Məhərrəm ayı Hicri təqvimi ilə yeni ilin ilk ayıdır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allah-Taala “Qurani-Kərim”in “Ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zilqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”.
Məhərrəm ayı bərəkət və bolluğun coşduğu bir aydır. Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə çatmaq üçün edilən duaların qəbul olunduğu ay olduğu üçün Peyğəmbərimiz tərəfindən məhərrəm ayı “Allahın ayı” olaraq ifadə edilmişdir.
Aşura günü isə məhərrəm ayının 10-cu günüdür. Aşura gününün Allah məqamında ayrı bir yeri vardır. Bu gündə Ulu Tanrı on peyğəmbərinə on növ mükafat təqdim etmişdir. Bu ayda oruc tutmaq çox savabdır. Məhərrəm ayının digər aylar arasında ayrı bir yeri olduğu kimi, Aşura günü də digər günlər içində daha mübarək və bərəkətli gün kimi bilinməkdədir. “Qurani-Kərim”in “Fəcr” surəsində “On gecəyə and olsun” ifadəsi ilə Ulu Tanrı bu gecələrə and içərək onların üstünlüyünü və bərəkətini bildirmişdir. Peyğəmbərimizin hədislərində də bu günə bu adın verilməsinin hikməti, o gündə Allahın on peyğəmbərinə aşağıda qeyd olunan mükafatları lütf etməsindədir:
1. Allah Musa Peyğəmbərə Aşura günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Musa Peyğəmbəri və qövmünü xilas etmiş, Firon ilə ordusunu sulara qərq etmişdir;
2. Nuh Peyğəmbərin gəmisi Cudi dağının üzərində Aşura günündə dayanmışdır;
3. Yunis Peyğəmbər balığın qarnından həmin gün xilas olmuşdur;
4. Adəm Peyğəmbərin tövbəsi Aşura günü qəbul edilmişdir;
5. Yusif Peyğəmbər qardaşlarının atmış olduğu quyudan Aşura günü çıxarılmışdır;
6. İsa Peyğəmbər o gün dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir;
7. Davud Peyğəmbərin tövbəsi o gün qəbul edilmişdir;
8. İbrahim Peyğəmbərin oğlu İsmayıl Peyğəmbər o gün doğulmuşdur;
9. Yaqub Peyğəmbərin oğlu Yusif Peyğəmbərin həsrətindən bağlanan gözləri o gün görməyə başlamışdır;
10. Əyyub Peyğəmbər o gün şəfaya qovuşmuşdur.
Beləliklə, mənalı və qüdsi hadisələrin ildönümü olan bu mübarək gün və gecə səadət əsrindən bəri müsəlmanlar tərəfindən həmişə qeyd olunmuşdur. Bu günlərdə ibadətə daha çox zaman ayıranlar başqa günlərə nisbətdə daha çox xeyir tapmışlar. Ulu Tanrının bu günlərdə edilən ibadətləri, tövbələri qəbul edəcəyinə dair hədislər mövcuddur.
Məhərrəm ayı və Aşura günü əhli-kitab olan xristian və yəhudilər tərəfindən də müqəddəs sayılarmış. Məhəmməd Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra orada yaşayan yəhudilərin oruclu olduqlarını öyrəndi və “Bu, nə orucudur?” – deyə soruşdu.
Yəhudilər “Bu gün Allahın Musanı düşmənlərindən qurtardığı, Fironu dənizdə boğdurduğu gündür. Musa Peyğəmbər şükür olaraq bu gün oruc tutmuşdur”, – dedilər.
Aşura günü tək əhli-kitab arasında deyil, Nuh Peyğəmbərdən, İslamdan əvvəl – cəhalət dövründə də ərəblər arasında İbrahim Peyğəmbərdən bəri müqəddəs bir gün olaraq bilinmiş və həmin ay oruc tutulmuşdur.
Aşura gününün mənəvi aydınlığı üzərində Kərbəla qaranlığı da görünməkdədir. Hicrətin 61-ci ilinin (miladi 680-ci il) məhərrəm ayının 10-cu günündə Həzrəti Hüseyn 55 yaşında ikən Sinan bin Ənəs adlı bir xain tərəfindən Kərbəlada şəhid edilmişdir. Bu qəddarlıq və zülmün arxasında Əməvi xəlifəsi Yezid, onun Kufə valisi İbni Ziyad dayanır. Yarım əsr əvvəldən Peyğəmbərimiz tərəfindən xəbər verildiyi bu faciəvi hadisə Həzrəti Hüseyni Cənnət gənclərinin əfəndisi olma dərəcəsinə ucaltmışdır.
Müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, Həzrəti Hüseynin həyat və mübarizəsinin yad edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Hüseynin mübarizəsində Vətən sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbərolma hikməti vardır. Bu mübarizə bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Məhəmməd Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu bu ayda, təəssüflər olsun ki, onun nəvəsinə qarşı edilən zülm də məhz bu aya təsadüf etmişdir. Lakin bir məqamı da vurğulamaq gərəkdir ki, illərboyu məhərrəm ayında, xüsusilə də Aşura günündə dinimizlə uyğunlaşmayan bəzi hərəkətlərə yol verməklə müqəddəs günün mahiyyətinin və Həzrəti Hüseyn məktəbinin qeyd olunan əsl məqamlarından kənarda qalmışıq. Aşura günündə ediləcək ən yaxşı ibadətlər oruc tutmaq, İmam Hüseyn məktəbinin və şəhadətinin əsl mahiyyətini öyrənməyə çalışmaq, bütün şəhidlərimizin ruhunu bir daha yad etməkdən ibarətdir.
Həzrəti Hüseyn şəhidlik mükafatının ən uca mərtəbəsinə çatmışdır. Qədər hökmünə inanan hər bir mömin bu hadisəyə kədərlənər, ancaq etiqadını və soyuqqanlılığını itirməz; duyğular səhvlərə, özünə və digərlərinə qarşı şiddətə aparmamalıdır. Çünki meydana gələn bütün hadisələr əzəli təqdirin bir hökmüdür. Bu baxımdan bunu yas mərasimi halına çevirmək dinimizin etiqad və inancına ziddir.
Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası Dini
Qurumlarla İş üzrə İdarəsinin rəisi