“Muzey günləri”nin tərtib olunması müxtəlif təşkilatların kollektivlərinin muxtar respublikada, eləcə də Naxçıvan şəhərindəki muzeyləri ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb.
Bu tədbirlərin davamı kimi iyulun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olublar.
Burada ziyarətçilərə məlumat verilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan milli mədəniyyətimizin inkişafına təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də zəngin xalçaçılıq ənənələri ilə töhfə verib. Naxçıvanın iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zili və cecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə imkan verib. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsimizin qorunması və təbliği işinə diqqət artırılır. Görülən işlər milli xalçaçılıq sənətinin yaşadılmasına və bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3000-dən çox eksponat vardır ki, bunlardan 300-ə yaxını ekspozisiyada nümayiş etdirilir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri də Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin kollektivləri “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri isə Nəbatat bağında olublar.
Xəbərlər şöbəsi