricidir. Konkret faktlara müraciət etsək görərik ki, ölkəmizdə 2016-cı ildə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 1 faizdən, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi isə 8,4 faizdən çox artmışdır. 154 min iş yeri yaradılmışdır. Bunun 121 mini daimi iş yeridir.
Bu illər ərzində Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının başa çatdırılmasıdır. Dövlət başçısı həmin layihələrin reallaşması üçün bütün zəruri addımları atmışdır. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanmışdır. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət ölkəmizin böyük uğurlar qazanmasına xidmət edir. Məqsəd və vəzifələri daim təkmilləşdirilən, elmi əsaslara söykənən xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlığı genişləndirməyə və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirməyə imkan verir. Ötən illər ərzində Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun xeyli artdığını göstərən əsas məqamlardan biri respublikamızın 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Azərbaycan 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Bu iki il ərzində Azərbaycan iki dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
Bu gün Azərbaycan yüksəksəviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırmış, forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda Azərbaycanda görülən işlər, xüsusilə multikulturalizmlə bağlı həyata keçirilmiş tədbirlər yüksək qiymətləndirilmişdir. Beynəlxalq tədbirlər sırasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək lazımdır.
Azərbaycanda böyük idman yarışlarının keçirilməsi də bir ənənə şəklini almışdır. Bakıda keçirilən birinci Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” yarışı bunun əyani ifadəsidir. “Formula-1” qrupunun rəhbərləri də qeyd etmişlər ki, ən gözəl yarış Azərbaycanda keçirilmişdir. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadasına dünyanın 200-ə yaxın ölkəsindən nümayəndələr gəlmişdi.
Bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendumda xalqımız böyük ruh yüksəkliyi ilə iştirak etmişdir. Referendumu yüzdən çox xarici müşahidəçi izləmişdir. Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər. Bu referendum Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəklədiyini, onu özünün şəriksiz lideri kimi gördüyünü bir daha sübut etmişdir.
Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevin düzgün müəyyənləşdirilmiş xarici siyasət kursu Ermənistanı dünyada işğalçı dövlət kimi tanıtmışdır. Bu gün BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlar, həmçinin aparıcı dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirlər. Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatında, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmişdir.
Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində dünyada və Avropada iqtisadi maliyyə böhranı davam etdiyi halda Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunmuş və bu ilin doqquz ayında ümumi daxili məhsul istehsalında artım davam etmişdir. Dünyada mövcud olan vəziyyətlə müqayisədə bu, çox müsbət göstəricidir.
Dövlətin əsas sütunlarından birini təşkil edən ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Azərbaycanda mütəşəkkil, güclü və qüdrətli milli ordunun əsasını qoyan ümummilli liderimizin ideyalarını davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunu prioritet sahə kimi müəyyənləşdirmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi birləşmələrin maddi-texniki bazası daha da gücləndirilmiş, ən müasir texnikalar alınmış, milli müdafiə sənayesi formalaşdırılmışdır. Hazırda Azərbaycan müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması məqsədilə peşəkar zabit korpusunun formalaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin inkişafına yönəlmiş tədbirlər bu istiqamətdə atılan mühüm addım olmuş, kursant və zabit heyətinin hərbi sirlərə dərindən yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrini Cənubi Qafqazda ən güclü orduya çevirmişdir.
Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf xətti Naxçıvan Muxtar Respublikasının timsalında əyani şəkildə özünü göstərməkdədir. Heydər Əliyev quruculuq xəttinin muxtar respublikada uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan bu gün öz inkişafının yeni mərhələsini yaşayır. Bunun nəticəsidir ki, muxtar respublikada 2016-cı ilin yanvar-avqust aylarında 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. 690 milyon 988 min manat həcmində sənaye məhsulu, 266 milyon 35 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-avqust ayları ərzində muxtar respublikada əsas kapitala 628 milyon 260 min manat həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 583 milyon 503 min manatı və ya 92,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Dövlət başçısı müntəzəm olaraq Naxçıvan Muxtar Respublikasına səfərə gəlir, elm, təhsil və mədəniyyət, idman, səhiyyə, sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən obyektlərin açılışında iştirak edir. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamlar imzalamış, Naxçıvanın tarixinə dair yeni elmi araşdırmalar aparılmış, milli dəyərlərin inkişafı, tarixi abidələrin qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bir sözlə, ölkəmizin uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülmüşdür. Oktyabrın 9-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı demişdir: “Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir... Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.
“Şərq qapısı”