Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Xəyal Bağırov hesabat dövrü ərzində görülmüş işlər barədə danışıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında avanqard rolu günü-gündən artmaqda, nüfuzu yüksəlməkdə, sıraları genişlənməkdədir. Bu da onunla bağlıdır ki, partiya dövlət müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın davamlı inkişafında fəal iştirak edən bir siyasi təşkilatdır.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Ayrınc kənd ərazi ilk partiya təşkilatının qeydiyyatında duran partiya üzvləri hərtərəfli dövlət qayğısı hesabına gündən-günə inkişaf edən rayonun ictimai həyatında üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırlar. 108 nəfər partiya üzvünün qeydiyyatda durduğu təşkilat öz sıralarının vətənpərvər, dövlətçiliyimizə sadiq gənclər hesabına genişləndirilməsini diqqət mərkəzində saxlayır, onların qüvvəsindən səmərəli istifadə edir.
Diqqətə çatdırılıb ki, qarşıdan Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının XI konfransı gəlir. Partiya üzvləri konfransa ciddi surətdə hazırlaşırlar.
Məruzə ətrafında müzakirələrdə partiya fəalları Elman İsmayılovun, Xaliq Abdullazadənin, Nizami Rzayevin çıxışları olub. Çıxışlarda vurğulanıb ki, bu gün Şahbuz rayonu muxtar respublikanın müasirliyə qovuşmuş bölgələrindən biridir. Bu prosesdə Yeni Azərbaycan Partiyası üzvlərinin rolu xüsusi qeyd olunmalıdır.
Yığıncaq iştirakçıları yekdilliklə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Ayrınc kənd ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında 5 nəfərdən ibarət idarə heyəti, təşkilatın sədri və müavini, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının XI konfransına 5 nəfər nümayəndə seçilib.
Xəbərlər şöbəsi