Regionda özünün sürətli sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən muxtar respublikamızın iqtisadi-ticarət, mədəniyyət əlaqələrinin əhatə dairəsi durmadan genişlənir. Dünyanın nüfuzlu ölkələrini təmsil edən diplomatların Naxçıvana səfərləri beynəlxalq media qurumlarının da diqqətini qədim diyara yönəldib. Həmin diplomatlar hər fürsətdə muxtar respublikanın geostrateji mövqeyə, güclü iqtisadiyyata, turizm potensialına malik olduğunu vurğulayıblar. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın muxtar respublikaya səfəri zamanı da bu məqam xüsusi qeyd olunub.
Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd edib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə də görüşüb.
Muxtar respublikamızın qonşu dövlətlərlə də iqtisadi-ticarət, mədəniyyət əlaqələri durmadan inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 9-da İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin, sentyabrın 30-da isə Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alper Coşkunla görüşüb.
Muxtar respublikamızda yüksəliş və tərəqqini təmin edən regional inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərimiz də gözəlləşir, burada müasir infrastruktur yaradılır, insanların rahat yaşayışı təmin edilir. Sentyabrın 9-da Culfa rayonunun Xanəgah kəndi Naxçıvanın abadlaşan yaşayış məntəqələri sırasına qoşulub. Xüsusilə vurğulamaq istərdim ki, muxtar respublikanın qədim tarixə malik yaşayış məskənlərindən biri olan Xanəgah kəndi vaxtilə milli tariximizin ideoloji müqavimət mərkəzlərindən biri kimi şan-şöhrət qazansa da, sonralar bura baxımsız bir vəziyyətə düşmüşdü. Halbuki bu ərazidə əyilməzlik simvolu kimi tanınan və bərpasından sonra əvvəlki möhtəşəmliyi özünə qaytarılan Əlincəqala yerləşir, eyni zamanda hürufiliyin banilərindən olan Fəzlullah Nəiminin türbəsi də məhz bu kənddədir. Bərpadan sonra Əlincəqalaya gələn yerli və xarici turistlərin sayı sürətlə artıb. Belə bir şəraitdə Xanəgah kəndinin abadlaşdırılması böyük əhəmiyyət kəsb edirdi. Həkim ambulatoriyasının, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, Xanəgah Abidə Kompleksinin bərpa olunması, yolların yenidən qurulması, içməli su xəttinin çəkilməsi və digər quruculuq tədbirlərinin həyata keçirilməsi kəndi abadlığa qovuşdurub. Bütün bunlar kəndin turizm potensialını daha da artırıb. Bu həm də insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu gün sakinlər yaradılan şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarını genişləndirirlər. Dövlətimizin kənd adamlarına göstərdiyi qayğının nəticəsidir ki, Xanəgah kəndində heyvandarlıq, arıçılıq, meyvəçilik, əkinçilik əsas məşğuliyyət sahəsinə çevrilib.
Xanəgahda müasirliklə tarixiliyin vəhdətinin yaradılması Naxçıvanda tarixi-mədəni irsimizə göstərilən böyük qayğının növbəti nümunəsidir. Bu gün əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Xanəgah Abidə Kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır. Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah Abidə Kompleksinə gəlib, burada görülən işlərlə tanış olub.
Ölkəmizdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi mülki aviasiyanın inkişafında da mühüm rol oynayıb. Son illərdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı”nın tikintisidir. “Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün müasirtipli teleskopik trap quraşdırılıb. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minir, həmçinin təyyarədən terminal binasına keçirlər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verir. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülüb. Müasir hava limanı muxtar respublikamızın hava qapısı kimi diyarımızın inkişafını göstərir və gözəlləşən Naxçıvana əlavə yaraşıq verir. Bu işlər Naxçıvanın həm regional miqyasda nəqliyyat-logistika mərkəzi kimi öz rolunu artırmasına, həm də turizmin inkişafına şərait yaradır.
“Qərb terminalı” ilə tanışlıqdan sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Dövlətimiz tərəfindən bu tədbirlər ona görə həyata keçirilir ki, ölkəmizə gələn qonaqların və əhalinin rahatlığı hava limanlarında təmin olunsun. Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatında xidmətin hərtərəfli təşkili daha vacibdir. Çünki muxtar respublikaya gələn qonaqlar əsasən hava limanından istifadə edirlər. Hava limanında yaradılan şərait, göstərilən xidmət gələn qonaqlarda Naxçıvan haqqında ilk təəssürat yaradır. Ona görə də işçilər yaradılan şəraitdən səmərəli istifadə etməli, qurulanları qoruyub saxlamalı, xidməti vəzifələrini öyrənməli, nümunəvi xidmət göstərməlidirlər”.
Muxtar respublika iqtisadiyyatında müşahidə olunan davamlı inkişaf nəticəsində mülkiyyət münasibətlərində iştirak edən subyektlərin sayının artması daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində yeni yanaşmalar tələb edir. Perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi torpaqların mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, torpaqlardan səmərəli istifadə istiqamətində də mühüm tədbirlər görülür. Əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində fəaliyyət ardıcıl xarakter alıb. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 19 növdə elektron, 5 növdə səyyari xidmət göstərilir. Bütün bunlar vətəndaşların komitəyə gəlmədən öz əmlakları haqqında elektron formada arayış almalarına və digər sənədləşmə işlərini həyata keçirmələrinə imkan verir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının istifadəyə verilməsi və burada müasir iş şəraitinin yaradılması işlərin daha da sürətləndirilməsinə şərait yaradıb.
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının açılışı olub. Bundan başqa, inzibati binanın yerləşdiyi Zərifə Əliyeva küçəsində də yenidənqurma işləri aparılıb, yollar genişləndirilərək asfalt örtük salınıb, işıqlandırma sistemi qurulub.
Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişaf etdirilməsinə böyük diqqət göstərilib, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına nail olunub. Muxtar respublikada qəbul olunan dövlət proqramlarının uğurla icra edilməsi sahibkarların fəaliyyətinin genişləndirilməsinə müsbət təsir göstərib. Görülən işlərin nəticəsidir ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb. Hazırda muxtar respublikada rəqabətədavamlı məhsul istehsal edən 441 sənaye müəssisəsi fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlər 2016-cı ildə də davam etdirilib, 16 yeni istehsal və xidmət müəssisəsi yaradılıb. “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsində yeni istehsal sahələrinin yaradılması muxtar respublikada sahibkarlığın inkişafı sahəsində görülən işlərin davamıdır.
Sentyabrın 14-də Naxçıvan şəhərində “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsinin açılışı olub.
İstehsal sahəsinin yaradılmasına muxtar respublikanın Sahibkarlığa Kömək Fondu və müəssisənin daxili imkanları hesabına 785 min manat vəsait sərf olunub. Burada 7 növdə, 197 çeşiddə məhsul istehsal olunur. Müəssisənin muxtar respublikada 7 satış bölməsi vardır.
Bu gün muxtar respublikada təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında 200-dən çox məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılıb. Yeniyetmə və gənclərin təhsili üçün yaradılan bu şərait çox böyük strateji məqsədlərə xidmət edir. Çünki təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş vətənpərvər gənclik yetişdirmək mümkün deyil. Məhz bu səbəbdən muxtar respublikada təhsilin davamlı inkişafı ilə bağlı tədbirlər görülür, məktəb binaları müasir tədrisin tələblərinə uyğun qurulur. Bu gün muxtar respublika gəncləri ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edərək hərtərəfli təhsil alırlar. Naxçıvan şəhərində, ən ucqar dağ və sərhəd kəndlərində də şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilib. Bunun nəticəsidir ki, hər il ali məktəblərə qəbulda məzunlarımız yüksək nailiyyətlər qazanırlar.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Təhsil islahatları isə məhz konkret ehtiyaclara uyğunlaşdırıldığı zaman fayda verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması da bu zərurətdən irəli gəlir. Bu gün muxtar respublikada dəqiq fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılmasında liseyin üzərinə mühüm vəzifələr düşür.
Sentyabrın 15-də – Bilik Günündə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksinin açılışı olub.
Açılış tədbirində çıxış edən Ali Məclisin Sədri deyib: “Vətənə, xalqa xidmətin ən yaxşı yolu mükəmməl təhsil almaqdır. Hər bir gənc bilməlidir ki, o, yaxşı təhsil almaqla, peşə öyrənməklə, ilk növbədə, ölkəmizin inkişafına öz töhfəsini vermiş olur. Ölkəmizin gələcəyi bugünkü gəncliyin təhsilə və ya peşə sahələrinə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Çox istərdik ki, hər bir gənc biliklərə dərindən yiyələnsin, vətənpərvər olsun, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsin”.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da ölkəmizdə, o cümlədən muxtar respublikamızda keçirilən ümumxalq səsverməsi (referendum) ictimai-siyasi həyatın mühüm bir hadisəsi kimi yaddaşlarda qaldı. Sürətli inkişaf, quruculuq və müasirləşmə siyasətinin həyata keçirildiyi, əhalinin rifahının yüksəldiyi, dayanıqlı sabitliyin mövcud olduğu muxtar respublikamızda siyasi ab-hava səsvermədə seçicilərin böyük fəallıq nümayiş etdirəcəyinə əminlik yaradırdı. Belə də oldu.
Ümumxalq səsverməsində muxtar respublikamızda 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərib. Muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, ümumilikdə, 35 seçki məntəqəsində müşahidə kameraları ilə internet vasitəsilə seçkilərin gedişini izləmək mümkün olub. Bu, referendumda şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Digər seçkilərdə olduğu kimi, 26 sentyabr referendumunda da Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdiriblər. Qeydə alınmış 271 min 939 seçicidən 206 min 127 nəfər, yəni seçicilərin 75,8 faizi ümumxalq səsverməsində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib.
Muxtar respublikada aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən Babək rayonuna da pay düşüb. Bu ilin ötən dövründə rayonun Xəlilli və Yarımca kəndlərində yeni sosial obyektlər istifadəyə verilib. Hacıvar və Badaşqan kəndlərində isə quruculuq işləri davam etdirilir.
Sentyabrın 28-də Məzrə kəndi də rayonun kompleks abadlaşan kəndlərinin sırasına qoşulub. Kənddə bütün sosial problemlər həll edilib, yeni yol, məktəb binası, kənd mərkəzi, feldşer-mama məntəqəsi, xidmət mərkəzi istifadəyə verilib, müasir rabitə sistemi qurulub, sürətli internetdən istifadə imkanları yaradılıb.
Muxtar respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Babək rayonunda da mənzillərin içməli su, torpaq sahələrinin isə suvarma su təminatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Kültəpə və Kərimbəyli kəndlərində torpaqları suvarma suyu ilə təmin etmək, su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalından diametri 720 millimetr olan 3060 metr yeni boru xətti çəkilib. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılıb ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Sentyabrın 30-da Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Suvarma tədbirlərinin yaxşılaşdırılması əkin sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına imkan verəcəkdir. Çünki Kültəpə və Kərimbəyli kəndlərinin sakinləri, əsasən, əkinçiliklə məşğul olurlar. Lakin torpaqların suvarılmasında müəyyən çətinliklər var idi. Həyata keçirilən tədbirlər və istifadəyə verilən yeni suvarma şəbəkəsi hər iki kənddə su problemini həll edib. Bu da əkin sahələrinin genişləndirilməsinə imkan verəcəkdir. Onlar dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edərək torpaqları əkəcək, bol məhsul istehsal edəcəklər.
İqtisadi, siyasi təlatümlərin yaşandığı müasir dövrdə sürətli sosial-iqtisadi inkişafı qoruyub saxlamaq, onu davam etdirmək çətindir. Ancaq ulu öndər Heydər Əliyev siyasi xəttinə daim sədaqətli olan Naxçıvan Muxtar Respublikası bundan daha çətinini gerçəkləşdirib, 25 illik blokada dövrünün son 20 ili ərzində bir sıra ciddi maneələri dəf edərək sosial-iqtisadi yüksəlişə nail olub. Ən əsası isə qədim diyarımızda inkişaf proseslərinin davamlı xarakter alması təmin edilib.
Rauf Əliyev