Dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində “Torpaq üzərində mülkiyyət hüququ”, “Valideynlərin hüquq və vəzifələri” mövzularını əhatə edən maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Sonra Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri İlqar Rzayevin “Valideynlərin hüquq və vəzifələri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi iştirakçılara Azərbaycan Respublikasının ailə qanunvericiliyi, ölkəmizdə nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi, valideynlərin hüquqları və vəzifələri, valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsas ola biləcək səbəblər, mövcud qanunvericiliyin müvafiq icra hakimiyyəti orqanları qarşısında qoyduğu tələblər bərədə ətraflı məlumat verib.
Naxçıvan şəhər prokurorunun köməkçisi Abdulla Quliyev isə “Torpaq üzərində mülkiyyət hüququ” mövzusundakı məruzəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, bu məcəllədə yer alan “Torpaq sahəsi” anlayışı, ölkəmizdə torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri, mülkiyyət hüququnun subyektləri, qanunvericilikdə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri, dövlət mülkiyyətində olan torpaqlar barədə iştirakçılara ətraflı məlumat verib, 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilən bir sıra dəyişikliklər, bu dəyişikliyə əsasən cinayət məsuliyyəti yaradan səbəblər haqda danışıb.
Qeyd edilib ki, adıçəkilən qanun qüvvəyə minənədək Cinayət Məcəlləsinin 188-ci maddəsi “Torpaq üzərində mülkiyyət hüququnu pozma” adlanırdı və bu maddəyə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyətinə səbəb olurdu. Cinayət Məcəlləsinə dəyişiklik edilərək 188-ci maddə “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlandırılıb. Həmin maddənin birinci bəndində qeyd edilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyəti yaradır. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qeyd edilən əməllərin törədilməsi torpaqdan qanuni istifadə, ona sahiblik, onun barəsində sərəncam vermə torpağın icarəyə verilməsi qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Səbuhi Hüseynov