24 Dekabr 2024, Çərşənbə axşamı

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşmüşdür. Məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılmışdır. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir. 

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə öz xalqına ləyaqətlə xidmət etmək nümunəsi göstərmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövrünə qədər, xüsusilə ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı strukturlarının günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkə­mizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmır, ölkəmiz bunun üçün, necə deyərlər, “məqbul” sayılmırdı. Nəticədə, İkinci Dünya müharibəsindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, buna görə də əli iş tutanların bir qismi çörəkpulu dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Bundan başqa, Azərbaycanın keçdiyi tarixi yol da saxtalaşdırılır, xalqın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğinə və yaşadılmasına qadağalar qoyulur, yetişən gənc nəsil yad ideologiya altında tərbiyə edilirdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründəki bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət yaradılmış süni maneələrə sinə gərərək Azərbaycan xalqının milli əsaslar üzərində inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Fəaliyyəti ilə ulu öndər sübut etmişdir ki, xalqımız yalnız müstəqilliyini qazanaraq öz azadlığına qovuşa bilər. Müstəqilliyi əldə etmək üçünsə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycanı Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikasından ən inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. Dahi şəxsiyyət Azərbaycanı xammal istehsalçısından müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Onun səyləri nəticəsində 1969-1982-ci illərdə ölkəmizin müxtəlif regionlarında yaradılmış yeni müəssisələr bu gün də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına əsaslı zəmin yaradır.

Ulu öndərimiz həmin dövrdə həyata keçirilən tədbirlərin mahiyyətini sonralar belə izah edəcəkdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.

Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyəti, həyata keçirdiyi tədbirlər elmi araşdırmalara, xüsusi təhlilə ehtiyac yaradan məsələlərdir. Yalnız bu halda görkəmli dövlət xadiminin xalqımız qarşısındakı xidmətlərinə layiqincə qiymət vermək mümkündür. Ancaq bu fakt aydındır ki, ulu öndərimiz öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderin ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkə­miz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.
Qeyd etmək lazımdır ki, 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. XX əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaratmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Bir faktı da qeyd edək ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş böyük cəsarət, siyasi müdriklik nümayiş etdirmiş, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ulu öndərimizin milli dəyərlərin qorunması, milli şüurun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışarkən demişdir: “Ötən əsrin 70-ci illərində baş vermiş proseslərin təhlili göstərir ki, ulu öndərimiz genişmiqyaslı maarifçilik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir”.
Ümummilli liderimizin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəbə və hərbi akademiyaya təhsilə göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi. Məhz ulu öndərin bu uzaqgörən addımı nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə milli hərbçi kadrların hazırlanması ikinci dəfə müstəqillik qazanan Azərbaycanda milli ordumuz üçün zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
Azərbaycanın 1969-cu ildən başlanan inkişafı Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuşdur. Naxçıvan şəhərində Şüşə və Alüminium Qablar zavodları, Alt Trikotaj Fabriki, Tütün Fermentasiya və Ət-Süd kombinatları, Ordubad və Şərur rayonlarında konserv zavodları tikilərək istifadəyə verilmişdir. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə 250-dən çox müxtəlif təyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunmuş, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində 35 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Muxtar respublikanın şəhər, rayon və kənd­lərində məktəb binaları, xəstəxanalar, suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə 20-dən artıq su anbarı tikilmişdir.
Ümumilikdə, 1969-1982-ci illərdə Heydər Əliyev iqtisadi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında əldə olunmuş nailiyyətlər, toplanmış potensial və təcrübə müstəqillik illərində ölkə iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynamışdır və yenə oynayır. Bu baxımdan dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin inkişafı sahəsində qazanılmış nailiyyətlər olmasaydı, müstəqilliyin ilk illərində ölkəmiz üzləşdiyi ağır vəziyyətdən bu qədər asanlıqla çıxa bilməzdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolu Heydər Əliyev quruculuq xəttidir. Buna görədir ki, xalqımız 1993-cü ildə ümummilli liderimizi təkidlə respublika rəhbərliyinə dəvət etmişdir. Əgər xalqın tələbi ilə ulu öndərimizin ali hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Sevindirici haldır ki, əsası 1969-cu ildə qoyulmuş milli inkişaf konsepsiyası bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürər­kən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə aparır. Artıq Azərbaycan bu gün regionda söz sahibi olan, iqtisadi qüdrətinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxan ölkədir. Bu, 1969-cu ildən başlanan Azərbaycanı Azərbaycana qaytarmaq yolunun real bəhrəsidir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR