Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il respublikamızda yeni dövrün, sosial-iqtisadi, mədəni həyatda əsaslı dönüşün başlanğıc günü oldu. Həmin vaxtdan başlayaraq Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirilib.
Bu fikirlər iyulun 14-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən “Ulu öndər Heydər Əliyev və Azərbaycan” adlı elmi-praktik konfransda səsləndirilib.
Konfransı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev açaraq “Ulu öndər Heydər Əliyev və Azərbaycanın intibahı” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, dahi şəxsiyyət 1969-cu il iyulun 14-də ilk dəfə respublikaya rəhbər seçiləndən sonra ölkəmizdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılıb. O vaxtdan başlayaraq Azərbaycan ümummilli liderin rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə qərar tutub. Həmin dövrdə Sovet İttifaqında cəmi iki respublika özünü iqtisadi cəhətdən tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri də Azərbaycan idi.
“Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev qeyd edib ki, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına sürətli inteqrasiya prosesinin hazırkı möhkəm təməli məhz ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaradılmış potensiala əsaslanır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın və dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş dahi şəxsiyyətin əsasını qoyduğu siyasi strategiya bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına diqqət daha da artırılıb. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirib”, – deyən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Gülnar Yüzbaşıyeva qeyd edib ki, ulu öndərin bütün həyatı və fəaliyyəti Naxçıvanla daim sıx bağlı olub. Belə ki, birinci dəfə hakimiyyətdə olduğu dövrdə ümummilli lider Naxçıvana 5 dəfə səfərə gəlib, hər səfərində sosial-iqtisadi inkişafla bağlı məsələləri araşdıraraq muxtar respublikanın sənayesi və kənd təsərrüfatının aktual problemlərini diqqət mərkəzində saxlayıb, onların təcili həlli üçün müvafiq qərarlar qəbul edib və bütün zəruri addımları atıb. Nəticədə, Naxçıvan 1970-1980-ci illərdə özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayıb, qısa müddətdə intensiv inkişafa nail olunub.
Sonda tədbir iştirakçıları “Ulu torpaq, ulu öndər” filminə baxıblar, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Xəbərlər şöbəsi