Portuqaliyanın Azərbaycan Respublikasında nümayəndəliyinin müvəqqəti işlər vəkili “Şərq qapısı” qəzetinə müsahibə verib. Muxtar respublikaya ilk dəfə səfər edən qonaq regionun inkişafını yüksək qiymətləndirib və Naxçıvanda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirib. Əvvəlcə səfərinin məqsədi barədə danışan Mariya Joao Lopes Kardoso deyib:
– Mən Azərbaycanın bir sıra bölgələrinə səfər etmək niyyətindəyəm. Həmin bölgələrdən tarixi əhəmiyyətinə görə Naxçıvan birinci sıradadır. Muxtar respublikaya səfərim zamanı bir sıra əhəmiyyətli görüşlər keçirdim. Naxçıvanın səhiyyə, informasiya texnologiyaları, enerji, meliorasiya sahələrində əldə etdiyi nailiyyətlər barədə məlumat aldım, bu sahələrdə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik. Bundan sonra Portuqaliyadan istər dövlət xadimləri, istər sənətçilər, istərsə də biznes nümayəndələri Bakıya gəldiyi zaman mən onlara tövsiyə edəcəyəm ki, Naxçıvana da gəlsinlər. Çünki bu səfərimdən sonra tam əminəm ki, onlar burada etibarlı tərəfdaşlar, dostlar əldə edəcəklər.
Bildiyiniz kimi, Portuqaliyanın da muxtar regionları vardır. Naxçıvan Muxtar Respublikası ilə həmin regionlar arasında əməkdaşlıq qurula bilər. Gələcəkdə onlar arasında aparılacaq görüşlər bu əlaqələrin istiqamətini müəyyənləşdirə bilər. Mən isə bu sahələrdən turizmi xüsusi qeyd etmək istərdim. Çünki Portuqaliya turizm sahəsində böyük təcrübəyə malikdir. Portuqaliyanın 10 milyon əhalisi olmasına baxmayaraq, 2015-ci ildə bizim ölkəmizə 17 milyon turist gəlib. Bu, əhəmiyyətli bir rəqəmdir. Buna görə də Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar regionları arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin yaxşı perspektiv vəd edəcəyinə inanıram.
Mən Naxçıvanqalada və Möminə xatın türbəsində oldum və abidələrin qədimliyi, gözəlliyi, bu günə qədər qorunub saxlanması məni valeh etdi. Möminə xatın türbəsini mən Hindistanda yerləşən Tac-Mahal türbəsinə bənzətdim. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər iki abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa olunub. Naxçıvanqala da diqqətimi cəlb etdi. Biz Portuqaliyada belə abidələrdə mədəni tədbirlər keçiririk. Öyrəndim ki, Naxçıvanqalada da müxtəlif səpkili mədəni tədbirlər, o cümlədən festivallar keçirilir. Bu, çox müsbət bir haldır.
Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində də oldum. Mərkəzlə tanışlıq çox maraqlı idi. Burada muxtar respublikada istehsal edilən məhsulların çeşidləri ilə tanış oldum, Naxçıvanın ixrac potensialı barədə ətraflı məlumat aldım. Öyrəndim ki, bu gün muxtar respublika özünü ərzaq məhsulları ilə yanaşı, digər məhsullarla da təmin edir.
Burada mənim üçün maraqlı bir məqamla da rastlaşdım. Onu da öyrəndim ki, keyfiyyəti, faydalılığı və dadı ilə seçilən “Sirab” mineral suyu Naxçıvanda istehsal olunur. Onu xüsusi qeyd etmək istəyirəm ki, mən Bakıda fəaliyyətə başladığım gündən etibarən “Sirab” mineral suyundan istifadə edirəm və çox bəyənirəm.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlığımız da maraqlı oldu. Yeraltı tuneldə yerləşən xəstəxananı gəzərkən buranın havasının çox yaxşı olduğunu hiss etdim. Mən astma xəstəliyindən əziyyət çəkirəm. Duzdağda isə rahat nəfəs aldım, özümü yaxşı hiss etdim. Gələcəkdə burada müalicə olunmağı düşünürəm.
Naxçıvanda məni qonaqpərvərliklə qarşıladılar. Buna görə dərin minnətdarlığımı bildirirəm. Mən Naxçıvanı çox sevdim.
Bundan sonra da Naxçıvana gəlmək arzusundayam. Ancaq tək yox, bu dəfə Portuqaliyadan olan qonaqlarla birlikdə gələcəyimə ümid edirəm. İnanıram ki, bundan sonra əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımız möhkəmlənəcəkdir.
Rauf Əliyev