24 Dekabr 2024, Çərşənbə axşamı

Təxminən, üç il bundan əvvəl Naxçıvanın brend şəhər kimi tanınması üçün geniş imkanlara malik olduğu haqda bir yazı hazırlamışdım. Yazıda Naxçıvan şəhərinin, ümumilikdə isə muxtar respublikanın ölkəmizdən kənarda tanıdılması üçün brendinq siyasətinin vacibliyindən bəhs etmiş, bu istiqamətdə mövcud imkanlardan düzgün istifadə olunmasının zəruriliyini qeyd etmişdim. Dünya təcrübəsi göstərir ki, turizm mövcud imkanlardan düzgün istifadə edildikdə öz bəhrəsini verir. Əks təqdirdə, nə qədər əmək sərf etsən də, istənilən uğuru qazanmaq mümkünsüzdür.

Əsas mövzuya keçməzdən əvvəl Naxçıvanın nəyə görə brendləşməyə ehtiyacının olduğunu qeyd etmək istərdik. Buna görə də gəlin belə bir suala cavab verək: “Naxçıvan” deyəndə ilk ağlımıza nə gəlir? Təbii ki, bu suala veriləcək cavablar çoxdur. Amma ilk üçlükdə bu diyarın qədimliyi, zəngin tarixi abidələrə malik olması, gözəl təbiəti verdiyimiz cavabların əsasını təşkil edəcək. İndi gəlin digər suala cavab tapaq: məgər dünyanın başqa ölkələrində qədim tarixə, abidələrə və yaxud təbiətə malik yerlər yoxdurmu? Əlbəttə, var. Bəs bu sualları əcnəbilərə versək, necə? Düşünürəm ki, Naxçıvanda olmayan, ancaq bura haqqında ilkin məlumatlara malik olan əcnəbi də yuxarıda səsləndirdiyimiz ümumi cavabları verəcək, yəni konkret ünvanlar haqqında nə isə deməyə çətinlik çəkəcək. Məsələ bir daha bizə aydın olsun deyə, əvvəlki yazıda gedən bir hissəni təkrarən oxucularımızın diqqətinə çatdırırıq: “...Paris dedikdə ilk olaraq ağlımıza nə gəlir? Bəs Venesiya? İstanbul? Nyu-York? Qeyd edək ki, dünyanın bu məşhur şəhərlərinin hər birinin adı çəkilərkən düşüncəmizdə həmin şəhər haqqında müəyyən bir assosiasiya yaranır. Məsələn, Paris dedikdə Avropa aristokratiyasının mərkəzi, məşhur Eyfel qülləsi, Venesiya dedikdə adalar bolluğunda yaradılmış “sevgi və romantika şəhəri”, İstanbul dedikdə möhtəşəm asma körpüləri ilə Avropa və Asiyanı birləşdirən böyük bir meqapolis, Nyu-York dedikdə “göydələnlər şəhəri” və sair düşünürük. Təbii ki, bütün dünya xalqları da qeyd etdiyimiz bu şəhərləri belə düşünür və qəbul edirlər, eyni zamanda adları çəkiləndə onları görmək arzusunu dilə gətirirlər. Çünki qeyd etdiyimiz bu şəhərlər brend şəhərlərdir. Məsələnin mahiyyətinə varmaq üçün bu şəhərlərin birinin – Parisin üzərində təhlil aparaq. Şəhər brendinq haqqında düşüncələrimizə keçməzdən əvvəl Parisin insanların düşüncəsində hansı hiss və fikirləri yaratdığına diqqət edək. Başlayaq Eyfel qülləsindən. Bu qüllə tikilən zaman çoxları bundan narazı idi. Ancaq şəhəri ən gözəl seyretmə nöqtəsi və bənzərsizliyi baxımından bu gün Fransa iqtisadiyyatına milyonlarla avro pul qazandırır. Bundan əlavə, Paris muzeylər şəhəridir və dünyaca məşhur Luvr muzeyi burada yerləşir. İstər məşhur Noterdam kilsəsi, istər şahzadələr sarayı Versal buranı turistlər üçün mükəmməl obyektə çevirir. Paris həm də teatrlar şəhəridir. Şəhərdə fəaliyyət göstərən çoxsaylı teatrlar buranın elit mərkəzə çevrilməsində mühüm rol oynayır. Bütün bu parametrlərinə görə Avropanın bu gözəl şəhəri insanları daim özünə cəlb edir. Vurğulamaq lazımdır ki, brend şəhərlərin “tərcümeyi-halı”nda tarixilik əsas rol oynasa da, sürətli və düşünülmüş iqtisadi tərəqqi bəzən buna kölgə salmağı da bacarır. Məsələn, “yeni şəhər” mənasını verən “Nyu-York”un tikintisinə iki yüz ildən bir az əvvəl başlanılıb. Ancaq mühəndislik möcüzəsinin dünyaya bəxş etdiyi bu şəhər indi çoxlarını təəccübləndirir. Bir zamanlar hindu qəbilələrinin ova getdikləri torpaq cığırların yerində indi dünyanın ən bahalı küçə və prospektləri yerləşir”.

Deməli, buradan belə bir nəticəyə gəlmək olur ki, turistlər üçün əsl maraq getdikləri ölkədə və yaxud şəhərdə yerləşən ünvanların onlar üçün bir hiss, duyğu yaratmalarıdır. Bu duyğunun yaradılmasında əsas rolu isə brendinq siyasəti oynayır. Müasir dövrdə brendə fokuslaşma bir, uzağı iki-üç obyekt üzərində qurulur. Çünki istənilən turist hər hansı bir ölkəyə və yaxud şəhərə bir obyekti görmək üçün gəlmir, getdiyi yerlərdə həmin bölgənin tarixi, mədəniyyəti, dəyərləri və adlarını sadalamadığımız bir çox tərəfləri ilə tanış olmağa maraqlı olur. Naxçıvan qədim tarixi, mədəni zənginliyi, milli və mənəvi dəyərlərə bağlılığı ilə istənilən əcnəbi turist üçün maraqlıdır. Bəs bu maraqlı tərəflərin hansı Naxçıvanın brend­ləşməsində rol oynaya bilər? Tarixi və təbiət abidələri, yeni tikililər, gözəl təbii mənzərələr, yoxsa milli dəyərlər? Təbii ki, bütün bunlar bir-birindən ayrılmaz tərəflərdir. Belə olan təqdirdə Naxçıvanın düzgün brendinq siyasəti bizə daha çox nəyin üzərində düşünməyə imkan verir? Yada salaq ki, bizim Gəmiqaya, Əshabi-Kəhf, Duzdağ kimi yaşı çox-çox qədimlərə gedib çıxan abidələrimiz, yaranışdan bəri bu torpağın köksündən axan mineral bulaqlarımız, tarixi yüz­illərə dayanan memarlıq incilərimiz, yaşı elə tarixin özü qədər qədim olan dəyərlərimiz var. Yəni bu sadaladıqlarımızdan hansı turistlər üçün daha təsirli emosiya mənbəyi ola bilər? Fikrimizcə, məsələyə yanaşmada tarixilik faktoru daha öndə görünür. Belə olan təqdirdə Naxçıvanı digər coğrafi ərazilərdən fərqləndirən əsas amillərdən biri və ən qədimi diyarın Nuh Peyğəmbərlə bağlılığıdır. Çünki Ulu Yaradan bu müqəddəs torpağa öz ilahi hökmünü və dəyərini Nuh Peyğəmbəri məhz burada quruya çıxarmaqla verib. Bəşəriyyətin ikinci dəfə yaranış tarixinin başlanğıcına şahidlik etmiş bu torpaq Naxçıvanın istənilən əcnəbiyə tarixə olduğu kimi və ədalətli baxmaq iddiasından xəbər vermirmi? Onda nəyə görə bu qədim Azərbaycan torpağının ölkəmizdən kənar təbliğində bu əlahəzrət faktdan yararlanmayaq? Həm də nəzərə alaq ki, bunun üçün müəyyən elmi dəlillər və tarixi mənbələr var, son onillikdə dövlət tərəfindən bu sahədə önəmli addımlar atılıb. Məhz bu nöqteyi-nəzərdən Naxçıvanın brend şəhərə çevrilməsində bu tarixi bağlılıq mühüm rol oynaya bilər. Ancaq unutmayaq ki, brend amili özlüyündə kifayət qədər dəqiq, düşünülmüş, müəyyən hədəflərə malik iqtisadi strategiya üzərində qurulur və təbliğ edilir. Bu strategiyanın qurulmasında və inkişaf etdirilməsində elə metodlardan istifadə olunur ki, bu metodların təsiri insanların (yerli və əcnəbi sakinlər) düşüncəsində məxsusi yer tutur. Fikrimizi misallar üzərində izah edək. Məsələn, Rusiya Federasiyasının Rostov-Don şəhərindəki irili-xırdalı yüzlərlə obyektin adında (Don-kafe, Don-market, Don-otel və sair) “Don” sözünə rast gəlmək mümkündür. Və yaxud müasir Peterburqda “Piter” sözü ilə başlayan xeyli ünvanlar var. Bu misalı Türkiyənin, Avropanın bir sıra şəhərlərinə də aid etmək olar. Burada əsas məqsəd şəhərin müvafiq amilə bağlılığını daim insanlara hiss etdirməkdir. Düşünürük ki, Naxçıvanın brend şəhərə çevrilməsi yönündə Nuhla bağlı obyektlərin sayının artırılması bu istiqamətdə ilk addımlardan ola bilər. Məsələn, ötən il Naxçıvan şəhərində “Nuh yurdu” restoranının istifadəyə verilməsi təqdirolunası haldır. Və yaxud Türkiyə Respublikasının İqdır şəhərinə işləyən marşrut avtobuslarının üzərindəki “Nuh yurdu” yazıları hər birimiz üçün qürurvericidir. Xüsusilə Nuhun adını daşıyan yeni ünvanların (otel, ticarət obyekti, park, daxili turizm marşrutu xətti, istirahət kompleksi və sair) yaradılması, “gəzən reklamların” fəaliyyətə başlaması (üzərində Nuhla bağlı reklam yazıları olan daxili nəqliyyat vasitələri) Naxçıvanın Nuh diyarı kimi təbliğində əhəmiyyətli rol oynaya bilər. Çünki “Nuh” adı muxtar respublikaya gələn istənilən əcnəbinin dilində, foto və videokamerasının yaddaşında və yaxud qələm əhlidirsə, yazacağı materiallarda zəruri qeyd edəcəyi terminlərdən olacaq. Bu isə zamanla hər kəsin düşüncəsində Naxçıvanın qədim Nuh diyarı olduğu qənaətini gücləndirən faktora çevriləcəkdir. Yeri düşmüşkən, ermənilər uzun müddətdir ki, Türkiyə Respublikası ərazisində yerləşən Ağrı dağına əsassız iddialar irəli sürürlər. Onlar Ermənistanda istehsal edilən müxtəlif məhsulların üzərində Ağrı dağının emblemindən istifadə etməkdən belə, çəkinmirlər. Çünki tarixi mənbələrdə Nuhun gəmisinin Ağrı dağına dəyib dayanması ilə bağlı faktlar var. Tarixi saxtakarlaşdırmaqda əsl peşəkar olan ermənilər bütün dünyaya öz əcdadlarının birbaşa Nuhla əlaqəli olduğunu çatdırmaq istəyirlər. Biz nəyə görə haqlı olaraq Nuhla bağlı diyarın qədimliyi üzərində Naxçıvanın təbliğini aparmayaq?
Təbii ki, adicə bir məhsulun brendə çevrilməsi bəzən onillərə başa gəlir. Şəhərlər də belədir. Naxçıvanın bu gün turistlərə, ümumilikdə isə dünyaya təqdim edəcəyi çox ünvanları var. Əsas olan odur ki, diyarın sakini kimi hər birimizin bu sahədə əməyi olsun. Naxçıvanın brendə çevrilməsi ona görə vacibdir ki, bu diyarın adı çəkiləndə istənilən əcnəbi tarixin və yaranışın ona çox yaxın olduğunu hiss etsin.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR