24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyev özündən sonra təkcə müstəqil, müasir və inkişaf edən bir Azərbaycan yadigar qoymayıb. Həm də Azərbaycanımızın hüsnünü bəzəyən binaların tikintisinə aid sərəncamlar, fərmanlar imzalamaqla gələcəyimiz üçün onlarla tarixi-memarlıq abidələri yaradıb. Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə paytaxt Bakı ilə yanaşı, Naxçıvanda da belə abidələr tikilib.

1980-ci illərdə inşa edilən və indi ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət sarayı, Naxçıvana gələn qonaqların adla soruşduğu “Təbriz” mehmanxanası bu abidələr içərisində xüsusi yer tutur. Bu binalar Möminə xatın, Yusif Küseyir oğlu türbələri kimi Naxçıvan şəhərinin rəmzinə çevrilib.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasının 60 illiyi münasibətilə iki böyük layihəyə imza atır. Naxçıvan Muxtar Respublikasının 60 illiyinin təntənə ilə qeyd olunması üçün nəzərdə tutulan mədəniyyət sarayının və Naxçıvana bu münasibətlə gələcək qonaqların yerləşdirilməsi məqsədilə mehmanxananın inşası o zaman Moskva üçün çox uzaq olan Naxçıvanda böyük hadisə idi. Amma görkəmli dövlət xadimi Heydər Əliyev uzaq Moskvadan rəsmi qonaqları doğulduğu və öz tarixi, keçmişi ilə bütün SSRİ-də ən qədim insan məskəni sayılan Naxçıvana gətirməyə, muxtariyyət tarixini qeyd etməyə razı salmışdı. Amma tikintiyə başlayan zaman ovaxtkı SSRİ Nazirlər Sovetinin qərarı ilə, nədənsə, konkret olaraq mədəniyyət obyektlərinin tikintisi dayandırılıb. Amma yenə də Heydər Əliyev dühası Naxçıvandakı mədəniyyət sarayının gələcək taleyini həll edib. Rəsmi sənədlərdə bu obyekt xoreoqrafiya məktəbi kimi qeyd olunub.
Bu gün Naxçıvan şəhərinə xüsusi yaraşıq verən beşulduzlu mehmanxanaya o dövrdə “Təbriz” adının verilməsi çox böyük cəsarət tələb edirdi. Moskva yaxşı bilirdi ki, Azərbaycan xalqını bir vaxt çar Rusiyası ikiyə bölüb. Bu xalq isə bütün cidd-cəhdlərə baxmayaraq, yenə də öz müstəqilliyini, tarixi kökünə qovuşmağı unutmayıb. Ulu öndər Heydər Əliyev Naxçıvanda inşa edilən ən hündür binaya Azərbaycan dövlətçiliyinin qədim paytaxtlarından biri olan Təbriz şəhərinin adını vermişdi. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevə olan hörmət və onun apardığı uzaqgörən siyasət nəticəsində sovet rejimi bu addan imtina edə bilməyib. “Təbriz” mehmanxanasının tikintisi ilə şəxsən maraqlanan ulu öndər Heydər Əliyev 1982-ci ilin payızında Naxçıvan şəhərində yeni açılan “Cavid poeziya teatrı”nın ilk tamaşasına baxmağa gəlir. Qədimdə Zaviyə məscidi kimi inşa edilən, sonradan isə Pionerlər sarayı kimi fəaliyyət göstərən bina yeni yaradılan teatra verilmişdi. Tamaşadan çıxan ümummilli lider yaxınlıqdakı “Təbriz” mehmanxanasının tikinti sahəsinə gəlir. Ətrafa baxır və dayandığı yeri göstərib deyir: “Burda qədim hamam olmalıdır. Naxçıvan şəhərinin ən qədim Şərq hamamı burdadır. Onu da qazıb çıxarmaq və bərpa etmək lazımdır”. Bu isə daha uzağa hesablanan bir addım idi. İndi bu məkanda qədimliklə müasirlik sanki bir-birilə yarışa girib, hansının daha gözəl və yaraşıqlı olduğunu sübut etmək istəyir. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində orta əsrlər memarlığının nümunəsi olan qədim Şərq hama­mı və yeni memarlıq üslubu “Təbriz” üz-üzə dayanıb. Gələn qonaqları heyrətləndirən bu mənzərə gələcək nəsillərə ünvanlanan məntiqli bir mesajdır.

Səməd Canbaxşıyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR