Kəngərli yurdunun bu günü də dünəni kimi daim xatırlanacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il sentyabrın 2-də “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdı. Beş il bundan əvvəl imzalanmış sərəncamda Culfa rayonunda 20 kənd yaşayış məntəqəsini birləşdirən, uzunluğu 57,6 kilometr, Kəngərli rayonunda 5 kəndi əhatə edən, uzunluğu 39,2 kilometr olan avtomobil yollarının yenidən qurulması nəzərdə tutulmuşdu. Ötən dövrdə adıçəkilən avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Ötən yazılarımızın birində Çeşməbasar-Boyəhməd yolu boyunca səfər edərək həmin yaşayış məntəqələrində gördüklərimizi yazıya köçürmüş, kəndlərimizin müasir simasını, əhalinin məşğuliyyətini yolboyu qarşılaşdığımız insanların söhbətləri və müşahidələrimiz əsasında qələmə alaraq oxucularımızla bölüşmüşdük. Budəfəki yazımızı isə Kəngərli rayonunun yaşayış məntəqələrini əhatə edən avtomobil yolu üzərində səyahətimiz zamanı gördüklərimizə həsr etmişik. Beləliklə, yolumuz qədim Kəngərli yurdunadır.
Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərli 2004-cü il martın 19-da yaradılıb. 1995-ci ildən başlayaraq muxtar respublikada aparılan islahatlar regionda ərazi idarəetmə strukturlarının da təkmilləşdirilməsinə öz təsirini göstərib və nəticədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması ilə Kəngərli rayonu təşkil edilib. Qanuna görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz, Çalxanqala, Xıncab, Şərur rayonunun isə Qarabağlar, Xok, Qıvraq, Qabıllı, Yurdçu, Şahtaxtı və Yeni Kərki kəndlərini əhatə edən ərazi vahidləri bu rayona daxil edilib, Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrilib. Biz də elə yolboyu səfərimizə rayon mərkəzi olan Qıvraq qəsəbəsindən başlayırıq...
Hər şeydən əvvəl onu deyim ki, Kəngərli rayonunda yerləşən əksər yaşayış məntəqələri Naxçıvanın qədim tarixə malik yurd yerləridir. Elə Qıvraq qəsəbəsi də həmçinin. Tədqiqatçılara görə, Qıvraq kəngərlilərə aid mülkün adı olub, sonra burada həmin tayfaya mənsub ailələr məskunlaşıblar. 1925-ci ildə aparılan inzibati ərazi bölgüsünə görə Qıvraq 19 kəndi əhatə edən rayon mərkəzi olub və 1930-cu ildə bu rayon ləğv edilib. Bir də 74 il sonra bu yaşayış məntəqəsi rayon mərkəzi statusu alıb. Qıvraq kəndi Sovetlər Birliyi dövründə, əsasən, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirildiyi yaşayış məntəqəsi olsa da, daha çox burada yerləşən hərbi hissəyə görə tanınıb. Elə müstəqilliyimizin ilk illərində də muxtar respublikamızın qərb sərhədlərinin qorunmasında buradakı hərbi hissənin böyük rolu olub. Hazırda rayon mərkəzi olan Qıvraq qəsəbəsi son illərdə burada aparılmış quruculuq tədbirləri sayəsində öz simasını tamamilə dəyişib, qəsəbədaxili yollar yenidən qurulub, yeni təhsil, mədəniyyət, səhiyyə müəssisələri yaradılıb, dövlət qurumları üçün yeni inzibati binalar inşa olunaraq istifadəyə verilib. Son onillikdə keçmiş Qıvraq kəndinin şimal hissəsini təşkil edən boş və quru çöllük ərazilərdə rayon mərkəzinə xas infrastruktur salınaraq, ümumilikdə, gözəl bir qəsəbə ansamblının yaradılmasına nail olunub. Ötən il qəsəbədə istifadəyə verilmiş Ticarət-İaşə və Bazar Kompleksi isə burada yaşayan sakinlərə müxtəlif xidmətlərin göstərilməsinə şərait yaradıb. Qəsəbədə olarkən görüşüb söhbət etdiyimiz sakinlərdən Mustafa Bəylərov və Cəbi Əhmədov bildirdilər ki, Qıvraq qəsəbəsi tarixin heç bir dövründə belə şəraitin, gözəlliyin şahidi olmayıb. Burada rayon təşkil olunduqdan sonra hər il qəsəbədə quruculuq və abadlıq işləri aparılıb, yeni tikililər istifadəyə verilib, parklar salınıb, yaşıllıqların həcmi artırılıb. Elə indinin özündə də bu işlər davam etdirilir. Müsahiblərimiz dedilər ki, ötən il burada istifadəyə verilmiş yeni ticarət kompleksi isə sakinlərin daha çox sevincinə səbəb olub. Belə ki, kompleksdə fəaliyyət göstərən şadlıq sarayı, müxtəlif mağazalar, yeməkxana, kənd təsərrüfatı məhsullarının satıldığı qapalı bazar qəsəbədə yaşayan 6000-dən çox sakinin rahatlığını təmin edib. Qeyd etmək lazımdır ki, qəsəbədəki təmizlik də nəzərimizi ilk baxışdan cəlb edən amillərdən oldu. Təyin olunmuş müxtəlif yerlərdə məişət tullantıları qutularının qoyulması, ərazinin daim təmiz saxlanılmasına göstərilən diqqət qəsəbənin gözəlliyini daha da artırıb.
Yurdçu kəndi Kəngərli rayonunda rayon mərkəzinə ən yaxın məsafədə yerləşən kəndlərdəndir. Rayonda kompleks quruculuq tədbirləri ən son bu kənddə aparılıb. Bu ilin ilk ayında kənddə yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin açılışı olub. Həmin tədbirlərdən sonra Kəngərli rayonu muxtar respublikanın quruculuq xəritəsinə bütün yaşayış məntəqələri abadlaşdırılmış ilk rayon kimi həkk olunub. Qarabağlar kəndinə tərəf uzanan avtomobil yolundan sağa tərəf dönüb kəndə daxil oluruq. Bu yoldan daxil olan hər kəs ilk olaraq burada yaradılmış xidmət mərkəzinin yaraşıqlı binası ilə qarşılaşır. Binanın ətrafı abadlaşdırılıb, səliqə ilə gül-çiçəklər əkilib. Bir zamanlar yolboyu uzanan uçuq, bomboz divarların yerində indi yeniləri tikilib. Kəndin daxili yolları yenidən qurulub, qara örtük salınıb. Kəndin girəcəyində yerləşən məscidin həyətindəki ağsaqqal kişi diqqətimizi çəkir. O, həyətdəki ağaclara qulluq edirdi. Yaxınlaşıb salamlaşırıq, kimliyimizi nişan veririk. Yaşı 70-i keçən Cəlil kişi bizimlə mehriban söhbət edir: “Sovet dövründə kəndlərimizdəki bütün məscidlərin qapılarını qıfıllayıb bağlamışdılar, ya da ki bu cür müqəddəs məkanlardan anbar kimi istifadə edirdilər. İndi şükürlər olsun ki, dövlətimiz dini dəyərlərimizə böyük diqqət yetirir. Muxtar respublikadakı məscidlərimizin böyük əksəriyyəti yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu, dini və mənəvi dəyərlərimizə böyük qayğıdır”. Cəlil kişi ilə bir xeyli söhbət edirik, kənddə aparılan genişmiqyaslı abadlıq işlərinə görə dövlətimizə minnətdarlığını bildirir.
Sonra yolumuza davam edirik və üz tuturuq rayonun, ümumilikdə isə muxtar respublikamızın ən böyük kənd yaşayış məntəqələrindən biri olan Qarabağlar kəndinə.
XVII əsrdə bütün Yaxın Şərqdə məşhur olan türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində 50 min nəfərin yaşadığı 10 min evin, 70 məscidin, 40 minarənin, karvansara, hamam və bazarların olduğu Qarabağlar şəhərindən bəhs edir. Tarixi mənbələrdə Qarabağların qədim Roma və Bizans imperiyaları ilə iqtisadi-mədəni əlaqələrini sübut edən məlumatlar var. Bundan əlavə, orta əsrlərdə elm və təhsilin inkişaf etdirildiyi Qarabağlar mədrəsələrində riyaziyyat, təbabət, nücum elmlərinin öyrədilməsi də geniş yayılıbmış. Naxçıvanın Kəngərlilər nəslinin sayılıb-seçilən üzvlərinin pay torpaqlarının olduğu Qarabağlarda indi də məhəllələr aid olduğu tayfaların adları ilə adlandırılır: Bəydilli, Süleymanlı, Ağahəsənli, Cığallı, Turabxanlı, Hacı Baxşəlilər və sair. Dünya əhəmiyyətli Qarabağlar türbəsi bu kənddə yerləşir. Yaşı minillərə dayanan müqəddəs Asnı bulağı kəndin əkin sahələrinə can verir, yerli xammal kimi Sovetlər Birliyi dövründən istehsalına başlanılmış üzlük daş plitələr Rusiya və Avropanın neçə-neçə şəhərlərinin binalarına, park və xiyabanlarına gözəllik bəxş edir. Hələ mən kəndin şimal-qərb istiqamətində yerləşən Daş məhəllədən (buradakı saf daş yataqlarının dərinliyi, deyilənə görə, yüz metrədək gedib çıxır), Naxçıvanda sovet hakimiyyəti yeni qurulan zaman təqiblər üzündən öz mülklərini tərk etmiş xan ailələrindən və hazırda da onların mövcud olan həyət evlərindən, sovetləşmədən sonra Rusiyadan Naxçıvana göndərilən pedaqoji kadrların buradakı təhsil ocaqlarına daha çox yönləndirilməsi məsələlərindən danışmıram. Bunların hər biri ayrılıqda bir mövzu olduğundan bu haqda gələcək yazılarımızda bəhs edəcəyik. O ki qaldı Qarabağlar kəndinin bu gününə, indi burada vəziyyət tamamilə müsbətə doğru dəyişilib. Son illərdə kənddə böyük quruculuq tədbirləri həyata keçirilib, yeni məktəb binaları istifadəyə verilib, kənd və xidmət mərkəzləri yaradılıb. Kənddaxili yollar abadlaşdırılıb. Qarabağlar kəndindən Çalxanqala kəndi istiqamətində uzanan yolda bütün həyətyanı sahələrin ətrafı hasarlanıb, vətəndaşlara məxsus darvaza qapıları dəyişdirilərək yenilənib. 7000 nəfərdən çox sakinin yaşadığı kənddə müxtəliftipli istehsal müəssisəsi – lavaş sexləri, plastik qapı-pəncərə sexi, quşçuluq və balıqçılıq təsərrüfatı, un dəyirmanı, daş məhsulları istehsalı müəssisəsi və sair fəaliyyət göstərir. 2012-ci ildə istifadəyə verilmiş Qıvraq-Qarabağlar-Çalxanqala-Təzəkənd dairəvi avtomobil yolu isə indi təkcə qarabağlarlılara deyil, bu yoldan istifadə edən bütün sürücü və sərnişinlərə, sözün həqiqi mənasında, rahatlıq bəxş edir. Elə bu rahatlığın bizə verdiyi imkanın nəticəsidir ki, təxminən, 15 dəqiqə sonra Çalxanqala kəndinə çatırıq.
Çalxanqala kəndi də Kəngərli rayonunun digər kəndləri kimi öz qədimliyi ilə seçilən yurd yerlərindəndir. Bu kənddə hazırda ermənilərin deportasiya siyasətinin qurbanına çevrilmiş qərbi azərbaycanlıların bir qismi yaşayır. Buradakı sakinlər, əsasən, heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Çalxanqalanın bərəkətli torpaqları onlara təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmağa imkan verib. Dövlətimizin kənd yaşayış məntəqələrinə göstərdiyi qayğını burada da görmək mümkündür. Son illərin quruculuq ünvanlarından olan yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası çalxanqalalıların rahatlığını təmin edib. Kəndin mərkəzi hissəsində görüşüb söhbətləşdiyimiz 70 yaşlı Ziyad Həsənov, ortayaşlı Faiq Ağəmmədov kəndin müasir günündən razılıqla danışdılar. Ziyad Həsənov ixtisasca mühəndisdir. Hazırda təqaüdçü olan həmsöhbətimiz təsərrüfatla məşğuldur. 4-5 iribuynuzlu mal-qarası, 40 arı ailəsi var. Hər uğurun kökündə zəhmətin dayandığını deyir. Bildirir ki, bu kəndin insanları zəhmətkeşdirlər. Hər kəsin qapısında mal-heyvanı, arı ailəsi var. Dövlətimizə də minnətdarıq ki, torpağımızı əkib-becərməyə, təsərrüfatla məşğul olmağa əlverişli şərait yaradıb. Yeri düşmüşkən, Qıvraq qəsəbəsində, Yurdçu və Qarabağlar kəndlərində gördüyümüz təmizliyi burada da gördük. Rayonun ucqar kəndi olmasına baxmayaraq, burada da lazımi yerlərdə məişət tullantıları qutuları qoyulub və kənddə yerləşən dövlət qurumlarının nümayəndələri ərazilərin təmiz saxlanılması üçün daim sakinlər arasında təbliğat işləri aparırlar.
Dairəvi yolla hərəkət edirik. Növbəti dayanacağımız Təzəkənddir. Yeni quruculuq ünvanları bu kəndin də simasını dəyişib. Kəndin girəcəyində tanış olub söhbətləşdiyimiz Surac Budaqov rabitə işçisidir. Deyir ki, sovet dövründə Təzəkənd və Xıncab ucqar kəndlər olmasa da, həmişə diqqətdən kənarda qalıblar. Kənd sakinləri üçün lazımi şərait yaradılmayıb. Uzun illər kənd camaatı işsizlikdən digər yerlərə üz tutub. Təsərrüfatla məşğul olmağa imkan və şərait olmayıb. Ancaq bizim kəndin sakinləri öz yurdlarına, dəyərlərinə bağlı insanlar olub. Həmsöhbətimiz deyir ki, indi çoxları övladına toy etmək üçün bəzən şəhərə üz tutsa da, bu kəndin insanları toy-düyünü öz qapılarında edirlər. Şükürlər olsun, hər şey yaxşıdır. Dövlətimizə minnətdarıq. Naxçıvanın gündən-günə inkişafı gələcəyə daha ümidlə baxmağa imkan verir. Sonradan söhbətimizə qoşulan 60 yaşlı Çingiz Əliyev də bu fikirlərlə razı olduğunu deyir. O, muxtar respublikada əkinçilərin indi daha rahat şəkildə əkib-becərməyə imkanlarının olduğunu bildirir. Hər il muxtar respublikada kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən müxtəlif addımların atılmasını alqışlayır. Sabaha ümidlə baxan bu sadə kənd sakinləri ilə söhbətimizi bitirib Naxçıvan şəhərinə tərəf üz tuturuq...
Bu da son. Ölkə Prezidentinin 5 il bundan əvvəl imzaladığı sərəncamla yenidən qurulan avtomobil yolunun Kəngərli rayonunun yaşayış məntəqələrini əhatə edən hissəsində hərəkət etdik. Hərəkət etdiyimiz Qıvraq-Qarabağlar-Çalxanqala-Təzəkənd dairəvi avtomobil yolunda yalnız sadə kənd sakinləri ilə görüşüb söhbətləşdik. “Görünən dağa nə bələdçi?” məsəli ilə kəndlərimizin müasir vəziyyətini elə kənardan – yolboyu görüşdüyümüz insanlar və müşahidələrimiz əsasında qələmə aldıq. Gəldiyimiz nəticə bundan ibarət oldu ki, keçmişdə doğma yurdlarına bağlılığı, zəhmətkeşliyi, şücaətləri ilə seçilən kəngərlilər bu ideyaları müstəqil Azərbaycanın onlara bəxş etdiyi müasir imkanlar çərçivəsində indi daha uğurla davam etdirməyi bacarırlar.
Səbuhi Həsənov