“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Oktyabrın 10-da keçirilən mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Arzu Məmmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Elmin Zamanov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq gənclərin hərbi xidmətə çağırılmasına başlanılıb. Həm biz, həm də çağırışçılar və onların valideynləri böyük qürur hissi keçiririk ki, hərbi xidmətə çağırılan gənclərimiz Vətəni qorumaq kimi müqəddəs bir xidmətə başlayacaqlar.
Qeyd olunub ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı təmin edən müasir və güclü ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.
Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yaxından yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclər hərbi xidmətə yola salınıb.
Xəbərlər şöbəsi