Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
Dəmir yolu nəqliyyatının inkişaf dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən başlamışdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn ulu öndərimizin həyata keçirdiyi kompleks tədbirlər digər sahələr kimi, dəmir yolu nəqliyyatının da əsaslı inkişafına təkan vermişdir. O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində elektrikləşmə, müasir rabitə və işarəvermə, dartı qüvvələrinin tətbiqi, lokomotiv və vaqon parklarının yeniləşməsi, yeni xətlərin çəkilişi, stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycanın dəmir yolu təsərrüfatı isə ümumi inkişafdan geridə qalmışdı. Dahi rəhbər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı qısa zaman kəsiyində öz bəhrəsini verdi. Yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi, yeni vağzal binaları inşa olundu. Əgər 1969-cu ilə qədər Azərbaycanda 159 dəmir yolu stansiyası var idisə, qısa müddətdə onların sayı 176-ya çatdırıldı. Bu dövrdə 482,8 kilometr məsafədə yeni dəmir yolu xətləri çəkildi, Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğuları dispetçer mərkəzinə qoşuldu. Həmçinin dəmir yollarının 1284 kilometri tam elektrikləşdirildi.
Naxçıvan dəmir yolu stansiyası bütün dövrlərdə xalq təsərrüfatı yüklərinin və əhalinin daşımaya olan tələbatının vaxtında və təhlükəsiz yerinə yetirilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Muxtar respublikada yük və sərnişin daşımalarına olan tələbatı təmin etmək, xidmətin səviyyəsini yüksəltmək məqsədilə ulu öndərimizin şəxsi təşəbbüsü ilə 1976-cı ildə dəmir yollarının Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülmüş və hərtərəfli fəaliyyəti təmin olunmuşdur. 1988-ci ildə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsi nəticəsində dəmir yolu nəqliyyatında elektrovoz dartısından istifadə olunmuşdur.
Ötən əsrin 90-cı illərində baş verən hadisələr, erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi dəmir yolu şəbəkəsinə də ciddi ziyan vurmuş, 240 kilometrdən artıq dəmir yolu xətti dağıntılara məruz qalmışdır. Nəticədə, Mehri-Kərçıvan sahəsində qatarların hərəkəti dayandırılmış, Naxçıvan Muxtar Respublikasının dəmir yolu ölkədən təcrid edilmiş, muxtar respublika blokada vəziyyətinə düşmüşdür. Blokada şəraitində olmasına baxmayaraq, ümummilli liderimizin gərgin əməyi sayəsində dəmir yolu nəqliyyatı öz fəaliyyətini dayandırmamış, muxtar respublikada daşımaya olan tələbatın ödənilməsinə nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dəmir yolu nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illər ölkəmizdə, eləcə də muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin həcmi daha da artmış, dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər görülmüşdür.
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmış, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, digər inzibati və yardımçı binalar əsaslı təmir olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı”nın uğurla icra olunması muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Son illər Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmış, 2011-ci ildən Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılmışdır. 2014-cü ildə cəmiyyətin İnfrastruktur İdarəsinin inzibati binası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Hazırda Ordubadda sərnişin vağzalı və Yol Sahəsinin inzibati binalarının tikintisi, İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarının əsaslı təmirinin davam etdirilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir.
Yeni avadanlıqların, maşın və mexanizmlərin alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması, vaqonların istismara yararlı vəziyyətdə olması da diqqət mərkəzində saxlanılmış, yük və sərnişin daşımalarının etibarlılığı təmin edilmişdir. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikada nəqliyyatın bu növündən istifadə edənlərin də sayının artmasına səbəb olmuşdur. Bu ilin 9 ayında muxtar respublikada dəmir yolu vasitəsilə 116 min 331 sərnişin və 41 min 529 ton yük daşınmışdır.
Bu il Naxçıvan şəhərində Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılaraq müvafiq razılaşma əldə olunmuşdur. Növbəti mərhələdə isə fəaliyyətə başlayacaq bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dəmir yolunun iqtisadi potensialını xeyli artıracaqdır. İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması da təmin edilmişdir. Belə ki, Saraks üzərindən Orta Asiyaya və Bəndər-Abbas limanına marşrutlar işlənmiş, yükdaşıma tariflərinə güzəştlər olmuşdur. Bunun nəticəsidir ki, cari ilin ötən aylarında Türkmənistan Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə muxtar respublikamıza 53 vaqon – 3383 tondan artıq gübrə gətirilmişdir. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı sahəsində ixtisaslı kadrlara olan tələbatın ödənilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən ali və orta ixtisas məktəblərində müvafiq ixtisaslar “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə hamiliyə verilmişdir. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Dövlət Texniki Kollecində Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə zəruri maddi-texniki baza yaradılmış, Naxçıvan Dövlət Universitetində Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriya istifadəyə verilmişdir. Cari ildə universitetin 8, Texniki Kollecin isə 14 tələbəsi müqavilə yolu ilə yay tətili müddətinə müxtəlif vəzifələrə işə qəbul edilmişdir.
Dəmiryolçular bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə nümunəvi xidmət göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti