25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardoso Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində diplomat Naxçıvan şəhərindəki təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri ilə, tarixi abidələrlə yaxından tanış olub.
Mariya Joao Lopes Kardoso əvvəlcə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Portuqaliyanın Azərbaycan Respublikasında nümayəndəliyinin müvəqqəti işlər vəkili Naxçıvan Dövlət Universitetində də olub. Xanım diplomat Media Mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, universitet televiziyası, “Nuhçıxan” radiosu və Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olub, Naxçıvan Dövlət Universitetinin televiziyasına müsahibə verib.
Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili “Naxçıvanqala” Tarix-Memarlıq, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri ilə də tanış olub.

Sonra müvəqqəti işlər vəkili Duzdağ Fizioterapiya Mərkəzinə gəlib. Bildirilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil olunub.
Naxçıvan Biznes Mərkəzində qonağa mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib.
“Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qeyd olunub ki, burada istehsal olunan yüksəkkeyfiyyətli məhsulların xarici bazarlara çıxarılması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Bakı şəhərində və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndəsinin iştirakı və beynəlxalq sərgilərdə istehsal olunan məhsulların nümayişi təmin edilib, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olub.
Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardosonun Naxçıvan Muxtar Respublikasına səfəri oktyabrın 11-də başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR