Təhlükəsiz, cinayətsiz region Naxçıvan
Ötən əsrin 80-ci illərinin sonu iqtisadi tənəzzül, siyasi böhran, anarxiya, xaos, özbaşınalıq dövrü kimi tarixə düşüb. Naxçıvan şəhərini ayrı-ayrı məhəllələr üzrə nüfuz dairəsinə bölən qoluzorlular peyda olmuşdu. Vaxtaşırı olaraq şəhərin müxtəlif yerlərində onları tanımayan və ya tanıyıb itaət etməyənlərlə tanışlıq xarakterli “profilaktiki tədbirlər” həyata keçirir, insanların həyatı üçün təhlükə yaradan şoular göstərirdilər. Heç yadımdan çıxmır. Dəmiryol vağzalına gedən yolda avtomobilləri saxladıb sürücüləri və sərnişinləri əlləri boynunun dalında üzüüstə asfalta uzanmağa əmr edirdilər. Bir dəfə biz də belə bir hadisə ilə qarşılaşmışdıq.
– Bu nə məsələdi, – deyən dostum üzümə baxdı.
–Nə bilim, – deyib çiyinlərimi çəkməklə kifayətləndim.
Bizim ayrı yolumuz yox idi. Maşında oturub növbəmizi gözləyirdik. Baxdıq ki, əlində avtomat olan iki nəfər maşınımıza yaxınlaşdı.
– Nə gözlərini döyürsən, maşından düş. Əllərini boynunun dalına qoy, üzüüstə uzan yerə.
Vəziyyəti görən dostum artıq əmr gözləmədən “ümumi qayda”nı icra edirdi. Elə bu vaxt iki ədəd qara rəngli “Jiquli” dayandı. Amma necə dayandı. Əyləcin səsi, yalan olmasın, şəhərin o başında eşidildi. Təkərlərindən qalxan tüstü ilə yolkəsənlərin siqaretinin tüstüsü bir-birinə qarışdı. Döndülər ki, dostumun yadından çıxıb əlləri boynunun dalında qalıb. Qara maşının sahibi yanaşı dayandığım Qasıma baxıb: – Əllərin niyə boynunun dalında qalıb? – deyə soruşdu və qəşş etdi. Yerə uzananlara baxıb, – durun çıxın gedin, komandası verib, elə həmin qara maşınlara oturub getdilər. Dostumla şükür etdik ki, kefləri kökəldi, bizi üzüüstə asfalta uzatmadılar.
– Qardaş, onlar dəmiryol vağzalı tərəfə getdilər. Dön Xan sarayı tərəfdən gedək. Bəlkə bu tərəf sakitlik olar, – deyən dostum israr etdi.
Döndüm.
– Biz axır ki, vağzalın yanında olan çörək zavoduna gedib çörək almaq üçün növbə tutmalıyıq, ya yox? – deyib dostuma baxdım. Eybi yoxdur, – dedi. Biz bu tərəfdən gedənədək yəqin ki, sakitlik yaranar.
Amma sən saydığını say, gör fələk nə sayır. Elə Xan sarayının yanından təzəcə enirdik, baxdıq ki, yuxarıdakı vəziyyət elə doğrudan da şükürlü imiş. Burada əməlli-başlı müharibə gedir. Bir qrup silahlı dəstə bir-birinə avtomat silahlardan atəş açır. Atılan güllələrin qurbanı olmamaq üçün fürsət gözlədik. Elə bu vaxt baxdıq ki, “Xan sarayı döyüş bölgəsinə” hər iki tərəfdən BTR-lər, üstündə də o dövrün tanınmış simalarından olan silahlı dəstə gəlir. Amma başa düşmədik. Gedən zirehli texnika və canlı qüvvə yol kənarındakı silahlı dəstə, yoxsa ağaclıqdakı silahlı dəstə tərəfindən bu müharibəyə qatılacaq. Sonralar həmin ərazidən keçərkən onu da gördük ki, bütün müharibələrdə olduğu kimi, bu “müharibə”nin də sonu dağıntı ilə nəticələnmiş, ağaclıqda yerləşən “qərargah binası” yandırılmışdı. Biz imkan yaranan kimi aradan çıxdıq. Əvvəlki yolumuzla getdik çörək zavoduna. Burda sakitlik idi. Çörək növbəsinə dayandıq. O dövrü xatırlayanlar yaxşı bilir. Bu 3-4 nəfərlik növbə deyil, 8-10 saat çəkən növbə idi. Amma qışın 35-40 dərəcə şaxtasında belə, bu vəziyyətə dözürdük, ta ki, 3 çörəyi gözlərini əlimizə və qapıya dikən körpə uşaqlara çatdıraq. Uzun-uzadı növbədə dayanmağın əzab-əziyyəti bir tərəfə, burada yaranan xoşagəlməz hadisələr də insanları mənən sarsıdırdı. Qolları və sinəsi əcaib şəkillərlə bəzədilmiş “xüsusi imtiyazlı” şəxslər növbəsiz zavoda girir, bəzən də qucaqlarındakı çörəyi növbəyə duranların başına atır, qapış-qapış oyununa baxıb gülüşürdülər. Heç yadımdan çıxmır, onların bu hərəkətlərinə etiraz edən bir gənci axşamdan yağan yağışın yaratdığı gölməçədə təpiklədilər. Gənc isə zərbələrin ağrısına dözür, aldığı çörəkləri qucağında bərk-bərk sıxırdı ki, palçığa batmasın. Heç olmasa, həmin günü ailəsi naümid qalmasın. İnsanları 3 çörəklə çəkilən imtahandan daha çox bu haqsızlıq, özbaşınalıq əzirdi.
Sabah sübh tezdəndən qalxıb çörək növbəsinə tələsən bina sakinləri yeni sürprizlərlə qarşılaşırdı. Evində daimi suyu olması üçün hər bir ailə zirzəmidə su nasosu yerləşdirmişdi ki, elektrik enerjisi veriləndə binanın damına qoyduqları çənə su vura bilsin. Elektrik enerjisi verilən zaman nasosu işə salanda baxırdıq ki, su gəlmir. Zirzəmiyə enib görürdük ki, 20 millimetrlik armaturla qaynaq elətdirib hazırladığımız qəfəsi kəsib su nasosunu aparıblar.
Binanın həyətində dayanan avtomobillərin sahibləri daha çox əziyyət çəkirdilər. Xüsusilə Nazim müəllimin “Jiquli”si hər ay təkərlərin üstündə durmaq əvəzinə, Bakı kubiklərinin üstündə dayanır, maqnitofonu isə başqa maşınlarda oxuyurdu. İnsafən onu da deyim ki, ehtiyat hissələrinə dəyib toxunmurdular. Çünki maşın əlverişsiz yerdə dayandığından, yəni binanın həyətinə min göz baxır, – deyib tez-bazar “əməliyyat” aparırdılar. Vaxt alan ehtiyat hissələrinin sökülməsi isə dəmir qarajlarda aparılırdı.
Qonşu Valeh arxayın olur ki, “Jiquli”si dəmir qarajdadır, qapısında da bir kiloluq qıfıl. Demək olar ki, hər gün qıfıla nəzarət edir. Baxır ki, hər şey qaydasındadır. Yəni qıfıla toxunulmayıb. Benzin qıtlığı üzündən maşını işlətməyən Valeh bir müddət sonra dəmir qarajin qapısını açır ki, maşının bir banı qalıb. Oğrular bağçadan tunel qazıb giriblər qaraja. Bu hadisə digər avtomobil sahiblərinə bir dərs oldu. Dəmir qarajların döşəməsini armaturla qaynaq etdirib beton tökdük. Amma gördüyümüz təhlükəsizlik tədbirlərinə baxmayaraq, hər gün qarajı açıb maşına baş çəkmək əsas şərt idi. Hər kəs evinin giriş qapısını dəmirdən, özü də ikiqat dəmirdən yığdırıb 2-3 kilid saldırır, pəncərələri dəmir qoruyucularla qaynaq etdirirdi. Bu, dövrün tələbi idi.
“Şərq qapısı” qəzetinin 29 fevral 1992-ci il tarixli nömrəsində “Oğrular ifşa olunur” başlıqlı məqalədə oxuyuruq: “Çətin dövrümüzü yaşayırıq. Bir tərəfdən muxtar respublikamızın uzun müddət blokada vəziyyətində olması, iqtisadi çətinliklərin son həddə çatması, adamların yaşayışının həddən artıq pisləşməsi, bir tərəfdən də belə böhranlı vəziyyətdən öz çirkin əməlləri üçün istifadə edən möhtəkirlərin, alverçilərin azğınlaşması, oğruların fəallaşması haqlı olaraq əhalini ciddi narahat edir...
Qeyd etmək lazımdır ki, daxili işlər orqanları tərəfindən oğurluqların qarşısını almaq məqsədilə aparılmış hər cür profilaktik tədbirlərə baxmayaraq, iqtisadi çətinliklər artdıqca oğurluq hadisələri də, təəssüf ki, çoxalmaqda davam edir. Təkcə fevral ayının birinci yarısında qeydə alınmış 17 cinayət hadisəsindən 8-i oğurluq cinayəti olmuşdur. Bu çirkin cinayət hadisələrinin qarşısının alınmasında və oğruların vaxtında ifşa olunmasında əhalinin köməyinə ehtiyac vardır”.
Qəzetin 8 avqust 1992-ci il tarixli nömrəsində dərc olunmuş “Cinayət cəzasız qalmamalıdır” başlıqlı yazıda qeyd olunub ki, “1992-ci ilin 6 ayında Naxçıvan Muxtar Respublikası xalq məhkəmələrinin icraatına 148 cinayət işi daxil olmuşdur. Mahiyyəti üzrə baxılıb hökm çıxarılan 93 cinayət işi üzrə 140 nəfər məhkum olunmuşdur”.
Zaman keçdi. İnsanlara doğru yol göstərildi. Cinayət hadisəsini doğuran səbəblər aradan qaldırıldı, əhalinin məşğulluğu təmin edildi, insanların maddi rifah halı yaxşılaşdırıldı. Hər kəs gücü çatdığı, bacardığı işin, peşənin dalınca getdi. Cinayətə meyilli insanlar tənbeh edildi. Bəli, həbsxanaya salınmadı, tənbeh edildi. Belə insanların törədəcəyi cinayətin ağırlığı ilə bağlı geniş izahat işlərinə başlanıldı, hüquqi maarifləndirici söhbətlər aparıldı. Nəticədə, həmin şəxs azadlıqdan məhrum olmaqdan, onun ailə üzvləri başsız qalmaqdan, cəmiyyətə yük olmaqdan, ictimaiyyət isə üzləşə biləcəyi narahatçılıqdan xilas oldu. Digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə tətbiq olunan Naxçıvan modeli, yəni cinayət baş verəndən sonra yox, cinayət baş vermədən əvvəl həyata keçirilən profilaktik tədbirlər öz bəhrəsini verdi. 1994-cü ildə 774 cinayət hadisəsi qeydə alınan muxtar respublikamızda bu göstərici ötən il cəmi 21 olub. Onu da qeyd edək ki, 1993-cü ildə qəsdən adamöldürmə ilə bağlı 18, qəsdən adam öldürməyə cəhdlə bağlı 4, qəsdən sağlamlığa zərər vurmaqla bağlı 20 cinayət hadisəsi qeydə alınmışdı. 1992-ci ildə oğurluqla bağlı 301 cinayət işi başlanmışdısa, cari ilin ötən dövründə bu qəbildən cəmi 3 hadisə baş verib. 1994-cü ildə narkotik maddələrlə bağlı 104 hadisə qeydə alınmışdısa, 2016-cı ilin 9 ayında cəmi 3 fakt aşkar edilib.
Oxunuşuna və yazılışına bir neçə dəqiqəlik zaman sərf etdiyimiz bu bir neçə cümləlik statistik göstəricinin reallaşması üçün nə az, nə çox, 20 ildən artıq ağır zəhmət tələb edən gərgin əmək sərf olunub. Bir vaxtlar səksəkəli günlərini yaşayan Naxçıvan indi təhlükəsiz şəhərə, cinayətsiz regiona çevrilib. Hərtərəfli biliyə malik gənc nəslin yetişdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə hər cür şərait yaradılıb, tikilib istifadəyə verilən müasirtipli məktəblər, idman zalları, idman kompleksləri öz bəhrəsini verib. 1994-cü ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 40 cinayət hadisəsi törədilən muxtar respublikamızda son illər bu qəbildən heç bir cinayət hadisəsi qeydə alınmayıb. Küçələrdə veyil-veyil gəzən, yetənə yetən, yetməyənə də bir daş atan, hüquq-mühafizə orqanları əməkdaşlarının dili ilə desək, xuliqanlıq edən yetkinlik yaşına çatmayan uşaqlar, yeniyetmələr nəinki 500-700 bal toplayan məzunlara, sorağı ölkənin və dünyanın ali təhsil ocaqlarından gələn, beynəlxalq yarışlarda bayrağımızı dalğalandıran, himnimizi səsləndirən qürurverici gəncliyə çevrilib.
Amma keçmişini unudanın gələcəyi olmaz, – deyiblər. Biz də zaman-zaman keçmişə müraciət edir, bu gün əmin-amanlıq, sabitlik şəraitində yaşayan gənc nəslə o dövrün acı xatirələrini yaşatmaq yox, nəticə çıxarmaq üçün çatdırmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, bugünkü əmin-amanlığa, sabitliyə gedən yolun heç də asan olmadığını bildirməyə çalışırıq. Çalışırıq ona görə ki, dövlətin, millətin gələcəyi olan gənclik o dövrü yenidən yaşamasın, reallıqları yaşamağı, yaşatmağı bacaran əsl vətəndaş olsun. Elə buradaca bir türk iş adamı ilə ötən il söhbətimizdə danışdığı maraqlı bir hadisəni oxucularımıza çatdırmaq istəyirəm:
– Naxçıvana yeni gəlmişdim. Kirayə qaldığımız mənzildə iki nəfər yaşayırdıq. İşimlə əlaqədar mən evdən sübh tezdən çıxmalı oldum. Onu oyadıb çıxarkən qapını bağlamağı unutma, – dedim. Axşam evə dönərkən, baxdım ki, qapı açıqdır.
Vay, evə oğru girib, – deyə fikirləşdim. Qapını açdım, baxdım ki, ayaqqabı izi yoxdu. Adətən, oğru çağırılmamış qonaq olduğundan evi ayaqqabı ilə dolanıb axtarış aparır. Təbii ki, əvvəlcə pulları qoyduğum yerə baxdım. Yerində idi. Hər şey necə səliqə ilə düzülmüşdüsə, elə idi. Bu vaxt iş yoldaşım da gəldi. Etiraf etdi ki, qapını bağlamağı unudub. Amma o da həyəcanlı idi.
– Bəs sən niyə həyəcanlısan? Özün deyirsən ki, qapını bağlamağı unutmusan. Bu oğru işi deyil, – deyə soruşdum.
– Yox, qardaş, mən ona inana bilmirəm, necə olur ki, qapı açıq ola-ola evə oğru girmir. Heyrət, bu məmləkətə!
Bəli, heyrət ediləcək, qibtə olunacaq bir məmləkətdə yaşamaqdan qürur duyur, iftixar hissi keçiririk.
Bu günlərdə muxtar respublikamıza səfər edən bir xarici turistlə tanış oldum. Doğma Naxçıvanımızı gəzdik. Qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvanda bərpa olunan tarixi abidələri, park və xiyabanları, müasir memarlıq üslubu ilə gözoxşayan binaları seyr edən qonaq birinci, ikinci mərtəbələrdəki mənzilləri göstərib təəccüblə soruşdu:
– Pəncərələrə niyə dəmir qoruyucular qoymursunuz?
– Biz o dövrü yaşadıq. İndi buna, sadəcə, ehtiyac yoxdur. Həm insanların şüurunda yenilik olub, həm də vətəndaşların rahat yaşaması üçün hüquq-mühafizə orqanları nə lazımdırsa edib. Narahatçılığa heç bir əsas yoxdur, – dedim.
Elə bu an qonağın mobil telefonuna gələn zəng söhbətimizə ara verdi:
– Ata, haradasan, narahat olduq, bir hadisə, çətinlik yoxdur ki?
– Yox, ay qızım, bura Naxçıvandır. Heç bir narahatçılıq yoxdur. Yenicə tanış olduğum dostumla şəhəri gəzirik. Çox sakit və gözəl şəhərdir, – deyib xudahafizləşdi.
Xeyli fikirləşdi. Sonra da üzümə baxıb:
– Cinayət və terror üzündən biz hər gün işə gedərkən ailə üzvlərimizlə halallaşırıq. Axşam evə sağ-salamat dönəcəyimiz sual altında olur. Bu hal tək bir gün, iki gün üçün deyil, ömrümüzə hakim kəsilən bir kabusdur. Amma Naxçıvanda gördüklərim məni valeh etdi. Siz xoşbəxt adamlarsınız. Ona görə ki, bu əminamanlığı, sabitliyi yaşadanlarla bir zamanda yaşayırsınız.
Kərəm Həsənov
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə
təqdim olunmaq üçündür