Ulu öndərimiz Heydər Əliyev milli dəyərlərimizə daim qayğı göstərmişdir. Bu dəyərlər içərisində ən böyüyü, ən ülvisi Ana dilimiz – Azərbaycan dilidir. Ana dili milli varlığımızı şərtləndirən ən mühüm və başlıca amildir; dil varsa, millət də mövcuddur, dil yoxsa, millətin varlığından söhbət gedə bilməz.
50 milyonluq insanın doğma dili olan Azərbaycan dili hazırda dünyanın ən inkişaf etmiş dillərindən biridir. Çünki bu dilin dövlət dili statusu, mükəmməl yazılı və şifahi ədəbi nitq formaları vardır. Məlumat üçün deyək ki, dünyada mövcud olan altı min dildən yalnız 225 dilin yazılı forması mövcuddur və həmin dillərdən ancaq 109 dilin dövlət dili statusu vardır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dili, belə demək mümkünsə, dünyanın ən xoşbəxt dillərindən biridir. Əlbəttə, Azərbaycan dili indiki səviyyəyə çatmaq üçün çox çətinliklərlə qarşılaşmışdır. Xüsusilə onun dövlət dili statusu məsələsi uzun mübarizələrin nəticəsində, yalnız xalqımızın tarixə bəxş etdiyi dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində mümkün olmuşdur. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilərkən dahi rəhbər Heydər Əliyevin ciddi səyləri və qətiyyəti sayəsində həmin Konstitusiyanın 73-cü maddəsində ilk dəfə Azərbaycan dilinin statusu müəyyən edilmişdir. Bu, dövlətçilik tariximizdə dilimizin dövlət dili statusu sahəsində aparılan mübarizələrdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı ən möhtəşəm, ən nadir qələbələrin birincisi və ən vacibi idi. Çünki bu tarixə qədər dilimizin statusunun müəyyənləşməsinə bir neçə dəfə təşəbbüs göstərilsə də, onların hamısı uğursuzluqla nəticələnmişdi.
Müstəqillik əldə etdikdən sonra ulu öndərimiz ölkəmizdə mükəmməl dil siyasəti həyata keçirərək bunu dövlət siyasətinin üzvi tərkib hissəsinə çevirmişdir. Dilimizin böyük təəssübkeşi müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci – “Dövlət dili” maddəsində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Yeri gəlmişkən qeyd edək ki, hazırda dünya dillərinin bir-birini sıxışdırıb aradan çıxarması, dillərin məhv olması prosesi gedir. Təhlükəyə Məruz Qalmış Dillər üzrə Tədqiqat Mərkəzinin məlumatına görə, hər il 10 dil ünsiyyət vasitəsi olmaq funksiyasını itirir.
Dahi rəhbər Heydər Əliyev ölkəmizdə dilimizin qorunması, tətbiqi, tədqiqi sahəsində möhtəşəm tədbirlər həyata keçirmişdir.
18 iyun 2001-ci ildə ulu öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tarixi Fərman imzalamışdır. Fərmanda görüləcək işlər konkret olaraq diqqət mərkəzinə çəkimiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Doqquz maddəni özündə əks etdirən fərmanda dil sahəsində yerinə yetirilməsi vacib olan bir sıra məsələlər: Dövlət Dil Komissiyasının yaradılması, dil qanunu layihəsinin hazırlanması, latın qrafikalı yeni əlifbaya keçidlə bağlı işlərin 1 avqust 2001-ci ilədək yekunlaşdırılması, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi keyfiyyətinin yaxşılaşdırılması, kitabların latın qrafikalı əlifba ilə yenidən çap olunması, Azərbaycan dilçiliyi üzrə elmi araşdırmaların yenidən planlaşdırılması, reklam, plakat, lövhə, şüarlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinə uyğunlaşdırılması, xarici kino və televiziya materiallarının Azərbaycan dilinə çevrilib dövlət dilində nümayiş etdirilməsi, çap məhsullarının və kargüzarlıq işlərinin 2001-ci il avqustun 1-nə qədər latın qrafikasına keçirilməsinin təmin olunması və nəhayət, dövlət dilinə qarşı təbliğat aparılmasının və bu kimi halların qarşısının alınması üçün məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsinin hazırlanması kimi çox mühüm məsələlər öz əksini tapmışdır.
9 avqust 2001-ci il tarixdə müdrik rəhbər Heydər Əliyev “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman imzalamışdır. Həmin fərmanla latın qrafikalı yeni Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq hər il avqust ayının 1-nin Azərbaycan Respublikasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunması rəsmiləşdirilmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə Dövlət Dil Komissiyası tərəfindən hazırlanan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ulu öndər tərəfindən 30 sentyabr 2002-ci ildə təsdiq olunmuş, 2 yanvar 2003-cü il tarixdə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman verilmişdir.
3 fəsil, 20 maddədən ibarət olan bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayan tarixi sənəddir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 13 yanvar 2004-cü il tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli sərəncamları ölkəmizdə dil siyasətinin uğurla davam etdirildiyini göstərən dövlət sənədləridir.
Dilimizə hörmət və ehtiram Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə özünü göstərir. Dilimizin şərəfinə Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmış, reklam və lövhələr dil qanununun tələbləri səviyyəsində tərtib edilmiş, vaxtilə ayrı-ayrı şəxslər tərəfindən yol verilən yanlışlıqlar aradan qaldırılmışdır. Bir sözlə, Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin dil siyasəti layiqincə və uğurla həyata keçirilməkdədir.
Sonda onu qeyd etmək istəyirik ki, dilimiz yaşadıqca millətimiz var olacaq, millətimiz var olduqca ümummilli liderimiz, dahi siyasi xadim, qüdrətli və nadir şəxsiyyət Heydər Əliyevin ideyaları da yaşayacaqdır.
Akif İmanlı
professor