24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2016-cı ilin ilk 6 ayı ərzində tikinti və istehsal müəssisələri üçün təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin olunması və həmin vasitələrdən istifadə edilməsi, həmçinin işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.
Xidmətdən verilən məlumata görə, qeyd olunan dövrdə işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 32 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 41 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 84 işçi isə həmin vasitələrlə yerində təmin olunub.

Cari ilin 6 ayı ərzində işəgötürü­lən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 336 sahibkarlıq obyektinə baxış keçirilib, 196 işçi ilə yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 865 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub. Həmçinin nəzarət zamanı “İstehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icbari sığorta müqaviləsi bağlanmadığı aşkar edilən 196 işçinin siyahısı müvafiq tədbirlər görülməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə göndərilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti aparılacaq meydançalarda müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılmasına nəzarət məqsədilə, ümumilikdə, 29 tikinti sahəsinə baxış keçirilib və müvafiq akt tərtib olunaraq həmin tikinti sahələrində inşaat işlərinə başlanmasına razılıq verilib.
Məlumatda o da bildirilir ki, kadr işləri və əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığını artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda 3, “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda 1 maarifləndirici kurs təşkil olunub.
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə istehsalat xüsusiyyətləri nəzərə alınmaqla, 6 müəssisədə əməyin mühafizəsi üzrə bilik və peşəkarlığın artırılması məqsədilə maarifləndirici seminarlar təşkil edilib, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair maarifləndirici slaydlar hazırlanıb, seminar iştirakçılarına əməyin mühafizəsinə dair yaddaş kitabçaları təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR