47 il əvvəl, 1969-cu il iyulun 14-də Azərbaycan tarixində intibah dövrünün əsasını və hərəkətverici qüvvəsini təşkil edən hadisə baş vermiş, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın rəhbəri seçilmişdir. Məhz bu dövrdən başlayaraq bütün Azərbaycan, o cümlədən də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan XX-XXI əsrlərdə sürətli inkişaf dövrü yaşamışdır. Ulu öndər həm respublikamıza 1969-1982-ci illərdəki ilk rəhbərliyi, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb muxtar respublikaya rəhbərlik etdiyi, 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinin başçısı olduğu dövrdəki fəaliyyəti zamanı Naxçıvana xüsusi diqqət və qayğı göstərmişdir.
Azərbaycana ilk rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev Naxçıvana 5 dəfə – 1974-cü ilin fevral və oktyabr, 1978-ci ilin oktyabr, 1980-ci ilin may və 1982-ci ilin oktyabr aylarında səfər etmişdir. Bu səfərlər zamanı ümummilli lider doğma Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni problemləri ilə yaxından maraqlanmış, muxtar respublikanın hərtərəfli inkişafı üçün bütün zəruri addımları atmışdır.
Nəticədə, 1970-1985-ci illərdə muxtar respublikada 21 (1969-cu ildə 1, 1970-1979-cu illərdə 13, 1981-1985-ci illərdə 7) müəssisə tikilib istifadəyə verilmiş, bir neçəsi əsaslı şəkildə yenidən qurulmuşdur. 1985-ci ildə muxtar respublika sənayesi 100-dən çox müəssisə ilə, o cümlədən 50 müstəqil balansda olan iri dövlət müəssisəsi ilə təmsil olunmuşdu. 1980-ci ilin ortalarında təkcə Naxçıvan şəhərində 20 sənaye müəssisəsi, 15 tikinti təşkilatı və 6 təmir-tikinti idarəsi fəaliyyət göstərirdi.
Muxtar respublikada sənaye məhsulu istehsalının ümumi həcmi 1924-cü ilə nisbətən 1984-cü ildə 700 dəfədən çox artmışdı. Sənaye məhsulunun ümumi həcmi 1970-ci ilə nisbətən 1985-ci ildə 4,6 dəfə çoxalmışdı. Azərbaycanın sənaye məhsulu istehsalında muxtar respublikanın xüsusi çəkisi həmin dövrdə 1,1 faizdən artaraq 2,3 faizə çatmış, respublikada olan 16 iri sahəvi istehsal kompleksindən 11-i muxtar respublikada bu və ya digər dərəcədə təşəkkül tapmışdı.
Elektrik enerjisi istehsalı 1970-ci ildəki 0,5 milyon kilovatdan 1980-ci ildə 73,3 milyon kilovata çatdırılmış, 1977-ci ildə Qarçıvan-Naxçıvan dairəvi elektrik xətti istismara verildikdən sonra muxtar respublika fasiləsiz elektrik enerjisi ilə təmin edilmiş, 1983-cü ildə ümumi dəyəri 3 milyon manat olan, 100 kilometrlik, 220 min kilovatlıq 2 ədəd Arazdəyən-Naxçıvan enerji xətti istifadəyə verilmişdi.
1976-1980-ci illərdə muxtar respublikada travertin blok istehsalı 1,8 dəfə artaraq 113 min kubmetr təşkil etmiş, 160 min kvadratmetrdən çox üzlük plitə istehsal olunmuşdu. 1983-cü ildə istehsal olunmuş 27,6 min kubmetr travertinin 10 min kubmetri Moskva, Leninqrad, Daşkənd, Volqoqrad, Ulyanovsk və Soçi şəhərlərinə ixrac edilmişdi. Moskva Dövlət Universitetinin, Kremlin Qurultaylar Sarayının, “Naməlum əsgər” abidəsinin, “Ostankino” teleqülləsinin, Qarşılıqlı İqtisadi Yardım Şurası binasının, “Rusiya” mehmanxanasının və sair nəhəng və məşhur tikililərin inşasında üzlük material kimi Naxçıvan travertinindən istifadə olunmuşdur.
“Badamlı”, “Sirab”, “Vayxır”, “Darıdağ”, “Nəhəcir”, “Gülüstan” mineral suları ölkənin tələbatını ödəməklə yanaşı, 80-ci illərdə 60 faizi yaxın-uzaq ölkələrə ixrac edilirdi. 1980-ci ildə istehsal olunmuş 134 milyon butulka suyun 80 milyonu SSRİ-nin 150-dən çox şəhərinə göndərilmişdi.
1970-1980-ci illərdə 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilmişdir. Bu hesaba əkin dövriyyəsinə daxil edilən torpaqlar xeyli artırılmış, kənd təsərrüfatı dinamik inkişaf yoluna çıxarılmışdır. On il ərzində kənd təsərrüfatının ümumi məhsulu 3,2 dəfədən çox artaraq 1970-ci ildəki 16 milyon 932 min manatdan 1980-ci ildə 54 milyon 389 min manata çatmışdır. Kənd təsərrüfatında əsas istehsal fondları 1970-ci ilə nisbətən 1980-ci ildə 2,4 dəfə artaraq 105,6 milyon manat təşkil etmişdir. 1970-ci ildə Vayxır kəndi yaxınlığında Naxçıvan su qovşağı, 1971-ci ildə Araz, 1977-ci ildə Sirab, 1987-ci ildə Bənəniyar su anbarları tikilib istismara verilmişdir. 1980-ci ildə muxtar respublikada artıq 22 su anbarı var idi.
1971-1980-ci illərdə 580,1 min kvadratmetr mənzil sahəsi istifadəyə verilmiş, nəticədə, 96 min nəfər (hər 3 ailədən biri) yeni mənzilə köçmüş və ya mənzil şəraitini yaxşılaşdırmışdır. 1970-ci illərdə Naxçıvan şəhərində üç mikrorayon tikilərək əhalinin istifadəsinə verilmişdir.
Araz SES, Arpaçay Su Qovşağı, Alt Trikotaj Fabriki, Şüşə Qablar Zavodu, “Sirab” Mineral Sular Zavodu, “Badamlı” Mineral Suyunun Doldurulması Zavodu, Naxçıvan Xalça Kombinatı, Elektrotexnika Zavodu, Quşçuluq Fabriki, Dəyirman Kombinatı, Kərpic Zavodu, Şərur Konserv Zavodu, indiki Heydər Əliyev Sarayı, “Təbriz” mehmanxanası, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Regional Elm Mərkəzi, Respublika Xəstəxanası, Uşaq Xəstəxanası, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Muxtar Respublika Stadionu və onlarla məktəb, məktəbəqədər müəssisələr, kənd təsərrüfatı təyinatlı xeyli obyektlər, ticarət, məişət, sosial-mədəni müəssisələr ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə muxtar respublikanın möhtəşəm inkişaf mənzərəsini yaradan böyük nümunələrdir.
1982-ci ilin noyabrında görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə və Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə irəli çəkilməsi Azərbaycanımızın başını ucaldan böyük və parlaq bir uğur idi. Xalqımızın yenilməz oğlunun bu vəzifədə işlədiyi illərdəki fəaliyyəti də Azərbaycanla sıx bağlı olmuşdur.
Lakin 1987-ci ilin noyabr ayında ümummilli liderimizin həmin vəzifələrdən istefa verməsi ilə ermənilər Azərbaycan torpaqlarına qarşı məlum təcavüzə başladılar. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən faciə zamanı bu faciədə günahkar olanların başı hakimiyyət davasına qarışanda ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bəyanat verərək bu qanlı cinayətin başlıca günahkarlarını qətiyyətlə ittiham etmiş, öz xalqı ilə həmrəy olduğunu bildirmişdir.
1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Аli Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında”, noyabrın 21-də qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında”kı tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin aydın və bariz sübutu idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidi, xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə ulu öndər Heydər Əliyev muxtar respublika Ali Məclisinin Sədri seçilmişdir.
Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün son dərəcə məşəqqətli il olan həmin dövrdə ulu öndər Heydər Əliyev Naxçıvanın düşmən işğalından xilasına nail olmuşdur. Bu dövrdə Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atılmışdır. Qonşu Türkiyə və İranla imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Naxçıvan-Türkiyə “Ümid körpüsü”nün açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynamışdır.
Naxçıvan Muxtar Respublikası Аli Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında qəbul edilən “Zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi haqqında” qərarlar Azərbaycanda yeni dövrün tələblərinə uyğun sonradan ümummilli liderin Azərbaycan Prezidenti olduğu illərdə uğurla bütün ölkədə aparılan və başa çatdırılan aqrar-iqtisadi islahatlаrın başlanğıc mərhələsi olmaqla, о zaman muxtar respublika iqtisadiyyаtının aqrar sahəsinin tam məhvolma təhlükəsini aradan qaldırmışdır.
Bu dövrdə siyasət səhnəsini psevdosiyasətçilərin zəbt etdiyi Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirə biləcək ümummilli siyasi qüvvənin də yalnız Heydər Əliyev şəxsiyyətinin liderliyində yarana biləcəyi artıq hamı tərəfindən qəbul edilən möhkəm həqiqət idi. Bu baxımdan siyasi hərc-mərclik və ölkənin idarəolunmazlığı Yeni Azərbaycan Partiyasının yaranması prosesini sürətləndirmişdir. 1992-ci il noyabrın 5-də ulu öndər Heydər Əliyev partiyanın Təşkilat Komitəsinin, noyabrın 21-də isə Azərbaycanın nüfuzlu ziyalılarının və xalqın bütün zümrələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmiş və ulu öndərin müstəqil dövlət quruculuğu konsepsiyasını uğurla reallaşdırmasında bu partiya ümummilli liderimizin əsas siyasi istinadgahı olmuşdur.
Tarixi zərurət – birbaşa xalqın tələbi, respublikada yaranmış böhranlı şərait, ölkənin оzamankı rəhbərlərinin siyasi səbatsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, torpaqlarımızın böyük bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin iyununda görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıtmasını zəruri etmişdir. Məhz Onun müdrik siyasəti nəticəsində respublikadakı hərc-mərclik aradan qaldırılmış, vətəndaş müharibəsinin, Azərbaycanın parçalanmasının qarşısı alınmışdır. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf etmişdir. 1996-cı, 1999-cu və 2002-ci illərdə dörd dəfə muxtar respublikamıza səfər edən ulu öndər Heydər Əliyevin hər gəlişi müasir Naxçıvanın inkişafına yeni bir töhfə olmuşdur.
Böyük öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Naxçıvanı həm düşmən təcavüzündən qorumuş, həm də qurub-yaratmış, ona yeni nəfəs vermişdir.
Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada 2015-ci ildə ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 56,4 dəfə artaraq 2 milyard 467 milyon 422 min 400 manat təşkil etmişdir. 1996-cı ildən 1 yanvar 2016-cı ilədək olan dövr ərzində muxtar respublikada 536 inzibati bina, 170 nasos stansiyası, 403 subartezian quyusu, 162 körpü, 356 elm və təhsil müəssisəsi, 421 mədəniyyət müəssisəsi, 253 səhiyyə müəssisəsi, 44 idman obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ötən dövr ərzində muxtar respublikamızda 4 qəsəbə mərkəzi, 125 kənd mərkəzi istifadəyə verilmişdir.
Müasir nəsil Azərbaycanda ümummilli lider Heydər Əliyevin siyasi epoxasının başlandığı günü – 1969-cu il iyulun 14-nü növbəti dəfə qeyd edərkən nurlu adı Azərbaycanla sinonimə çevrilmiş dahi liderimizin öz Vətəni üçün gördüyü cahanşümul işləri qədirbilənliklə xatırlayır, o cümlədən naxçıvanlılar torpağımızın hər bir qarışında onun silinməz imzasını görür, bugünkü Azərbaycanın və Naxçıvanın möhtəşəm inkişaf simasının məhz Onun əsasını qoyduğu dövlətçilik siyasəti ilə bağlı olduğunu dərindən dərk edir və öz unudulmaz rəhbərini böyük ehtiramla yad edirlər.
Elman Cəfərli
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
tarix üzrə fəlsəfə doktoru