Oktyabrın 12-də muxtar respublikanın yüksək dağlıq ərazilərindəki hərbi hissələrdə xidmət edən şəxsi heyətə yun corab və şərflər təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla əlaqədar avqust ayında keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Digər sahələrlə bərabər, ordu hissələrində də payız-qış mövsümünə hazırlıq daim diqqətdə saxlanılır. Əvvəlki illərdə olduğu kimi, bu il də hərbi hissələrdə xidmət edən heyətin qış mövsümündə isti geyimlə əlavə təminatı üçün 3000 cüt yun corab və 700 ədəd yun şərf toxunması nəzərdə tutulub. Artıq 1184 cüt yun corab və 464 ədəd yun şərf toxunmuş və yüksək dağlıq ərazilərdə xidmət edən heyətə vaxtında çatdırılması üçün bu gün təhvil verilir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev muxtar respublikadakı hərbi hissələrin hərtərəfli qayğı ilə əhatə olunduğunu və torpaqlarımızın etibarlı müdafiə olunduğunu bildirmişdir.
Əsgər Ravid Seyfullayev onlara göstərilən bu qayğıya görə minnətdarlıq etmişdir.
Sonra 1184 cüt yun corab və 464 ədəd yun şərf hərbi hissələrə təhvil verilmişdir.
Xəbərlər şöbəsi