Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Bənəniyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd həkim ambulatoriyası, tam orta və musiqi məktəbləri, rayon Suvarma Sistemləri İdarəsi ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ilk partiya təşkilatları sədrlərinin hesabatları dinlənilib.
Qeyd olunub ki, bu gün ölkəmiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, günü-gündən öz müstəqilliyini möhkəmləndirir, inkişafın yeni zirvələrinə doğru uğurla addımlayır. Bu prosesdə muxtar respublikamızın rayon və kəndləri ön sırada gedir.
Belə ki, regionumuzun bugünkü inkişaf və tərəqqisindən Culfa rayonuna və onun kəndlərinə də böyük pay düşüb. Bu sırada Bənəniyar kəndini də xüsusi qeyd etmək lazımdır. Burada kompleks quruculuq tədbirləri aparılıb, kənd müasirliyə qovuşub.
Vurğulanıb ki, təşkilatlar öz fəaliyyətlərini partiyanın Nizamnaməsi və Proqramı, partiyanın yuxarı orqanlarının qərar, göstəriş və təlimatları əsasında qurublar. Ölkədə və muxtar respublikada həyata keçirilən siyasi xəttin təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərən təşkilatlar siyasi-ideoloji işi daim diqqət mərkəzində saxlayır, partiya üzvlərinin siyasi hazırlıq səviyyəsinin yüksəldilməsini, onlarda dövlətçilik əqidəsinin möhkəmləndirilməsini başlıca vəzifələrdən biri hesab edirlər.
İlk partiya təşkilatlarının birillik fəaliyyəti qənaətbəxş hesab olunub, həmin təşkilatların Yeni Azərbaycan Partiyası Bənəniyar kənd ərazi ilk partiya təşkilatında birləşdirilməsi məsələsinə baxılıb, qərar qəbul edilib.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Bənəniyar kənd ərazi ilk təşkilatının 9 nəfərdən ibarət yeni idarə heyəti, təşkilatın sədr və müavinləri, 5 nəfər Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının X konfransına nümayəndə seçilib.
* * *
Həmin gün Yeni Azərbaycan Partiyası Babək Rayon Mərkəzi Xəstəxanası, Şahbuz şəhər ərazi ilk təşkilatlarında da hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda təşkilat sədrlərinin hesabat məruzələri dinlənilib, təşkilatların idarə heyətlərinin üzvləri, sədrləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının konfranslarına nümayəndələr seçilib.
Xəbərlər şöbəsi