Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Üç gün davam edən səfər çərçivəsində diplomat muxtar respublikanın gəzməli-görməli yerləri, təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri, tarixi abidələri ilə tanış olub.
Gennadi Axramoviç əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı qonağa Əshabi-Kəhfin möcüzəli tarixi barədə ətraflı məlumat verilib.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilərək bildirilib ki, bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanış olan qonağa məlumat verilib ki, bu gün dünyanın 12 ölkəsindən 350-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur.
Naxçıvan Avtomobil Zavodunda qeyd olunub ki, bu gün zavodda istehsal olunan avtomobillərə tələbat böyükdür. Zavod yaradıldığı 2008-ci ildən bəri müxtəlif modellərdə 5000-ə yaxın minik avtomobili istehsal edib. Hazırda müəssisənin istehsal etdiyi avtomobillərə Naxçıvandan başqa, Bakıda və ölkəmizin bölgələrində də böyük tələbat vardır.
Heydər Əliyev Sarayı ilə tanışlıqdan sonra regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetinə gələn Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən ali məktəbdə hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri genişləndirilib. Bu gün ali təhsil ocağı dünyanın 50-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir.
Səfir Batabat iqlim-kurort zonası, Şahbuz rayonunda fəaliyyət göstərən “İşgəsu” balıqçılıq təsərrüfatı, Ağbulaq İstirahət Mərkəzi Naxçıvan Günəş Elektrik Stansiyası, Naxçıvan Biznes Mərkəzi, “Gəmiqaya Mineral Suları” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətləri, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olub.
Rauf Əliyev