Naxçıvanın qorunub saxlanılması, ərazi taleyinin və muxtariyyət statusunun müəyyənləşdirilməsində Qars müqaviləsinin əvəzsiz rolu vardır. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələri və Azərbaycanın görkəmli dövlət xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin apardığı qətiyyətli fəaliyyət nəticəsində baş tutmuş və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu qədim diyar həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanmışdır. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan, mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gedişdir.
Bu, Behbud ağa Şahtaxtinskinin eyni zamanda əsl milli siyasətçi və diplomat olmasının da bariz nümunəsidir. Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermiş, nəticədə, bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-in təşkil edilməsi haqqında qərar qəbul edilmişdir.
Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının qüvvədə olduğunu müdafiə edərkən rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə, Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılmış, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 1921-ci il martın 16-da imzalanmışdı. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmişdi.
Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Bu müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər.
Naxçıvanın statusunun bu müqavilədə əks olunması o dövrdə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi dəyərləndirilməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də qeyd etdiyi kimi, əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının, yəni Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də, heç Naxçıvanın muxtariyyəti də lazım deyildi. Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi.
Moskva müqaviləsinin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, bununla həm də onu reallaşdırmaq, yəni Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı həll olunmamış məsələləri, xüsusilə də ərazi problemlərini nizama salmaq məqsədilə yeni konfrans çağırmaq lazım gəldi. Moskva müqaviləsi ilə şərq sərhədlərini müəyyənləşdirən Türkiyə Qarsda da Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilələr imzalamaq istəsə də, Behbud ağa Şahtaxtinskinin “vahid müqavilə bağlanmasının Cənubi Qafqaz respublikaları və Türkiyə üçün qarşılıqlı surətdə faydalı olduğu, inqilabi zərurətin bunu tələb etdiyi” təklifindən sonra Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 1921-ci il oktyabrın 13-də Qarsda müqavilə imzaladı.
Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdir.
Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III Əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “[Naxçıvan ərazisi] Urmiya kəndindən [başlayır], oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində [qurtarır]”.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minmişdir.
Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Qars müqaviləsi müddətsiz imzalanmışdır və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Qars müqaviləsinin ən mühüm tarixi əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan bu müqavilə ilə Naxçıvanı qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul etmişdir. Beləliklə, erməni ekspansionizminin qarşısına sədd çəkilmişdir.
Bir vaxtlar əhalinin müqaviməti, Behbud ağa Şahtaxtinski kimi böyük siyasi xadimlərin sayəsində mövcudiyyətini qoruyan “türk qapısı” Naxçıvan Sovetlər İttifaqının dağılmasından sonra bu dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində varlığını mühafizə etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrlərdə ümummilli liderin 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı Qars müqaviləsi yenidən gündəmə gətirilmişdir.
Naxçıvanın muxtariyyət statusu daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Bu, təbiidir. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. Digər qurumlardan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir.
Naxçıvan muxtariyyətinin xüsusiyyətləri Avropanın müxtəlif dövlətlərarası təşkilatları tərəfindən də yüksək qiymətləndirilərək belə bir modelin çox faydalı olduğu vurğulanmışdır. Naxçıvanın muxtariyyət modeli 2013-cü il oktyabrın 30-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Hazırda muxtar respublikada sosial-iqtisadi problemlərin həlli istiqamətində konkret tədbirlərin görülməsi, zəruri istiqamətlərin müəyyənləşdirilməsi blokada şəraitində yaşayan Naxçıvanın hərtərəfli inkişafına stimul yaradır. Dövlət siyasətinin muxtar respublikamızda məqsədyönlü şəkildə həyata keçirilməsi üçün göstərilən diqqət və qayğı nəticəsində həyatın bütün sahələrində uğurlar və nailiyyətlər əldə olunur.
Emin ŞIXƏLİYEV
tarix üzrə fəlsəfə doktoru