Bütün dünyada vahid beynəlxalq poçt qaydalarının müəyyən edilməsi 1874-cü ilin 9 oktyabr tarixində Ümumdünya Poçt İttifaqının yaradılması ilə mümkün olmuşdur. Həmin tarix 1969-cu ildə Yaponiyada keçirilmiş Ümumdünya Poçt İttifaqının Konqresində qəbul edilmiş qərarla hər il Ümumdünya Poçt Günü kimi qeyd olunur.
Azərbaycanda, eləcə də muxtar diyarımızda poçt işinin tarixi daha əvvələ gedir. Lakin ölkəmizdə bu əlamətdar günün qeyd olunması müstəqillik illərinə təsadüf edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuş və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi Ümumdünya Poçt İttifaqının üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu çox sürətli inkişaf yolu keçmişdir.
Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı tarixinə qısaca nəzər salsaq, görərik ki, bu inkişafın təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir. Ulu öndərin 2003-cü il 17 fevral tarixli “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) haqqında Sərəncamına əsasən, Azərbaycanda rabitə sistemi, o cümlədən poçt rabitəsi yeni və davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmişdir. Naxçıvanda ilk poçt ekspedisiyası hələ 1828-ci ildə yaradılmış, 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti çəkilmişdir. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılmış, 1927-ci ildə isə Ordubad, Culfa, Şərur poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılmışdır. 1996-cı ildən başlayaraq Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Telekommunikasiya sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi və yeni rabitə şəbəkələrinin istifadəyə verilməsi, poçt bölmələrinin sayının artırılması və internetə çıxış imkanının yaradılması ilə Naxçıvan Muxtar Respublikasının informasiya şəbəkəsi xeyli genişləndirilmişdir.
Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir.
Muxtar respublikada rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda “Naxçıvanpoçt” MMC 1 mərkəz, 7 filial və 157 poçt bölməsi ilə muxtar respublikamıza poçt xidməti göstərir.
Bütün növ xidmət haqlarının yığılması üçün muxtar respublikada, ümumilikdə, 142 poçt məntəqəsi avtomatlaşdırılmış, onlara 145 ədəd POS-terminal qoyulmuşdur.
Cəmiyyət tərəfindən hazırda qaz, elektrik enerjisi, su, rabitə xidməti haqları, bələdiyyə, YAP üzvlük, DSMF sığorta haqlarının və Dövlət Yol Polisi tərəfindən qeyd olunan cərimələrin qəbulu davam etdirilir. Bu xidmət haqlarını vətəndaşlarımız quraşdırılan POS-terminallardan istifadə etməklə də ödəyə bilir. Eyni zamanda elektrik enerjisi, sudan istifadə haqları və internet ödənişini onlayn ödəyə bilərlər. İnternet üzərindən bu xidmətlərin təklif olunması muxtar respublika əhalisinin işini bir qədər asanlaşdırır. Vaxt itkisinin qarşısını alır.
Bu ilin may ayından etibarən FİNCA bankla bağlanmış müqaviləyə əsasən bankın müştərilərindən kredit vəsaitlərinin qəbuluna başlanılmışdır. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smart sayğaclarla dəyişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qoyulmuş, şəbəkəyə qoşulmuşdur. Eyni zamanda Naxçıvan şəhərində 10 poçt bölməsi yeni kompüter və kart oxuyucu ilə təmin edilmişdir.
Bundan əlavə, “Naxçıvanpoçt” MMC-nin şəbəkəsinə yeni qoşulmuş poçt bölmələrində teleqramların qəbulu, çatdırılması, moniqramların qəbulu və ödənişi ilə əlaqədar poçt əməliyyatçıları üçün Colvir sistemi üzrə kurslar təşkil olunmuşdur.
2016-cı ilin ötən dövrü ərzində Culfa rayonunun Saltaq, Babək rayonunun Xəlilli, Məzrə, Kəngərli rayonunun Yurdçu, Şərur rayonunun Oğlanqala və Şahbuz rayonunun Daylaqlı kəndlərində istifadəyə verilmiş yeni poçt bölmələrindəki işçi kompüterlər “Naxçıvanpoçt”un MHM şəbəkəsinə qoşularaq bütün lazımi avadanlıqlarla təmin olunmuşdur.
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Elektron imzadan istifadə vaxta qənaət etməklə sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz göndərməyə imkan verir. Bu tələbatı ödəmək məqsədilə “Naxçıvanpoçt” MMC-nin rayon filiallarının mərkəzi poçt şöbələrində elektron imza kartının verilməsinin təşkil edilməsi üçün müvafiq şəbəkə qurulmuş, “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış və lazımi avadanlıqlarla təmin edilmiş, “Elektron imza” kartlarının verilməsi davam etdirilmişdir.
Son illərdə poçt xidmətinin həcminin artması ilə əlaqədar olaraq poçtdaşıma işlərini yaxşılaşdırmaq üçün yeni avtomobillər alınmış, muxtar respublikanın rayonlarına poçtun daşınması dəmir yolu nəqliyyatı vasitəsilə təşkil edilmişdir.
Poçt işçilərinin xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə vahid geyim formasının tətbiq edilməsi, bütün poçt müəssisələrinin hər növ poçt xidmətinin təşkili üçün müasir texnika və texnologiya ilə təmin edilməsi işin keyfiyyətinə müsbət təsir göstərmişdir.
Bu gün muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir. Bundan başqa, muxtar respublika ərazisində poçtdaşıma işlərinin yaxşılaşdırılması, beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis”, DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır.
Yaşadığımız XXI əsrin texnika və texnologiyaların yüksək mərhələsi və sürət əsri olduğu, əhalinin müasir poçt xidmətlərinə tələbatı nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində poçt xidmətlərinin dünya standartları səviyyəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Poçt cəmiyyəti daim dəyişən elektron dünyanın ayrılmaz hissəsidir. Poçt işçiləri bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə nümunəvi xidmət göstərəcəklər.
Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti