Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev tədbiri açaraq son illərdə Şahbuzda sığorta fəaliyyəti sahəsində görülmüş işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta fəaliyyətinin muxtar respublikamızın sosial-iqtisadi həyatındakı rolundan danışıb. Qeyd olunub ki, sığortalı yaşayıb, işləmək müasir insan həyatının mühüm tələbatlarından biridir. Belə ki, cəmiyyətdə sosial həyatın fəallaşması, iqtisadiyyatın dinamik inkişafı müxtəlif sahələrdə sığorta münasibətlərinin genişlənməsinə zəmin yaradır. Vurğulanıb ki, müxtəlif risklər doğuran gözlənilməz hadisələr zamanı insanların sağlamlığına, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatına dəymiş maddi zərərlərə sığorta təminatı verilməsi, son nəticədə, cəmiyyətin ümumi rifahına xidmət edir. Bu baxımdan ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən, vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin və mülki məsuliyyətin icbari qaydada sığortalanması gözlənilməz hadisələrdən dəyən maddi zərərlərin ödənilməsinə etibarlı təminat verir.
Tədbirdə baş vermiş sığorta hadisələri barədə konkret misallar gətirilərək dəymiş zərərlərin ödənilməsi barədə məlumat verilib. Vurğulanıb ki, ötən müddətdə Şahbuz rayonunda bu istiqamətdə xeyli iş görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Rayonda daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən, icbari qaydada sığortanın şamil edildiyi bütün obyektlərin sığortası təmin olunmalıdır. Bu məqsədlə Şahbuz rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Könüllü sığorta növlərindən biri olan kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunan Hikmət Əsgərov bildirib ki, bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Bu sahədə də Şahbuzdakı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Bildirilib ki, kənd təsərrüfatı məhsullarının sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası kimi bütün könüllü sığorta növləri, son nəticədə, gözlənilməz hadisələrə qarşı təminat verir.
Tədbirdə Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Razim Vəliyev və Şahbuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi qrupunun baş dövlət avtomobil müfəttişi Etibar Nağıyev icbari sığortaların vəziyyəti barədə məlumat veriblər.
Tədbirə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurub.
Xəbərlər şöbəsi