24 Dekabr 2024, Çərşənbə axşamı

Bu gün Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrimizin dünya standartlarına uyğunlaşdırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Bütün bunlarla yanaşı, ölkə başçısının sərəncamları ilə gənclərin ordu sıralarına çağırışı prosesi təkmilləşdirilib, bu sahədə mühüm nəticələr əldə edilib. Həyata keçirilən tədbirlər gənclərin ordu sıralarında nümunəvi  xidmət etmələrinə hərtərəfli şərait yaradıb.

Hazırda respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da gənclərin hərbi xidmətə növbəti çağırışı mütəşəkkilliklə davam edir. İyul ayının 13-də bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nurlan Cəfərov, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri Əli Qəribov çıxış edərək müstəqil dövlətimizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb, hərbi xidmətə yola salınan gənclərə uğurlu yol, nümunəvi xidmət arzulayıblar.
Valideynlər adından çıxış edən Nəriman İsmayılov deyib: “Övlad böyütmək, onu Vətənin müdafiəsinə yola salmaq xoşbəxtlikdir. Hiss edirəm ki, bura toplaşan bütün valideynlər eyni hissləri keçirirlər. Arzumuz budur ki, həmişə sülh olsun, günahsız qan tökülməsin. Ancaq azğın düşmən işğal etdiyi torpaqlarımızdan sülh, danışıqlar yolu ilə çıxmaq istəməsə, bircə yol qalır: müharibə! Əgər belə olarsa, biz valideynlər də silaha sarılıb övladlarımızla birgə torpaqlarımızı azad etməyə yollanacağıq”.
Çağırışçılar adından çıxış edən Ağasif Abbasov artıq Vətənə gərəkli olduqlarından qürur duyduqlarını bildirib, bu etimadı doğruldacaqlarına, hərbi xidmət dövründə verilən bütün tapşırıqları yerinə yetirəcəklərinə, nümunəvi əsgər olacaqlarına söz verib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
…Qara zurnanın qəhrəmanlığa, igidliyə, mərdliyə, cəsurluğa səsləyən sədaları altında rəqs edən çağırışçılar öz sevinclərini onları yola salanlarla bölüşüblər. Sonra gənclər avtobuslara əyləşib hərbi hissələrə yola düşüblər.
Qeyd edək ki, analoji tədbir Kəngərli rayonunda da keçirilib.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR