Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ordubad rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölüm qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı seminar-müşavirə keçirib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 31 iyul tarixli Fərmanına əsasən, rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması, onların rahatlığının təmin edilməsi, doğum, nikah və ölüm qeydiyyatının daha operativ həyata keçirilməsi məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatını rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, icra hakimiyyətlərinin nümayəndəlikləri aparır.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında icra nümayəndəlikləri üçün seminarlar təşkil edilib və onlar müvafiq normativ-hüquqi aktlarla təmin olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində regionumuzun bütün rayonlarında yerli icra nümayəndəlikləri üçün yeni inzibati binalar tikilib və müasir standartlara uyğun iş şəraiti yaradılıb. Məhz bu diqqət və qayğı nəticəsində Ordubad rayonunun icra nümayəndəlikləri də müasir inzibati bina və iş şəraiti ilə təmin olunublar.
Qeyd olunub ki, yaradılan bu şərait icra nümayəndələrinin üzərinə mühüm vəzifələr qoyur. Hər bir icra nümayəndəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktları qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə nikah qeydiyyatı zamanı müraciət etmiş şəxslərin iştirakı təmin edilməli və tibbi müayinə arayışı ərizə ilə birlikdə alınmalıdır. Hər bir icra nümayəndəsi qeyd olunanlardan nəticə çıxarmalı və fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməlidir.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi