İyulun 14-də Sosialist Əməyi Qəhrəmanı Raziyyə Rüstəmovanın anadan olmasının 80 illik yubileyi münasibətilə Şərur rayonunun Qarahəsənli kəndində tədbir keçirilib.
Çay süfrəsi arxasında keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı təbrik edərək bildiriblər ki, əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı Raziyyə Rüstəmova 1936-cı il iyulun 14-də Şərur rayonunun Qarahəsənli kəndində anadan olub, yeniyetməlik yaşlarından başlayaraq zəhmətə qatlaşıb, əməksevər bir insan həyatı yaşayıb. 1955-72-ci illərdə Şərur rayonundakı keçmiş SSRİ-nin 50 illiyi adına kolxozda kolxozçu, manqabaşçısı olub, 1972-ci ildən həmin kolxozda üzümçü işləyib. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. Təsadüfi deyil ki, gənc yaşlarında dövrün ən yüksək fəxri adına – “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb.
Vurğulanıb ki, Raziyyə Rüstəmovanın əmək fəaliyyəti və onun zəhmətinə verilən qiymət ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu da səbəbsiz deyil. Çünki ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz zəhmət sahiblərinə, qadınlara böyük dəstək verib və qayğı göstərib. Ulu öndərimizin siyasi kursu bu gün muxtar respublikada uğurla davam etdirilir. Onillər öncə diyarımızın inkişafında xidmətləri olan şəxslər unudulmur, onların yubileyləri qeyd edilir. Bugünkü tədbirin keçirilməsi də zəhmətkeş insanlarımıza dövlət qayğısının ifadəsidir.
Tədbirdə qeyd edilib ki, Raziyyə Rüstəmova yaşadığı zəhmətkeş insan ömrü ilə həyatın bütün xoşbəxtliklərinə çatıb, həmişə öz işindən zövq alıb, ailə səadətinə qovuşub, bu gün də xalqımıza məxsus dəyərlərə sahib olan ağbirçək kimi yeni nəsillərimizə əsl Azərbaycan qadını nümunəsidir.
Sonda yubilyara hədiyyələr təqdim olunub.
Raziyyə Rüstəmova və onun ailə üzvləri yubileyin keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti